Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri əsasında hansı partiyanın nə qədər mandat alacağı hesablanır.
İlkin rəsmi nəticələrə görə, parlamentə dörd siyasi qüvvə düşüb. Prezident Serj Sərkisyanın liderlik etdiyi hakim Respublika Partiyası 49,12% səslə qalib olub, Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın liderlik etdiyi Sarukyan bloku 27,32% səs alıb, üç müxalif partiyanın yaratdığı “Yolk” bloku 7,77%, Respublika Partiyasının hakimiyyət ortağı olan Daşnaksütun Partiyası 6,57% səs yığıb.
Parlamentdə təmsil olunmaq üçün partiyalar 5%, bloklar 7% səs toplamalıdır.
Konstitusiyaya əsasən, parlament azı 101 nəfərdən ibarət olmalıdır. Ana qanuna görə, hökuməti parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.
Novator.az bildirir ki, aprelin 2-də seçilən parlament 105 nəfərlikdir. İlkin hesablamalara görə, Respublika Partiyası 58, Sarukyan bloku 31, “Yolk” bloku 9, Daşnaksütun Partiyası 7 mandat əldə edir. Beləliklə, Respublika Partiyası təkbaşına hökumət qurmaq hüququ qazanır.