“Sonuncu zəng” jurnalist Zabil Müqabiloğlunun son yazısıdır.
Zabil Müqabiloğlu bu il fevralın 26-da vəfat edib. 1977-ci ilin noyabr ayının 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olan Zabil Müqabiloğlu Bakı Asiya Universitetinin jurnalistika fakültəsinin məzunudur. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatda çalışıb. “525-ci qəzet”də, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Son iş yeri təsisçisi olduğu Gunxeber.com saytı idi. “Sonuncu zəng” 2017-ci ilin yanvar ayının 29-da Gunxeber.com-da dərc olunub.
Ruhu şad olsun!
Bu günlərdə 24 ilə yaxındır yaşadığım, bir neçə rayondan məcburi köçkünlərin məskunlaşdığı Pirşağıdakı “Məşəl” düşərgəsinə işıq kəsənlər gəlmişdi.
Söhbət məcburi köçkünlərə güzəştlərin vahid müavinətlə əvəz olunması üçün işıq, qaz və digər sayğacların quraşdırılmasından gedirdi. Camaatın buna etirazına mən də çıxdım və orda nələr baş verdiyinin dərinliyinə varmadan, istər-istəməz ağlımdan belə bir fikir keçdi. Çox gecikmisiz, bu adamların işığı 24-25 il əvvəl kəsilib.
Bu illər ərzində yüz minlərlə insanın necə yaşadığından, harda yaşadığından xəbərsiz olanlar indi elə danışırdılar ki, guya hər gün onların yanında olublar. Əslində biz onların yadına bilirsiz nə zaman düşmüşük, sözün əsl mənasında düşərgədə yaşayan və kişi cinsinə aid olanların orduya çağırılmaq zamanında. Bunun da üstündən keçmək olar. Amma illərlə ən ağır şərtlər altında yaşayan insanların üstünə bu qədər gedilməsi nə ilə bağlıdır və bu kimə sərf edir? Bu insanlar daha hansı çətin günləri yaşamalıdırlar, daha hansı iztirablara dözməlidirlər?
Bir günün içərisində hər şeyini itirirsən. Ev-eşiyini, qonşularını, müəllimlərini, dostlarını, hər gün havasını udduğun torpağı, sevdiklərini, bir ömür xoşbəxt olacağın, xəyalı ilə yaşadığın, heç zaman unuda bilməyəcəyin qızı, hətta insanlıq sevgisini və sevgini itirirsən, sonsuza qədər bu cür yaşamağa məhkum olursan.
Bu mənim şəxsi həyatımdan misallar gətirdiyim minlərlə insanın yaşam tərzinin ifadəsidir.
Yeri gəldi-gəlmədi bizi qınayanlar həm də bilməlidirlər ki, nə lazımsa eləmişik. 15 yaşımdan silaha sarılmışam, ən çətin vaxtlarda əlimdən nə gəlib eləmişəm. O zamanlar Zəngilanın hərbi komissarı Cümşüd Əbilov hirslənib məni otağından qovdu ki, hələ gənclərimiz ölməyib, sonra gələrsiz. Bu hadisə 1992-ci ilin dekabrın 11-də baş verib. O zaman ermənilər bir neçə kəndimizi işğal eləmişdilər, Adil Rüstəmov və digər onlarla qəhrəman qardaşımız şəhid olmuşdu.
Doğrudur, sonralar Şabanovun rəhbərliyi altında bu işğalın əvəzi Zəngilan istiqamətində çıxıldı. Amma bugünkü nəticə başqadır.
Bir insanın yaşaması üçün lazım olan ən vacib şərtlərdən məhrum insanlar haqda addım atmazdan əvvəl ən azından bu barədə düşünmək lazımdır.
İllər sonra Bakının Sabunçu Rayon Hərbi Komissarlığında məskunlaşan Zəngilan komissarlığındaydım və komissar yenə Cümşüd Əbilov idi. Onun dediyi ilk söz bu oldu: “Hə, indi vaxtında gəlmisən”.
Ordan sonrası yenə cəbhəydi və bir onu bilirəm ki, mən orduya gedəndə tək-tük adamda mobil telefon, xarici maşın vardı. Bir neçə il sonra isə hər şey dəyişmişdi.
Harın balalarının həyatı başqa, bizimki isə başqa cür.
Mən 11-ci sinfi 5-6 məktəbdə oxumuşam. Bir dəfə “Gənclik” metrosunda bir sinif yoldaşımla rastlaşdım, beş dəqiqədən sonra başqa bir sinif yoldaşım yaxınlaşdı. Amma onlar bir-birini tanımırdı, hər ikisi sinif yoldaşım idi. Hərəsi ilə bir məktəbdə oxumuşdum.
Bu mənim istəyimdən məktəb dəyişmək yox, bir insan faciəsi, hələ də çoxlarının anlaya bilmədiyi, onların həyat tərzinə heç bir aidiyyəti olmayan bir mənzərə idi.
Söz məktəbdən düşmüşkən, 1993-cü ildə kəndimizin məktəbinin 11-ciləri bizlər, yəni mənim oxuduğum sinif olmalıydı. Məktəbdə hərbi qərargah yerləşirdi və son anadək mən orda oldum. Erməni tankları həmin əraziyə girməyə az qalmış çıxdıq və mən ikinci mərtəbəyə qalxıb, pilləkənin sol tərəfindəki, çoxdandır çalınmayan zəngi basıb, elə də qoyaraq binadan çıxdım. Hələ o zaman, dünyanı o qədər də dərk eləmədiyim zamanda bilirdim ki, bu mənimçün son zəngdir. Amma o zaman, hələ bu əcəl zəngi deyilmiş…
Zabil MÜQABİLOĞLU
Gunxeber.com,
29 yanvar 2017-ci il