Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekoloji QHT-lərin nümayəndələri Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı həvəskar balıqçıların sosial şəbəkədə qaldırdığı məsələni araşdırıb.
Nazirlikdən Novator.az-a verilən məlumata görə, 31 mart-4 aprel tarixlərində Qaradağ və Salyan rayonları ərazisində, Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsinədək olan sahədə reyd keçirilib.
Nazirlik bildirir ki, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi reyd zamanı su hövzəsində balıqçı torlarının qurulması və balıq ovlanması faktlarına rast gəlinməyib: “Lakin Baş Şirvan Kollektorunun sularında bağlanmış vəziyyətdə 2 ədəd istifadəyə yararsız və 1 ədəd qismən yararlı taxta qayıq aşkar olunub. Eyni zamanda balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 30 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsilə qismən alındığı müəyyən edilib. Balıq ovu alətləri olan 6 ventil və 1 ədəd tor yandırılaraq məhv edilib, su axınının qarşısını alan 30 ədəd dəmir tros kəsilib.
Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən naməlum şəxs tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına müqavimət göstərib, atdığı daşla avtomobilin ön hissəsinə zərər yetirib. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətt” xidmətinə məlumat verilib və Salyan Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüblər”.
Qeyd edək ki, Baş Şirvan Kollektorunun Qaradağ rayonu ərazisindəki hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun istifadəsindədir və bu kollektorlarda qızıl balıqların və nərəkimilərin artırılması sahəsində vətəgə tipli stansiyalar fəaliyyət göstərir. Oradan mövsümə uyğun olaraq dənizdə, kanalda nərəkimi və digər növ törədici ana balıqların tutularaq zavoda təhvil verilməsi məqsədi ilə istifadə edilir.