
İtkin neftçiləri axtaran qərargahdan yeni məlumatlar
Dövlət Dəniz Administrasiyasında Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə yaradılmış qərargah yeni məlumatlar yayıb. Qeyd olunur ki, aprelin 6-sı Xəzər dənizində meyiti tapılmış şəxsin “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlu olduğu müəyyən edilib.
Ötən il dekabrın 15-də güclü külək Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin Xəzər dənizindəki bir estakadasını dənizə uçurmuş, 10 neftçi batmış, bu il aprelin 6-dək 7 şəxsin meyiti tapılmışdı.
Novator.az bildirir ki, aprelin 9-da qərargahın yaydığı son məlumata əsasən, axtarış əməliyyatları nəticəsində dənizdə daha bir naməlum kişi meyiti aşkarlanıb. Tapılan şəxsin estakadanın uçması zamanı itkin düşən neftçi olub-olmadığı müəyyənləşdirilir.