Rusiya alimlərinin fikrincə, günəşdən bol enerji alan apatit minerallar vasitəsilə yeri və havanı çirklənmədən qorumaq mümkündür.
Apatit mineralın kristalları prizmatik, iynəvari və sütunvarı olur. Onun yaşıl, qonur, bənövşəyi, boz növləri var. Fosfor gübrəsi kimi və əlvan metallurgiyada istifadə edilir.
Novator.az-ın məlumatına görə, alimlər apatit mineralları günəş enerjisi ilə qidalandırmaqla yerdəki mühiti, havanı və su hövzələrini zərərli, ağır metallardan təmizləməyi düşünürlər.
Son illər bu yöndə xeyli təcrübə aparılıb və uğurlu nəticələr əldə olunub. Apatit çirklənməyə həssasdır və zərərli maddələri özündən saf enerji vasitəsilə uzaqlaşdıra bilir. Bioenerjisi güclü olan bu mineralın fotokatalizator mənşəyi ona ətraf mühitin qoruqçusu olmaq imkanı verir. Apatit mineral sözün əsl mənasında çirklənən mühitə əsl maneədir. Çirkli havanın, sulara axıdılan tullantıların, xüsusilə neft tullantılarının və plastik materialların canlılara, balıqlara, quşlara vurduğu ziyanın qarşısını almaqdan ötrü alimlər apatitlərdən istifadəni vacib sayırlar.
Hələ neçə il qabaq rus alimi Vladimir Bıstrov sağlam orqanizm və təmiz gen formalaşması naminə apatitlərdən istifadə olunmasını təklif etmişdi.
Son dövrlər bu məqsədlə təcrübələrin həyata keçirildiyini deyən mütəxəssislər müxtəlif sintetik apatitlər hazırladıqlarını və bunlardan birinin hidroksiapatit olduğunu vurğulayırlar. Bu apatit xüsusən tibdə – ağır qanaxmada, protezlərin düzəldilməsində, sümük xəstəliklərinin müalicəsində, eləcə də xəstənin bədəninin qorunmasında istifadə edilir.
Təcrübələrə görə, apatitin kristallarına o vaxt günəş şüaları hopur ki, onun atom kütləsi oksigenlərini itirir, bəzi molekulları parçalanır, bu zaman onu təqib edən ortofosfor turşusu maddəsi də yoxa çıxır və apatit yenidən özünü saf enerji ilə sürətlə bərpa edir. Bu proses zamanı apatit hətta uzaq məsafədən enerji qəbul etmək gücündə olur.
Ultrabənövşəyi apatitlər günəş şüalarına daha çox həssas olduğundan hazırda onun da üzərində intensiv iş gedir. Alimlər deyirlər ki, ultrabənövşəyi apatitlər atmosferin ozon qatının saf hava kütləsi ilə qidalanır.
Mütəxəssislər bildirirlər ki, apatitlərin elmə verəcəyi yeni töhfələr əvəzsizdir və bu minerallar yer üzündə günəş spektrinin cazibəsində olmaqla ancaq saf enerji qəbul edəcək.
Mütəxəssislərin gəldiyi nəticəyə görə, apatitdən tək təbiətin və havanın çirklənməsinə qarşı deyil, digər sahələrdə də istifadə edilə bilər.