Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, parlament sədri Oqtay Əsədov və başqa rəsmilər alim Lütfi Zadənin nekroloqunu yayıb. Qeyd olunur ki, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) sentyabrın 6-da vəfat edib: “Lütfi Zadə 1921-ci il fevral ayının 4-də Bakı şəhərində anadan olub. O, ibtidai təhsilini 16 saylı məktəbdə alıb, on yaşında ailəsi ilə birlikdə İrana köçərək 1930-cu illərdə Tehranda təhsilinə davam edib, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Lütfi Zadə 1944-1959-cu illər arasında Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktor elmi dərəcələri alıb, 1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilib, 1963-cü ildən bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərib.
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə dünya elmi fikrinə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürüb. Yeni texnologiyalara güclü təsir göstərməklə həmin nəzəriyyələr diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsaslarının yaradılmasını təmin edib, müasir idarəetmə elminin bünövrəsini qoyub. Bir sıra araşdırma mərkəzləri idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq edir və layihələndirir.
Alimin ardıcıl tədqiqatları nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz buraxıb və yeni yanaşma üsulları meydana gətirib. İnformasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açan və sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilən nəzəriyyə nəhəng elektron şirkətlərində özünün geniş tətbiqini tapıb. Hazırda sənayenin bəzi sahələri məhz qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanır. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olublar.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad edilən alimlər sırasındadır. Onun yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Berkli şəhərində alimin şərəfinə İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılıb.
Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülüb, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanıb.
Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycanlı olması ilə qürur duyan və gənc yaşlarından vətənin hüdudlarından çox-çox uzaqlarda yaşasa da, ürəyi həmişə doğma yurdu ilə bir döyünən Lütfi Zadə Azərbaycanın mədəniyyətə, elmə dərin ehtiram göstərilən ölkəyə çevrilməsi yolunda atılan hər addımı alqışlayıb, burada informasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqət yetirilməsindən məmnunluğunu ifadə edib.
Dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq. Allah rəhmət eləsin!”