Mərhum filosof Asif Atanın (Asif Əfəndiyev) ilk ardıcıllarından olan Yadulla Dadaşov (Sadiq Atalı) sovet dövründə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) dindirmələrinə məruz qalmış şəxslərdəndir. Onun həmin dindirmələrdən biri ilə bağlı qeydləri “34 il öncə DTK-da dindirilmə” başlığı altında “İnamın gəlişi” aylıq ədəbi-fəlsəfi nəşrində işıq üzü görüb. Bu qeydlər Yadulla Dadaşovun (Sadiq Atalının) İnşaat Mühəndisləri İnstitutunda oxuduğu dövrə – 1983-cü ilə aiddir. Qeydləri mətbuatda Asif Ata tərəfdarlarının cəmləşdiyi Mütləqə İnam Ocağının ruhani başçısı Safruh dərc etdirib. “34 il öncə DTK-da dindirilmə”yə yazdığı ön sözdə Safruh bildirib ki, mətbuatla heç arası olmayan Yadullanın (Sadiqin) bu qeydləri Asif Ata irsinin növbəti partiyasını Dövlət Arxivinə hazırlayarkən onun əlinə düşüb. Ön sözdə Safruh vurğulayıb ki, Sadiq Atalı Asif Ata işinin ən öndə gedən simalarından olub, buna görə də DTK Asif Atadan sonra ən çox onu sorğu-sınağa çəkib.
“34 il öncə DTK-da dindirilmə”ni Novator.az oxucularının da diqqətinə çatdırırıq.
Dərsdə idim. Saat 12 olardı. Uşaqlar dedilər ki, saat 3-də dekanlığa getməliyəm. Saat 3-ü gözləyirdim. Saat 3-ün yarısı oldu. Dekanın katibəsi auditoriyaya gəlib məni dekanlığa çağırdı.
Daxil oldum dekanlığa (dekan müavininin otağına). Dekan müavini ilə müəllim söhbət edirdilər. Oturdum. Saat 3 olardı. Bir nəfər yoldaş otağa daxil oldu. Dekan müavini ilə görüşüb dekanın otağına keçdilər. Bir azdan qapı açıldı. Məni içəriyə dəvət etdilər və dekan müavini mənə gələn yoldaşla getməyə göstəriş verdi. Düşdük həyətə. Əyləşdik maşına. Yolda həmin yoldaş özünün mən oxuyan fakültədə oxumasından danışır, mənə dərs demiş müəllimlər haqqında soruşurdu. Söhbət rus dilində gedirdi. Həmin şəxs isə rus deyildi. “r”, “s”, “t” səslərini təmiz tələffüz edə bilmirdi.
Söhbətimizin davamı belə oldu:
– Bilmək olarmı biz haraya gedirik?
– Bəli, olar. Dövlət Təhlükəsizlik Komitəsinə!
– Mənim üçün oraya getmək dəhşət deyil.
– Elədir, günahı olmayan qorxmamalıdır.
Çatdıq idarəyə. Qalxdıq axırıncı mərtəbəyə. Onun mənimlə davranışı çox mədəni idi.
Bir otağa daxil olduq. Orada bir nəfərlə (Əfrail Paşayeviçlə) görüşdük. Həmin şəxs bizim o biri otağa keçməyimizə göstəriş verdi.
Daxil olduq otağa və oturduq. Bizim söhbət yenə də kurs layihələrinə aid idi.
Bizi qarşılayan şəxs otağa girdi və yerində əyləşdi.
– Adın, familin nədi?
– Dadaşov Yadulla.
– Atanın adı?
– Əhədulla.
– Asif Əfəndiyev haqqında yəqin bilirsən.
– Bəli, bilirəm.
– Sən onunla yaxından tanışsan?
– Bəli.
– Neçənci ildə tanış olmusunuz?
– 1979-cu ildə.
– Necə tanış olmusunuz?
