Gecikmiş etiraf (Hekayə)
- 18 Avqust 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Aynur MƏSİMOVA (TƏMKİN)
O, sanki kimdənsə qorxurmuş kimi yeyin-yeyin gedir, üz tutduğu mənzilə tələsirdi. Doğulub boya-başa çatdığı məhəllədə özünü yad kimi hiss edir, qonşularla üz-üzə gəlməkdən çəkinirdi. O, bu anlarda hər kəsdən uzaq durur, qapıldığı iç dünyasından çıxmaq istəmirdi. Qəfil dəyişən həyatı onun qara saçlarını ağartmış, qəddini əymişdi. Heç zaman xətt düşməyən alnında qırışlar dərin iz salmış, gözlərinin altı torbalanmışdı.
Dəmir darvazanın qarşısında bir xeyli dayandı. Əlləri əsə-əsə açarı çıxartdı. Amma qapını açmağa cəsarət etmədi. O, İlahəsiz bu həyətə necə girəcəyini heç zaman xəyal belə etməmiş, onu itirəcəyi qorxusunu heç zaman duymamışdı. Qəfil hənirti onu təlaşlandırdı. Açarı buraraq özünü içəri atdı. İlahi, çöldəki həyatla bu qapıdan içəridəki həyat nə qədər fərqli idi. Məhəllədəki hüzn, sükunət ölümün amansızlığını, ayrılığın qəddarlığını qulağına pıçıldayaraq onun qəlbini parçaladı. Qəhəri içini yandıraraq hülqumunda ilişdi qaldı. Ağır-ağır evə doğru gəldi.
Payız girsə də, çöldə ağaclar hələ yaşıl donunu dəyişməmişdi. Həyətdəki ağaclar isə sapsarı, qızılı xəzana boyanaraq yarpaqlarını tökməyə başlamışdı. Başını qaldırıb qonşu həyətlərə boylandı. Şayəstə xalanın, Məmməd dayının, Azərgilin həyətindəki ağaclar yamyaşıl idi. Gözləri yenə sulandı. Deməli, həyət-baca da İlahəsiz bu həyatdan küsüb üz döndərmişdi.
Toz basmış pilləkəndə oturdu. Gözlərinin qarşısına İlahənin cansız bədəninin düşüb qalması gəldi. Qulaqlarında oğlunun tükürpədici çığırtısı cingildədi. Təcili yardım həkiminin başını yelləməsiylə onun sakit həyatı məhv olmuşdu. İlahəylə bərabər onun həyatı da birdəfəlik qara torpağa gömülmüşdü. O an ömrünün bitdiyini, hər şeyin boş olduğunu anlamışdı. Ağlamaq istəmişdi, ancaq bacarmamışdı. Çığırmaq istəmişdi, səsi çıxmamışdı. Uzun yol boyu İlahənin nəşinə baxaraq, bir möcüzə olmasına dua edərək, İlahənin ruhuyla danışa-danışa ata yurduna gəlmişdi. Qaynanasının məzlum baxışlarını, qızının ağlamaqdan şişib qızaran gözlərini gördükdə hər şeyin bitdiyinin fərqinə varmışdı. Nə möcüzə olacaqdı, nə də İlahə duracaqdı. İlahə məzara endirildikdə sanki ruhu bədənindən uçaraq onunla məzara gömülmüşdü.
Quşların haray-həşirli səsi onu xəyallardan ayırdı. Ağır-ağır qalxaraq evə girdi. Mətbəxin qarşısında ayaq saxladı. Həmişə təmiz olan otaqda yasdan sonra hər şey yerini dəyişmişdi. Acı-acı gülümsədi. İlahə sağ olaydı, mətbəx də bu hala qalaydı…
İçəri girdi. Böyük bədənnüma güzgünün qarşısında bir xeyli dayandı. İlahə kefinin saz vaxtında güzgünün qarşısında zümzümə edərək, qısa vurulmuş saçlarını darayaraq gözücü Asəfə baxıb dodaqaltı gülümsərdi. O da onun üzündəki bu təbəssümləri görər, amma zavallı İlahəsinə bircə dəfə də olsa xoş nəsə deməz, onu, üzə vurmasa da, qəlbdən incidərdi. Bəzən kefi kök olanda “sən rus qızlarına oxşayırsan, ay İlahə” deyərək ona sataşardı. Həqiqətən İlahə bəstəboy, sarışın, alagöz bir xanımdı. Çox xeyirxah və həlim xasiyyətliydi. Həkim yoldaşları da, xəstələri də ona hədsiz ehtiram göstərər, sevərdilər. “Sevərdilər” – deyə pıçıldayaraq böyük zala girdi. Gözləri ilk öncə pəncərələrə ilişib qaldı. Pərdəsiz aynalar yenə onu xəyal dünyasına apardı. İlhə pəncərələrə pərdə vurmaqdan zövq alar, tez-tez ona sataşardı. “Neyləyim, gəlim də, gödək arvad almağın sonu budur də” – deyərək qadını hirsləndirərdi. İlahə bu sözlərdən çox üzülər, amma heç zaman büruzə verməzdi. “Bilirsən, Asif, kobudluğa nə var ki. Mən incimirəm, ona görə ki, ölüm qaşla-göz arasındadır. Qorxuram incidərəm, başına bir iş gələr, özümü bağışlaya bilmərəm”.
