Seymur KAZIMOV
Jurnalistika fakültələrinə daha bir qabiliyyət imtahanı keçirildi, jurnalist olmaq istəyənlərin bir qismi inşa yazaraq növbəti mərhələyə adladı.
Qabiliyyət imtahanı sovet dövrünün məhsulu olsa da, 2014-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) və Mətbuat Şurası bu ənənəyə qayıtmağı lazım bildi. Çoxsaylı müzakirə və debatlar aparıldı, sonda qabiliyyət imtahanının tətbiqinə qərar verildi.
70 il sovet təsiri altında yaşamış Azərbaycan kimi ölkələrdə media hər zaman təbliğat-təşviqat funksiyasını yerinə yetirib. Bunun nəticəsidir ki, sovet jurnalistikasının funksiyalarına cəmiyyəti əyləndirmə, maarifləndirmə, məlumatlandırma daxil idi. Sual yaranır: jurnalist əyləndirmə və maarifləndirmə ilə məşğul olursa, o zaman teatr, kino, konsert zalları, sirk və orta, ali məktəblər nə işlə məşğuldur? Eyni məntiqi biz digər peşə sahiblərindən də tələb etməliyik. Məsələn, diş həkiminin pasiyentin dişini çəkərkən ona lətifə danışıb əyləndirməsi kimi. Sovet dövründə yaşayanlar bilir ki, o vaxtlar əksər ixtisas sahəsi üzrə özfəaliyyət dərnəkləri olurdu, yəni zəhmətkeşlərin asudə vaxtının səmərəli təşkil olunması üçün onları müxtəlif dərnəklərə cəlb edirdilər.
Qərb, əsasən ABŞ mediasını analiz etdikdə, redaktorlar və jurnalistlərlə söhbət apardıqda jurnalistikanın yalnız cəmiyyəti informasiya ilə təmin etmək funksiyasının olduğu qənaətinə gəlirsən. Doğrudur, bu yalnız xəbər janrına aiddir. Qərb mediasında da oçerk tipli (feature story) janrlar var. Amma bu, sovet dövründə, elə indinin özündə də qəhrəmanın yalnız müsbət keyfiyyətlərini, guya onun hiss və həyəcanını vermək kimi xarakterizə olunmur.
Əyləndirmə, maarifləndirmə bütövlükdə jurnalistikanın deyil, media vasitələrindən televiziya və radionun funksiyaları ola bilər. Televiziya və radioda informasiya buraxılışları ilə yanaşı kino, musiqi, ədəbi-dram verilişləri və başqa proqramlar da təqdim olunur. Təbii ki, buraya sırf xəbərçiliklə ixtisaslaşmış media daxil deyil.
Bunların hamısı tələbə fakültəyə qəbul olduqdan sonra öyrədilməlidir. Qabiliyyət imtahanı tərəfdarlarının əsas arqumenti budur ki, bu imtahana girənlər əsl jurnalist olmaq istəyənlərdir. Məsələ bundadır ki, istənilən ixtisasa daxil olan abituriyent özlüyündə bir materialdır. Tələbəyə düzgün istiqamət verilsə, o, yaxşı cilalansa, doğru və müasir biliklərlə təmin olunsa, peşəyə rəğbəti daha çox olar.
2014-cü ildə jurnalistika tədrisində sovet dövrünün ənənəsinə qayıdılması müəyyən narazılıqlara əsas verir. İnşa yazmaq bacarığı nə üçün jurnalistikaya qəbul üçün prioritet sayılmalıdır? Təbii ki, 11-ci sinfi bitirmiş abituriyentdən beynəlxalq standartlar, peşə etikası kodeksi, faktların yoxlanması və başqa buna oxşar məsələlər barədə bilgi tələb etmək doğru olmazdı. Amma onun “Qarabağ Azərbaycanın musiqi beşiyidir” mövzusunda inşa yazarkən “bizim əsgərlərin ruhu hələ də o əraziləri gəzir” tipli cümlə işlətməsi də yüksək intellektin göstəricisi sayıla bilməz.
Azərbaycan ali məktəblərinin jurnalistika fakültələrində peşə sirlərini uzun illərdir nəzəriyyəçilər tədris edir. Buna görə də jurnalistika tədrisində proqramın 80 faizindən çoxu nəzəriyyəyə köklənib. Fakültələrdə praktik müəllimlərin sayının az olması, ya da ümumiyyətlə olmaması tələbələrin peşə vərdişlərinin auditoriya, yaxud ali məktəb laboratoriyaları çərçivəsindən kənara çıxmaması ilə nəticələnir. Əslində tələbə tədris proqramı ərzində zamanının 50 faizini ali məktəb divarlarından kənarda keçirməlidir. Bunun qısa formulu belədir: tələbə bir neçə gün auditoriyada olur, nəzəri bilikləri mənimsəyir və küçəyə çıxır. Fənn müəllimi ilə yalnız praktiki tapşırıqları həyata keçirəndə görüşür, ondan məsləhət alır, suallarını verir, problem yarandıqda həll yollarını axtarır və s. Qısası, jurnalistika auditoriyaları xəbər otağına çevrilməlidir. Jurnalistika peşə olduğu qədər həm də elmdir. Bu elmi öyrənmək üçün inşa, publisistika əsas baza sayılmamalıdır.
Praktiki müəllimləri və ya mütəxəssisləri jurnalistika fakültələrindən qaçaq salan faktorlardan biri də onların fakültədaxili məsələlərə çox cəlb olunmasıdır. Buraya daha çox administrativ işlər daxildir – onlar iclaslarda iştirak etməlidirlər, imtahan yoxlanışlarına nəzarətçi kimi dəvət oluna bilərlər, tədris planını mütləq Təhsil Nazirliyinin vahid proqramına uyğunlaşdırmalıdırlar, jurnalların yazılmasına həssas yanaşmalıdırlar və s. Məsələyə belə yanaşdıqda qabiliyyət imtahanı yeganə çıxış yolu, prioritet kimi görünə bilər. Jurnalistika isə faktdır, reallıqdır.
Əslində, fakültədə tam azad və sərbəst atmosfer hökm sürməlidir. Jurnalistika təkcə yazı-pozu deyil, həm də cəsarət tələb edən peşədir. Öz problemlərini açıq deməyi bacarmayan, peşəkar müzakirə və mübahisələrə cəlb olunmayan tələbə gələcəkdə cəmiyyətin problemlərini işıqlandıra bilməyəcək. Ən yaxşı jurnalistika cəmiyyətə xidmət edir.
Jurnalistika peşəsi sırf praktiki əhəmiyyət daşıyır və mütəmadi yenilənir. Buna görə də bu ixtisasın tədris proqramlarını “ağır çəkili generallar” deyil, “daim hərəkətdə olan əsgərlər” hazırlamalıdır. Tədris proqramı və peşəkarlar hətta jurnalist olmaq istəməyənlərdə də maraq yaratmağı bacara bilər. Jurnalistikanın əsasında dayanan faktorlardan biri məhz MARAQdır. Hədsiz maraq jurnalist üçün ən yaxşı keyfiyyətlərdən biridir. Əsl jurnalist ətrafda baş verən hər şeylə maraqlanır. Əlinə düşən hər bir materialı oxuyur. Onu detallar maraqlandırır və həmişə də “NİYƏ” sualına cavab axtarır. Buna cavab tapanda isə tez bir zamanda başqaları ilə bölüşməyə can atır. Nəticədə inşa, poeziya, publisistika və digər buna oxşar məsələləri özündə birləşdirən qabiliyyət imtahanına gərək qalmır.
Bu il 3 inşa mövzusu təqdim olunub. Onlardan biri belədir: “Əsl jurnalist necə olmalıdır?” Maraqlıdır, görəsən, neçə nəfər əsl jurnalist xarakterini təhlil və təsvir edə bilib? Məsələn, əsl jurnalist qiymətli hədiyyələr qəbul etməlidirmi?
Müəllifin başqa yazıları: