Mayın 27-də mərhum yazar Mövlud Mövludun “Çətirsiz” kitabının təqdimat mərasimi keçirilib.
M.F.Axundov adına Milli Kitabxananın açıq kitabxanasında baş tutan tədbirdə yazıçılar, ədəbiyyat xadimləri, jurnalistlər, eləcə də Mövlud Mövludun vaxtilə çalışdığı “Gündəlik Teleqraf” media holdinqinin kollektivi iştirak edib.
Kitabı Azərbaycan Yaradıcılıq Fondu nəşr edib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən gənc yazar, Yaradıcılıq Fondunun Aparat rəhbəri Qismət Rüstəmov kitabın hazırlanması ideyasının necə yaranmasından danışıb. O, bundan sonra Mövlud Mövludun daha iki kitabının hazırlanacağını deyib: “Kitabların hazırlanmasını müzakirə edərkən belə qərara gəldik ki, nəşrlərdən biri Mövludun hekayələri, biri esselərinin toplusu, üçüncüsü isə onun haqqında yazılan xatirə yazılardan ibarət olsun. İlk kitabı bu gün təqdim edirik. Kitabın adı hesab edirəm ki, həm Mövludun xarakterini, həm də yaradıcılığını ifadə edir. Bu kitabların çap olunması ideyası yaranandan müxtəlif təşkilatlar dəstək olmağa çalışır. İlk kitab Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə çap olundu”.
Kitabda çap olunan hekayələri bir yerə toplayan Kəramət Böyükçöl Mövlud Mövludla bağlı xatirələrini bölüşüb: “Bakının az qala hər küçəsinin Mövludla bağlı xatirəsi var, hətta indi kitabının təqdimatını keçirdiyimiz bu küçənin də. Mövludun daha iki kitabını çap edəcəyik. Bu kitabların çapı üçün maddi və mənəvi dəstək olmaq istəyənlər çox oldu. Hər birinə təşəkkür edirik”.
Yazıçı Səfər Alışarlı bildirib ki, tədbirin məqsədi sadəcə Mövludun kitabını təqdim etmək deyil, həm də intihara “yox” deməkdir: “Hesab edirəm ki, Mövlud etmək istədiklərinin çoxunu gerçəkləşdirə bilmədi. Buna görə də biz hər dəfə Mövludu yad etməklə həm də intihara qarşı çıxmalıyıq”.
Yazar Şərif Ağayar bu kitabdakı hər bir hekayədə oxucunun Mövludun ürək döyüntülərini hiss edəcəyini bildirib: “Bu hekayələrin bir yerdə toplanmasına dəstək olduqlarına görə Azərbaycan Yaradıcılıq Fonduna təşəkkür edirəm. Mövludun həmişə işıqlı xatırlanmasını istəyirəm. Hesab edirəm ki, o özünü 17-ci mərtəbədən atmayıb, əksinə, göylərə uçub”.
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı Mövludun yüzlərlə insanı bir yerə toplayacaq qədər dəyərli bir şəxs olduğunu deyib: “Elə bir saat olmur ki, mən Mövludu xatırlamayım. Onun kimi yaradıcı insanın ölümü bizim üçün böyük sarsıntı oldu. Mövlud üçün bura toplaşan bütün dostlarını uduzmuş hesab edirəm. Çünki biz onu həyatda saxlaya bilmədik. O yazmaq istədiklərini yaza bilmədi. Buna ya vaxtı çatmadı, ya həyat, ya da psixoloji zədələri imkan vermədi. Mən onun yerini həmişə yüksəklərdə görürəm. Onun sonu da elə yüksəklikdə oldu. Bu gün isə Mövludun ən böyük arzusu həyata keçib, onun kitabı çap edilib. Hesab edirəm ki, Mövlud indi də bizim aramızdadır”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Mövludun istedadlı və hadisələrə fərqli baxışı olan bir insan olduğunu deyib: “Arzu edirəm ki, onun yaradıcılığından oğlu Ucala da pay düşsün. Fikrimcə, bundan sonra cəmiyyətdə intiharların qarşısını almaq üçün iş aparmalıyıq. Belə dəyərli, istedadlı insanlarımızı qorumalıyıq”.
Millət vəkili Fazil Mustafa isə istedadlı şəxslərin xatirələrini yaşatmağın cəmiyyətin bütövlüyündən xəbər verdiyini bildirib: “Tarixən cəmiyyət istedadlı insanlara sahib çıxmayıb. Mövludun itkisi bir istedad itkisidir. Bundan sonra onun yaradıcılığını qorumaq isə cəmiyyətin borcudur”.
Tədbirdə Mövlud Mövludun başqa qələm dostları, tanışları da çıxış edib, xatirələrini bölüşüblər.
Mövlud Mövlud bu il martın 16-da 28 yaşında faciəli şəkildə dünyasını dəyişib. “Çətirsiz” mərhum yazıçının ilk kitabıdır. Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun yadigarı, 2 yaşlı oğlu Ucala bağışlanacaq.