Belə idi İlahə. İndi o yalnız fotolarda, düşüncələrdə, sönük kadrlarda qalmışdı. Asəf İlahənin yanında olmasından ötrü nələri verməzdi: indi, bu dəqiqə, bu an, bu dəqiqə. Divanda əyləşdi. Nəzərləri o divardan bu divara, o otaqdan bu otağa sürüşdü, gəzdi. Baxışları pianinoda ilişib qaldı. Sərin yay gecələrində İlahənin körpələrə həyat verən barmaqları şirmayı dillər üzərində gəzər, xoş musiqi sədaları otağa dolar, o isə xoşhal olsa da, bircə kərə də ona bir şey söyləməzdi. Amma bu dil, bu dodaq layiq olmaya-olmaya neçə qadına şirin sözlər pıçıldamış, neçə qadının qulağını oxşamışdı. “İlahə, kaş yanımda olaydın. Səni nə qədər sevdiyimi, həsrətini çəkdiyimi, sənin üçün darıxdığımı, isti nəfəsinin həsrətini çəkdiyimi söyləyə biləydim. Kaş yanımda qalaydın. O zaman başımı dizlərin üstə qoyub uşaq tək yatardım. Ala gözlüm, mən sənin qədrini bilə bilmədim”.
Tappıltıyla nəsə aşdı. Tez durub o yan-bu yana boylandı. Heç nə yoxdu. “Bəs bu səs haradan gəldi?” – deyə öz-özünə sual verdi. Səs bir də təkrarlandı. Aha, deyəsən, pianinonun içində siçan vardı. Ehtiyatla qapağı qaldırdı. Gözləri bir şey görmədi. Qapağı endirmək istəyəndə baxışları barabanların arasında qalan göy üzlüklü dəftərə sataşdı. Demək, səs buradan gəlirmiş. Dəftəri açdı, çaşdı. İlahənin hamıdan gizlətdiyi dəftər indi onun dizləri üstdə idi. Bir-bir oxumağa başladı. Səhifələri çevirdikcə, yazıları oxuduqca qəhərləndi. Burada nələr var idi, ilahi! Onun fikir vermədiyi, görməzliyə vurduğu, hətta unutduğu hadisələr hafizəsində oyanmağa başladı. Oxuduqca günlərlə ürəyini deşən göz yaşları sel kimi axmağa başladı. Hamının bəxtəvər bildiyi İlahənin qəlbi acılarla doluymuş. Sən demə, o, bu günə qədər İlahədən xəbərsiz imiş.
