Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda törədilmiş partlayışla bağlı yeni bilgilər yayılıb.
Aprelin 3-ü yerli vaxtla saat 14:30-da “Sennaya ploşad” və “Texnologiya İnstitutu-2” stansiyaları arasında partlayış baş verib. “Ploşad Vosstaniya” stansiyasına qoyulmuş partlayıcı qurğu isə zərərsizləşdirilib.
Novator.az bildirir ki, aprelin 4-də yayılan rəsmi məlumata görə, terror aktında 11 nəfər həlak olub, 51 nəfər xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Sankt-Peterburqda üç günlük matəm elan olunub. Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə cinayət işi qaldırıb.
Partlayışda bir azərbaycanlı həlak olub, bir azərbaycanlı isə yaralanıb.
Həlak olan Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi, 20 yaşlı Dilbər Əliyevadır. O, yaralı halda Canelidze adına Elmi-Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Amma Dilbərin həyatını xilas etmək mümkün olmayıb.
Partlayışda yaralanmış 1989-cu il təvəllüdlü azərbaycanlı Zaur Müşfiq oğlu Vəliyev hazırda Canelidze adına Elmi-Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur.
Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev APA-ya deyib ki, Zaur Vəliyev cərrahiyyə şöbəsindədir, vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Elşən Həmzəyev Zaur Vəliyevin Sankt-Peterburq sakini olmadığını, bura Oryol şəhərindən gəldiyini söyləyib.