Aprelin 8-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtda mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) baş tutub. Saat 15-dən 17-dək davam edən mitinqin əsas şüarı “Talana son, monarxiyaya yox, siyasi məhbuslara azadlıq” olub.
Mitinqi AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn aparıb. Aksiyada AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.
Sonda AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Turan İbrahim mitinqin qətnaməsini oxuyub. Qətnamədə bildirilir ki, ölkə siyasi və sosial-iqtisadi baxımdan fəlakətə sürüklənir, indiyədək yürüdülən talan siyasətini daha rahat davam etdirmək üçün ailə hakimiyyəti möhkəmləndirilir, siyasi məhbus problemi kəskinləşir. Qətnamədə hakimiyyətdən sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün real tədbirlər görmək, faktiki monarxiya yaratmaq siyasətindən imtina etmək, nəhayət, islahatlara başlamaq və siyasi məhbusları təcili azad etmək, xarici siyasətdə Avropaya inteqrasiya kursu seçmək tələb olunur.
Aksiya insidentsiz ötüşüb.
Milli Şura 2013-cü ildə yaradılıb. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Oqtay Gülalıyev, Şahvələd Çobanoğlu, Tofiq Yaqublu, Rövşən Əhmədli, Gözəl Bayramlı, İbrahim İbrahimli və başqa müxaliflər təmsil olunurlar.