Yazıları oxuduqca sağlam bildiyi İlahəsinin qəfil ölümünü anlayır, özünə nifrət edirdi. Sonuncu vərəqə çatdıqda kəlmələr ox olub sinəsinə batdı. Sözlər ürəyini parçaladı. Sanki İlahə Asəfin qarşısında oturmuş, onunla söhbət edirdi:
– Asəf, nədənsə düşünürəm ki, aramızda yaş fərqi çox olmasına baxmayaraq mən tez öləcəm. Bilirəm, ürəyində üzüləcəksən. Daha gecdir. Səni ittiham etmirəm. Buna haqqım yox. Mən kiməm ki, Tanrının hüzurunda. Sənə nifrət etmirəm. Bəlkə səni əvvəlkindən çox sevirəm. Doğru yazıram. Sevirəm. Niyəsini düşünmə. Çünki mən özüm də bilmirəm. Bəlkə də ilk və son məhəbbətimsən, ona görədir. Ancaq yalnız sevirəm. Daha güvənmirəm. Mənim sənə hiss etdiyim böyük etibar da, güvən də sənin mənə xəyanət etdiyin gün öldü. Mən istədim, ancaq sənə nifrət edə bilmədim. Hətta o qadına belə nifrət etmədim. Çünki şəhvətin əsiri olan bir qadının ancaq Allahın əfvinə ehtiyacı var. Mən həmin gün sənin heç bir kişidən fərqin olmadığını anladım. Bilirəm, oxuduqca üzülürsən. Özünə nifrət edirsən. Etmə. Nədənsə ürəyimə damıb. Tez öləcəm. Çünki ruhumun, qəlbimin usandığını hiss edirəm. Sanki ölüm mələyi mənim bu yorğun ruhumun orada dincələcəyini mənə söyləyir. Mən övladlarımdan, anamdan doymamışam. Onların mənsiz neyləyəcəklərini düşündükcə çox yaşayacağıma söz verirəm. Oğlumu evləndirəcəm, qızımı köçürdəcəm, hərəsindən bir nəvə də görəcəm. Amma nə qədər çox yaşasam da, o qədər yaşayacağımı düşünmürəm. Evlən, Asəf, lap o qadınla evlən. Bircə övladlarını sənsiz buraxma. Qayğını əsirgəmə. Səndən sonuncu ricam. Bəlkə də bunu yazandan iyirmi-otuz il sonra öləcəm. Bilmək olmaz, hər şey Tanrının əlindədir. Xahiş edirəm ölüm tarixini o tarixə yazma. Deyəcəksən niyə? Çünki mən bu gün, sən mənə xəyanət etdiyin gün öldüm. Yazsan yalnız bu tarixi yaz..
Artıq dinməyən, sızıldayan yarası qopdu. Bağıra-bağıra, hönkürə-hönkürə ağladı. İçini didib gəmirən günah hissi qarşısı alınmayan sel kimi tüğyan etdi. O yalnız indi anladı İlahənin gözlərinin dərinliyindəki hüznü. Dizlərini qucaqlayıb sayıqlayırdı: “Sən özün söz verdiyin kimi evləndirdin, köçürtdün, sonrasa öldün. Məni isə cəhənnəmin odunda diri-diri yandırdın günahlarımın içində naçar qoydun. Mən düşünmüşdüm ki, sən hər şeyi unutmusan. Sən demə, mən bu qədər vaxtı kor-xudpəsənd biri olmuşam. Bağışla məni, İlahəm, bağışla. Sənin intiqamın ağır oldu, solğun çiçəyim mənim!”
Öz səsinə, ağlamağına ayıldı. Gün çoxdan qüruba enmiş, həyat sanki sönmüşdü. Səssiz-səssiz pillələri endi. Dəftəri ağac dibinə basdıraraq, İlahənin xatirəsini, incidilmiş qadın qürurunu, divarlara hopmuş nəfəsini burada qoyaraq çıxdı. Gecənin səssizliyində bir kölgə gedirdi. Çiynində günahları, ruhunda xəcaləti daşıyan kölgə. Qulaqlarında İlahənin səsi, qəlbində onun sevgisi, ağır-ağır addımlayırdı. Düşüncələri tar-mar, fikirləri qarışıqdı Asəfin. O, bu dəqiqə ölmək istəyir, səssiz-səmirsiz itmək istəyir, amma bunu da bacarmırdı. O, bir dəfə, yalnız bir dəfə etdiyi səhvin ağırlığı altında əzilir, özünü lənətləyirdi. Lakin İlahənin övladlarını ona tapşırması sanki əlini-qolunu bağlayır, möhkəm dayanmağa məcbur edirdi. O, indi diriykən ölü bir varlıqdı. Bir anlıq hisslərinin əsirinə çevrilməsi onun vicdanına sağalmaz dağ basmışdı, həyatını parça-parça edərək lazımsız, gərəksiz bir insana çevirmişdi.
O, asta-asta gedərək gecənin zülmətində əridi, günahları içində yox olub sonsuzluğa qarışdı. Amma İlahəsizliyə yalnız iki ay dözə bildi. Verdiyi sözü tuta bilməyərək, səhərə yaxın əbədi gözlərini yumdu.
İki ağ bulud sanki rəqs edirmiş kimi göy üzündə dövrə vuraraq bir-birinə qarışdı. Qəfildən göydən yerə iki damla yağış düşdü. Asəfin nəşini məzara endirənlər çaş-baş qaldılar. Ancaq anlamadılar ki, bu, göydə bir-birinə qovuşan iki insanın ruhunun təzahürü, “əbədi” ləkələnmiş əbədi bir eşqin son işartısıdır.
Müəllifin başqa yazısı: