Sinif yoldaşları (2)
- 22 Avqust 2017
- comments
- Novator.az
- Posted in ManşetTribuna
“Sinif yoldaşları” povesti anti-utopik psixoloji triller janrındadır. Hadisələr XXIII əsrdə cərəyan edir. Bir zamanlar bir sinifdə oxumuş məktəblilər 10 ildən sonra yenidən məzun olduqları məktəbdə görüşürlər. Bir neçə saat davam etməsi nəzərdə tutulan görüş həyatlarının sınağına çevrilir. Kiçik bir diqqətsizlik nəticəsində məktəbin fövqəladə hallar üçün nəzərdə tutulan sığınacağında dustaq olurlar. Bir-birindən fərqli 20 insan qapalı məkanda yaşamaq uğrunda mübarizəyə başlayır. Bu mübarizə onları həm tanınmaz hala salacaq, həm də əsl üzlərini meydana çıxaracaq. Artıq onların qarşısında bircə məqsəd var: sağ qalmaq. Məqsədə hansı yolla çatdıqlarının isə heç bir fərqi yoxdur.
Povestin əvvəlini buradan oxu: Sinif yoldaşları (1)
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
Yadlaşmış doğmalar
2
20 sentyabr, 2205
Əziz gündəliyim,
Bu gün “insan” adlı əcaib məxluqun nə dərəcədə qəddar ola biləcəyini bir daha anladım. Bir-birlərini qarışqa kimi əzməyə çalışan bu vəhşilər özlərinin də həmin qarışqalardan fərqlənmədiklərini unudurlar. Axı hər bir insanı əzmək mümkündür. Gücdən böyük güc var…
Tənəffüsdə məktəbin həyətində tək-tənha gəzirdim. Həmişəki kimi… Qəfil eşitdiyim səsdən səksəndim. “Şeytan triosu” yenə kimisə qəhqəhə atəşinə tutmuşdu. Yavaş-yavaş səs gələn tərəfə doğru addımladım. Onları tapan kimi küncdə gizlənib müşahidə aparmağa başladım.
Trio Səfərlə Diyarı dövrəyə almışdı. Bu iki maymağın sifətində qorxu və narahatlıq var idi. Torpaq Səfərin yanağına bir şillə çəkdi. Ardınca eynisini Diyara tətbiq etdi. Sonra ard-arda ikisini də şillələməyə başladı. Dumanın tapşırığı ilə onları daha da alçaltmaq üçün məhz üzlərinə vururdu. Tunar isə şaqqanaq çəkib gülürdü. Vəziyyətdən o dərəcədə həzz alırdı ki, rəngi qıpqırmızı olmuşdu. Nəhayət, Torpaq onlara dayanmaqlarını əmr etdi. Üzünü zərərçəkənlərə tutaraq, “Gedirsiniz, ya yox?”, – deyə soruşdu. İkisi də bir ağızdan gedəcəyini bildirdi. Üzlərini çevirib getmək istəyərkən, Tunar Diyara arxadan təpik vurdu və “Get, Bədheybət, get! İmtahandan 4 alsam, səndən biləcəyəm! Gələn dərsə qədər cavabları gətir!”- deyə qışqırdı.
Bəli, düz başa düşdün. Zəif gördükləri üçün onları təhdid, hədə-qorxu ilə imtahanın cavablarını oğurlamağa yollayırdılar. Seçdikləri məkan da ideal idi. Ağacların arasında, heç bir kameranın izləmədiyi bir küncdə idilər.
Sinfə qayıtdım. Nə edəcəyimi bilmirdim. Dumanın əməllərini məktəb rəhbərliyinə bildirimmi? Amma bunun nə mənası var? Onsuz da Sabah müəllimə Dumanın tərəfini saxlayacaqdı.
Diyar və Səfər dərsə gecikdilər. Üzlərinə baxanda anladım ki, məqsədlərinə nail olublar.
Onlara yazığım gəlir… Bu dərəcədə şəxsiyyətsiz və mənliksiz olmağı necə bacarırlar? Hər dəfə Duman və dəstəsi onları alçaldır, təhqir edir, döyür, amma qarşılıq vermirlər. Onların tapşırıqlarına əməl edirlər. Axı niyə? Üsyan edib itirdikləri mənliklərini geri qaytarmaq ağıllarına belə gəlmir. Hərdən fikirləşirəm ki, elə buna layiqdirlər. Amma… Bəs insanlıq? Zəifi əzməklə qazanılan qələbə nə dərəcədə dəyərlidir?
Görəsən böyüklərin dünyası da bu qədər qəddardırmı? Vaxt gələcək ki, insanları zorakılıqdan, çirkinlikdən, vəhşilikdən çəkindirəcəyəm. Bunu necə edəcəyimi hələ bilmirəm, amma vaxtı çatanda biləcəyəm. Bütün bunlar əvvəl-axır sona çatmalıdır! Dünyada bu qədər dəhşət və vəhşət var ikən görəsən Tanrı haraya baxır?!
3
– Bəs nəyə görə ərzaq belə azdır? – Adnan Afşindən soruşdu. – Sığınacaqlar axı uzun müddət yaşamaq üçün nəzərdə tutulub.
– Hələ cüzi yekun işləri qalıb. İsitmə və soyutma sistemləri, mətbəx natamamdır. Tam başa çatandan sonra kifayət qədər ərzaq və geyimlə, həmçinin digər avadanlıqlarla təmin ediləcək, – Afşin dedi.
– Bəs onda buradakı ərzaq kimin üçündür?
– Burada işləyənlər üçün nəzərdə tutulub. Bəzən elə olur ki, mütəxəssislər və ya fəhlələr səhərə qədər burada qalırlar. Onlar üçün qoyulub.
Sinif yoldaşları bir-bir otaqları gəzir, vaxtın necə keçdiyini bilmirdilər. Bayaqdan “5 dəqiqə” deyib duran Afşin belə ona tuşlanan suallar qarşısında özünü diqqət mərkəzində hiss edirdi deyə artıq 20 dəqiqədən çox idi ki, içəridə olduqlarının fərqinə varmırdı.
Sığınacaq yerin altına doğru enən 4 mərtəbədən ibarət idi. Ən yuxarıda zal, yeməkxana, mətbəx, kitabxana, istirahət otaqları, ondan aşağıdakı iki mərtəbədə yataq otaqları və vanna otaqları yerləşirdi. Ən aşağı mərtəbə isə böyük bir anbar idi.
Dəfnə klaustrofobiyadan əziyyət çəkirdi. Ona görə də “sığınacaq” sözünü eşitmək belə ürəyinin sıxılmasına səbəb olurdu. Məktəb sığınacağı olduqca nəhəng bir imarəti xatırladırdı. Lakin Dəfnə bir anlıq belə olsa, yerin altında olduğunu unuda bilmirdi. Hər cür şəraitlə təmin olunsa da, bura ona boğucu, darıxdırıcı və darısqal gəlirdi. Halbuki havalandırma sistemi qaydasında idi və otaqlar kifayət qədər geniş idi.
– Burada aylarla yaşamaq mümkündür. Hər cür şərait var. – Onlara bələdçilik edən Afşin dedi.
Dəfnə sığınacaqda aylarla yaşamağın necə olacağını təsəvvüründə canlandırmağa çalışdı. Günlərlə təmiz havaya, ağaclara, quşlara, təbiətə, yaxınlarına həsrət qalmaq, tanımadığın onlarla insanla birlikdə burada taxılıb yaşamaq… Yəqin ki, insan özünü siçan yuvasındaymış kimi hiss edər. Bu fikirdən Dəfnənin ürəyi sıxıldı. Bir anlıq ona elə gəldi ki, sığınacaq getdikcə balacalaşır. Sanki bu qocaman imarət kənardan nəhəng, dəmir bir məngənə tərəfindən yavaş-yavaş sıxılırdı. Bu gedişlə bir azdan sığınacaq içərisindəki adamlarla birlikdə yerlə yeksan olacaqdı…
***
Qəfildən eşidilən güclü partlayış səsləri Dəfnəni fikirdən ayıltdı. Hamı yerində dik atıldı. Təəccüblə sağa-sola boylanmağa, nə baş verdiyini anlamağa çalışdılar. Elə bu vaxt sığınacağın geniş, dəmir qapıları avtomatik olaraq bağlandı və kilidləndi. Sual dolu nəzərlərini müəllimin sözündən çıxmayan qorxaq məktəblilər kimi Sabah müəllimənin üzünə tuşladılar. Bayaqdan özünün əngin biliklərini gənclərlə bölüşən Afşin də qorxudan əsirdi.
İçəridə quraşdırılan cihazlar bayırdakı səsləri olduğu kimi ötürürdü. Bir anın içərisində meydana çıxan və aramsız davam edən partlayışlar, güllə səsləri, bir-birinə qarışan ah-nalələr sanki yanlarında baş verirdi. Tezliklə hamıya məlum oldu ki, məktəbə gözlənilmədən hücum olub. Səslər ölənlərin sayının çox olduğunu deməyə əsas verirdi. Terror bu dəfə məsum uşaqları özünə hədəf seçmişdi. Dəfnə atılan qumbaraların minlərlə parçaya böldüyü balaca məktəbliləri gözünün qarşısına gətirdi. Məhv olan gələcəklər, həyatlar, arzular… Ömrü boyu qəlbinə yumruq kimi dəyən ağrı ilə yaşamağa məhkum olan yaxınlar…
– Yox, nə olar, öldürmə məni! – Bayırdan yalvarış səsləri eşidildi. Səs lap yaxından gəlirdi. Bəlkə də həmin uşaq idman zalında idi. – Bu gün ad günümdür. Yalvarıra…
Bum! Səs kəsildi.
Hər kəs müqəvva kimi donub qalmışdı. Heç kəs barmağını belə tərpətməyə cürət etmirdi. Sanki tərpənsələr yuxarıdakılar səslərini eşidəcəkdi və o günahsız insanlarla eyni aqibəti bölüşəcəkdilər. Lakin bayaqdan böyük fəxrlə sığınacağın xüsusiyyətlərini sadalayan Afşinin sayəsində bunun mümkün olmadığına əmin idilər.
Bir müddət sonra aralarında çaxnaşma düşdü. Elina tir-tir əsir, gözlərində yaş parıltıları görünürdü. Səda anasına, anası da Afşinə qısılmışdı. Bəxtlərinin nə dərəcədə gətirdiyini idrak etməkdə çətinlik çəkirdilər. Doğru zamanda, doğru yerdə idilər. Axır ki, Afşin sükutu pozdu:
– Qorxmayın. Bura heç kəs girə bilməz. Heç sığınacağın yerini və hazır olduğunu belə 2-3 nəfərdən başqa bilən yoxdur.
– Tanrının sevimli bəndələri imişik, – Adnan dedi.
– Qapı avtomatik bağlanır demişdin. Bayırdan heç cür açmaq mümkün deyil? Qumbara, bomba ilə partlatmaq olar? – Duman nə dərəcədə təhlükədə olduqlarını anlamaq istəyirdi.
– Narahat olma, qapını bayırdan dünya dağılsa da, aça bilməzlər. – Afşin dedi. Elə həmin andaca simasına sanki bir qaranlıq çökdü. Duman da onun həyəcanını hiss etdi:
– Nə oldu?
– İçəridən də qapını açmaq olmur.
Eyni anda bir neçə ağızdan heyrət və qorxu nidaları eşidildi.
– İçəri girəndən sonra qapını kartla bağlayırlar. Uzağı 5-10 dəqiqəlik girdiyimizə görə qapını açıq qoymuşdum. Lakin bu qapılar fövqəladə hal, partlayış-filan olarsa, avtomatik olaraq kilidlənməyə uyğun nizamlanıb. Məndəki kartda öz-özünə kilidlənən qapını açmaq funksiyası yoxdur. Bunun üçün başqa kart lazımdır. – Afşin səsi əsə-əsə dedi.
– Nə?! Bəs bizi buradan necə çıxarmağı fikirləşirdin? – Çiçək Afşinin üstünə çəmkirdi.
– Belə olacağını haradan biləydim ki? Tahirə xəbər verə bilərəm. Onun da giriş kartı var. Gəlib bizi çıxara bilər.
– Tahir kimdir? – Elinanın arxasında gizlənmiş Arzu soruşdu. Balaca qız anası ilə müqayisədə daha təmkinli görünürdü.
– O da mühafizəçidir. Ona demişdim sizinlə bura gəldiyimi. Əgər sağdırsa…
– Əəə, məzələnirsən? Bu həngamədə adam qalar?! – Duman bayaqdan daxilində boğduğu vəhşini azadlığa buraxdı.
Afşin son bir ümidlə ratsiya ilə əlaqə qurmağa çalışdı: “Tahir eşidirsən? Tahir, hardasan? Nə baş verir?” Heç bir cavab gəlmədi.
Afşin başını qaldırıb qorxa-qorxa ona tuşlanan gözlərə nəzər yetirdi. Hamıdan daha çarəsiz görünürdü. Çünki vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu təkcə o dərk edirdi.
Duman yumruqlarını sıxıb dayanmışdı. Afşinin bir çıxış yolu tapmasını gözləyirdi. Onun köməyindən əli üzülən kimi üstünə atıldı. Afşin iri cüssəli və güclü olsa da, bu gözlənilməz hücum qarşısında yerə sərildi. Tunarla Torpaq başda olmaqla, hər kəs onları ayırmağa çalışırdı. Nəhayət, 4-5 nəfər birləşib birtəhər iki yekəpər oğlanı ayırmağa müvəffəq oldu. Sabah müəllimə onları və ümumiyyətlə hamını təmkinli və səbirli davranmağa səslədi.
– Onsuz da yuxarıda vəziyyət təhlükəlidir. İstəsək də çıxa bilmərik. Gərək azı 5-6 saat gözləyək. Sonra bir yolunu taparıq. Narahat olmayın. Əsas odur ki, təmkinimizi qoruyaq, – dedi. Üzünə baxanda bilinirdi ki, öz dediyinə özü də şübhə edir.
Sinif yoldaşları zalda toplaşıb oturdular. Hamı sanki bir neçə dəqiqədən sonra bayıra çıxacaqmış kimi sakitcə gözləyirdi. Dəfnə sonralar həmin vaxtı xatırlayanda o ümidli vəziyyətlərinin nə qədər sadəlövh olduğunu anlayırdı. Lakin o sadəlövhlük bir çox məqamda onları səbirli və dözümlü olmağa sövq edirdi.
Doğma məktəb uzun illəri birlikdə keçirməyə məcbur olan sinif yoldaşlarını növbəti dəfə qoynuna almışdı və buraxmaq istəmirdi. Budur! Həyat labirinti onları dolaşığa salmış və yenidən burada toplamışdı. Sinif yoldaşları illər sonra yenə bir-birlərinə məhkum olmuşdular.
(Ardı var)