– Görüşlərinə getmişəm, sonra şəxsən tanış olmuşam.
– Ətraflı danış!
– İnstitutun girəcəyində elan oxudum: “Bilik” cəmiyyətində Asif Atayla “Qadın ləyaqəti və kişi qeyrəti” mövzusunda görüş olacaq. Getdim o görüşə. Xoşuma gəldi. Hər ay getdim. Sonra onunla şəxsən tanış oldum.
– Səni o görüşlərə getməyə sövq edən nə idi?
– Mənəviyyat, əsillik, vətənpərvərlik, idrak və başqa məsələlər.
– Bəs sən Marksın, Engelsin, Leninin əsərlərini oxumusan?
– Oxumamışam.
– Niyə?
– Bilmişəm ki, onlar cəfəngiyyatdır, maraqlanmamışam.
– Oxumamısansa, onların cəfəng olduğunu haradan bilmisən?
– İnstitutda mühazirə oxuyublar, seminar yazanda özüm kitabdan oxumuşam, dərk edə bilməmişəm. Bir də ki, o fəlsəfədə insan yoxdur. İnsan orada insan yox, ictimai münasibətlərin alətidir. Marksist materializmi məni qane etməyib, ona görə də Asif Əfəndiyevin Mənəviyyat və İdrak Ocağına pənah gətirmişəm.
– Oğul, səndə təqsir yoxdur. Təqsir sənə dərs deyən müəllimlərdədir. Deməli, sən marksizmi qəbul etmirsən?
– Xeyr! Qəbul etmirəm.
Əfrail yenə əqidə söhbətini davam etdirdi:
– Sənin sevdiyin Füzuli də materialist olub.
Bundan sonra Əfrail Füzulinin:
Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim –
beyti ilə başlayan qəzəlini başdan-ayağa əzbər söylədi və Füzulinin sözlərini materialistcəsinə şərh eləməyə başladı:
– “Pəmbə” – pambıqdır, “cünun” – Məcnundur, yəni “dəli” deməkdir. “Nihan” gizli deməkdir. Yəni Füzuli deyirdi ki, pambıqdan ip əyirib, köynək toxuyurdular, mən də o köynəyi əynimə geyinirdim, bədənim…
Onun şərhindən sonra mən dedim ki, Füzuli elə deməyib. Və bu beyti əsl Füzuli ruhunda şərh elədim.
Mənim bu sərt cavablarımdan sonra Əfrail bir neçə dəfə telefona əl atır, ikinci yoldaş isə telefonun işləmədiyini Əfrailə bildirirdi.
– Atan harada işləyir?
– Məktəb müdiridir.
– Anan nə işləyir?
– Tibb bacısı.
– Neçənci təvəllüdsən?
– 1961.
– Bəs atan?
– 32.
– Anan?
– 37.
– Qardaşın var?
– Yox.
– Bacın var?
– Var.
– Atanın əlli yaşı var. Eşitsələr sən buradasan, xəstələnərlər, məhv olarlar. Bu sənə təsir etməz?
– Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur.
Bu an mənimlə sorğu-sual aparan podpolkovnik heyrətə gəldi və elə bil cərəyanın təsirilə ayıldı. Məni buraya gətirənə baxdı. O da heyrət içində idi.
– Bəs institutdan qovulsan necə?
– Hazıram!
Yenə bayaqkı hal təkrar olundu.
– Sənə yazığım gəlir demirəm, heyfim gəlir. Cavansan, 21 yaşın var. Səni bu əyri yola gətirən sənin savadsızlığın olub. Səndə günah yoxdur. Deməli, Ocaq yolunda ailənizdən və institutdan əl çəkməyə hazırsan?
– Bəli!
– Sən Asif Əfəndiyevin hansı kitablarını oxumusan?
– “İnsan”, “İnam”, “Ocaqçının həyat tərzi”.
– Bu kitabları kimlərə vermisən?
– Heç kimə.
– Sən Asif Əfəndiyev üçün nə işlər görmüsən?
– Görüşlər təşkil etmişəm.
– Haralarda?
– Maştağada, Mərdəkanda, Binədə, Buzovnada.
– Görüşlər hansı mövzularda gedib?
– “Füzulinin gözəllik dünyası”, “Nəsiminin insan konsepsiyası”, “Muğam hikməti”, “Qadın ləyaqəti, kişi qeyrəti”, “Ali söz, adi söz, bəsit söz, yalan söz”.
– Bu görüşlərdə antisovet və millətçi söhbətlər getmirdi ki?
– Xeyr, getmirdi.
– Dinləyicilərin sualları nədən ibarət idi?
– Yazıçılardan və müasir ədəbiyyatdan, məhəbbətdən, şəxsi həyat məsələlərindən, tarixdən və s.
– Sən kitabları təbliğ edirdin?
– Xeyr.
– Bəs sənin işin nədən ibarət idi?
– Görüş təşkil etməkdən. Mənim natiqlik istedadım olmadığı üçün kitabları başqalarına izah edə bilməmişəm.
– Sənin görüş təşkil etdiyin müəssisələrin müdirləri ilə tanışlığın var idi?
– Xeyr, yox idi.
– Bəs necə oldu görüş keçirdiniz?
– Getdim, danışdım, hazırlaşdılar, görüşləri keçirdik.
– 8-ci km qəsəbəsində görüşə getmişdiniz?
– Bəli.
– Haraya?
– 12 nömrəli orta məktəbə. Lakin görüş keçirilmədi.
– Ayın 20-də uşaqlar gəlmişdilər?
– Bəli.
– Haraya getdiniz?
– Heç yerə. Kitabxanada Asif Əfəndiyevlə tək-tək görüşüb getdilər. (Əslində isə Mərdəkandakı bağa gedib, bayramı qeyd etmişdik)
– Asif Əfəndiyevin sənə axırıncı tapşırığı nə olub? İndi hansı işləri görməlisən?
– Heç bir iş görməli deyiləm. Axırıncı tapşırığı belə olub: Dərslərinlə məşğul ol.
– Bu yaxında Qusara getmisən?
– Getmişəm.
– Nə üçün?
– “İnsan” kitabını aparmışam. (Əslində isə “Ruh” kitabını aparmışdım. Kitabın adının “Ruh” yox, “İnsan” deməyimin səbəbi: M.F.Axundov adına kitabxanaya – Atanın yanına naxçıvanlı uşaqlar gəlmişdilər. Ata onlarla söhbət zamanı mənə bağışladığı “İnsan” kitabını gətirməyimi istədi. Kitabı gətirib Ataya verdim. Ata isə kitabı həmin uşaqlara oxumağa verdi – qaytarmaq şərtiylə. DTK-da həmin kitabı qarşıma qoymuşdular. Kitabın içində Atanın əli ilə adım yazılmışdı. Bu səbəbdən mən onların sualına “Ruh” yox, “İnsan” deyə cavab verdim.)
– Məktəbdə uşaqların içində Şərqiyyə ilə nə söhbət etmisiniz?
– Mən məktəb-zad görməmişəm. Getmişəm evlərinə, kitabı vermişəm və qayıtmışam. (Əslində belə olmuşdu: Evlərinə getdim, məktəbdə olduğunu dedilər. Məktəbə gedib onu gördüm və kitabı verdim.)
– APİ Leninin tələbələrindən kimləri tanıyırsan?
– Şərqiyyəni və Yeganəni.
– Neçənci ildə bitiriblər institutu?
– 1982-ci ildə.
– Sən Şərqiyyəgilə nə vaxt getmişdin?
– 1982-ci ilin axırı olardı. Dəqiq yadımda deyil. Qışda getmişəm.
– 1982-ci ilin noyabr ayında getmisən. Bizə Qusardan zəng vurmuşdular. Ocaq təşkilatınızın üzvlərindən daha kimləri tanıyırsan?
– Ocaq təşkilat deyil və onun üzvləri yoxdur. Ocaqçılar var.
– Ocaqçı kimlərə deyilir?
– Ocağın ideyalarını qəbul edənlərə.
– Həm də Asif Əfəndiyevin yaxın köməkçilərinə?
– Bəli.
– İndi sən Ocaqçı sayılırsan?
– Bəli.
– Hansı işlərdə Asif Əfəndiyevə kömək etmisən?
– Görüşlər təşkil etmişəm.
– Səndən başqa kimlər var?
– Məndən başqa Səlahəddin müəllim və Hidayət. (AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov və “Nərgiz” nəşriyyatının direktoru Hidayət Musabəyli nəzərdə tutulur. Asif Ata DTK-da dindiriləndən sonra mənə demişdi ki, onların Atadan sonra ən çox qorxduqları adamlar sənsən, Səlahəddindir, Zəmanətdir (yaşamdan tez getmiş gənc Ocaqçı Sabahlı Atalı, “Ruhun solmaz çiçəkləri” əsərinin müəllifi) və Hidayətdir. Atanın sözünə görə sorğu-sual zamanı mən bu adamları tanıdığımı dedim. Əslində isə soruşulanların hamısını tanıyırdım.)
– Səlahəddin müəllim harda işləyir?
– APİ Lenində.
– Fəlsəfədən dərs deyir?
– Bəli.
– Bəs Hidayət?
– Onu bilmirəm.
– Ali savadlıdır?
– Deyəsən.
– Kitabxanada tez-tez olur?
– Yox.
– Neçə yaşı olar?
– Otuz.
– Haralıdır?
– Bakılı deyil.
– Səlahəddinlə Hidayəti haradan tanıyırsan?
– 1980-ci ildə görüşlərdə görmüşəm.
– Nədən danışırdılar?
– Fəlsəfədən.
– Daha nədən?
– Asif Əfəndiyevin yaradıcılığından.
– Daha nədən?
– Daha heç nədən.
– Antisovet sözlər danışmırdılar ki?
– Danışmırdılar.
– Daha kimləri tanıyırsan?
– Heç kimi.
– Fizika İnstitutundan tanımırsan?
– Xeyr.
– Tibb İnstitutundan…
– Tanımıram.
– Neft-Kimya İnstitutundan…
– Tanımıram.
– APİ Lenindən başqa qızları tanıyırsan?
– Tanımıram.
– Yeganənin familiyası necədir?
– Bilmirəm.
– Şərqiyyənin?
– Qayıtmazova.
– Daha kimi tanıyırsan?
– Bir nəfər var, adı Zəmanətdir.
– Neft-Kimya institutunda dərs deyir?
– Bəli.
– Onunla nə vaxt və necə tanış olmusan?
– “Bilik” cəmiyyətində görüşdə çıxış edirdi.
– Çox görüşlərdə?
– Xeyr, ancaq birində.
– Asif Əfəndiyevlə tez-tez söhbət edir?
– Xeyr.
– Ən çox harda olur?
– Kitabxanada.
– Nə işlə məşğul olur?
– Oxuyur, yazır.
– Sən onunla nə söhbət etmisən?
– Mən onunla söhbət etməmişəm, kitabını oxumuşam.
– Kitabda nədən yazıb?
– Hind və başqa fəlsəfələrdən. Ateist mövzularda.
– Ateist adıyla Ocağı təbliğ edib öz kitabında. Xırdalanda görüşdə olmusan?
– Olmuşam.
– Binəqədidə necə?
– Olmuşam.
– Politexnik İnstitutunun yataqxanasında, Xarici Dillər İnstitutunun yataqxanasında olmusan?
– Xeyr, olmamışam.
– Füzulidən qızları tanıyırsan?
– Tanımıram.
– Saz çalanı tanıyırsan?
– Tanımıram.
– Saz çalanı heç görməmisən?
– “Bilik” cəmiyyətində görmüşəm. Ancaq bilmirəm Asif Əfəndiyevin adamıdır, yoxsa “Bilik” cəmiyyətinin. (Zəmanəti çox yaxşı tanıyırdım. “Pəmbeyi-daği-cünun”… qəzəlinin açmasını da mənə o öyrətmişdi. SSRİ-nin dağılmasını da o demişdi. Əslində soruşulanların hamısını tanıyırdım – fizika institutundan, tibb institutundan, Fizulidən qızları, saz çalanı və başqalarını.)
– Oğul, biz iki cür adam tanıyırıq. Bir cəmiyyətin düşməni, şpion, partiyanın siyasətinə zidd gedən, bir də düşmən olmayan, lakin səhv edən. Biz səni düşmən hesab etmirik. Sənin siyasi, ictimai və fəlsəfi savadın olmadığına görə sən səhv etmisən. Marksizm fəlsəfəsi bizə akademiya verdi, sənin oxuduğun institutu yaratdı. O olmasaydı, biz batmışdıq, Azərbaycan xalqını dilənçi vəziyyətindən o qurtardı. O olmasaydı, indi sən, mən fəhlə idik. Sənin baban kim olub?
– Hökumət işçisi.
Əfrailin gözləri kəlləsinə çıxdı. Danışmağa söz tapmadı.
– Neçənci ildə ölüb?
– 37-də.
– Necə ölüb?
– Öldürüblər.
– Nə üstə?
– Hüseyn Cavidin məhkəməsində onu müdafiə etdiyinə görə.
– Hansı maddə ilə?
– Pantürkist adıyla.
– Bu, hökumətin səhvi olub, Bağırovun. İndi biz o səhvi eləmirik. Biz də səni öldürə bilərdik. Ancaq bu ədalətli olmazdı. Heç nəyin üstündə, savadsızlığının üstündə ölərdin. Biz səni axtalatdıra da bilərdik. Biz bunu eləmirik. Partiyamız insanlara qayğı göstərir. Baban neçənci ildəndir?
– 10-cu.
– Familiyası, adı, atasının adı.
– Dadaşov Yadulla Əhədulla oğlu.
– Harada işləyib?
– Mərkəzi Komitədə.
– Nə vəzifədə?
– Təbliğat və təşviqat katibi (секретарь пропаганды и агитации). Marksizm-Leninizm Universitetində dərs deyib, İspaniyada olub, Moskvada institut bitirib.
– Maraqlı faktdır. Nənən necə olub?
– Sağdır.
– Baban tutulanda nənən harada olub?
– Qazaxıstanda sürgündə.
– Neçə il?
– 10 il.
– Atan da onunla idi?
– Xeyr, atam uşaq evində olub.
– Nənənin adı, famili, atasının adı.
– Dadaşova Mədinə Comərd qızı.
– Sən qiyabi məktəbi bitirmisən?
– Bəli.
– Fəhlə-gənclər məktəbini?
– Bəli.
– Adətən, qiyabi oxuyanlar ya şuluq uşaqlar olur, ya da zəif oxuyan.
– Mən xəstə olmuşam.
– Necə xəstə?
– Əsəbi xəstə. Nevrit. Sifətimin bir tərəfi qurumuşdu. Getdim xəstəxanaya, bir aya yaxın yatdım. Ona görə də qiyabi məktəbə getdim.
– Yazıq uşaq! Gör başına nələr gəlib!.. Asif Əfəndiyevə Buzovnada evi kim tapmışdı?
– Mən.
– İndi də orada qalır?
– Xeyr.
– Şəhərdə qalır?
– Bəli.
– Harada?
– Bilmirəm.
– Sənə ev axtarmaq tapşırığını verəndə bunun səbəbini deməmişdi?
– Xeyr.
– Sən də soruşmadın?
– Xeyr.
– Buzovnada hansı aylarda qalırdı?
– Mən bilən, dekabr, yanvar.
– Sən onun yanında tez-tez olurdun?
– Həftədə 2-3 dəfə.
Söhbətimizin sonunda Əfrail Paşayeviç otaqdan çıxıb, yekun söhbəti üçün kimisə çağırmağa getdi. Sonra nədənsə həmin şəxsin gəlməyinə ehtiyac olmadı.
Mənim cavablarımın hamısı yazılırdı. Onları vərəqlərə mən özüm yazırdım (Əfrailin göstərişi ilə).
Bəzən Əfrail otaqdan müvəqqəti çıxanda, məni oraya aparan yoldaş qapının ağzında dururdu. Qorxurdu ki, mən qaçaram. Üçüncü yoldaşı bir şey çox düşündürürdü:
– Asif Əfəndiyev DTK-da olduğunu sənə dediyi zaman onun kitablarında siyasi səhvlər olduğunu təsdiq etdiyi haqqında deməmişdi ki?
Mən də cavab verirdim ki, deməyib.
Mənə sual verirdilər:
– Asif Əfəndiyev sənə demədi ki, Ocaqdan əl çək?
Mən deyirdim:
– Deməyib.
Əslində bu mənim səhvim idi. Onda başlayırdılar Atanı tənqid etməyə və təhqir etməyə. Mən də sakitcə qulaq asırdım. Çünki mən belə sözləri eşitməyə, onlara qulaq asmağa alışmışdım. Çünki mən zəhəri şərbət kimi içməyə alışmışdım. “Yüz zəhər içilir, bir şirinin xətrinə”. Çünki bilirdim ki, özləri heç, olanların sözləri də heçdir.
Sarsılmırdım, Ata mənim gözümdən düşmürdü.
Artıq çoxdan mənim sarsılmağımdan keçib. Mən Ata haqqında da, özüm haqqında da belə sözləri çox eşitmişdim.
Hər halda mən istəmirəm ki, bu sözləri məndən başqa eşidən olsun.
Əfrailin dediyi: – O, sizi aldadır, doğru yolunuzdan azdırır… – sözlərinə inanmıram!
Mənə ancaq bir şey əzab verdi: yalandan verdiyim sözlər və yalandan partiyaya tərif yazmağım (Əfrailin diktəsi ilə).
Onlar mənə sübut etmək istəyirdilər ki, əgər Asif Əfəndiyev əsl Atadırsa, onda bəs niyə ailəsini atıb? Atadırsa, əvvəl öz ailəsini saxlasın, sonra başqalarına atalıq eləsin.
Mən cavab verirdim:
– Asif Ata ailəsini əqidəsinə qurban verib. Bu mümkündür.
– Bəli, bu mümkündür, ancaq o vaxt, nə vaxt ki, əqidə, məslək insanların xeyrinə qulluq edəndə. Asif Əfəndiyevin əqidəsi insanların xeyrinə deyil. O, ruhi xəstədir…
***
31 mart tarixində səhər saat 10-da DTK-nın qabağında, instituta mənim dalımca gəlmiş adamla görüşməli idim. Amma mən saat 9-da dəniz kənarında təsadüfən Əfraillə rastlaşdım. Əfrail məni güdməyə 15 saat gecikmişdi. (Ayın 30-da Əfrail mənim Ata ilə görüşümü – onlardan ayrılandan sonra – qadağan etmişdi. Mən isə Atayla görüşdüm).
Əfrailin dəniz kənarında mənimlə söhbəti belə oldu: (Bu gün də Əfraili aldada bildim).
– Dünən bizdən ayrılandan sonra Asif Əfəndiyevlə görüşdün?
– Xeyr.
– Düzünü de.
– Görüşməmişəm.
– Səmimi?
– Bəli.
– Yalan demirsən ki?
– Bunu siz məndən yaxşı bilməlisiniz, mən dünən onunla görüşmüşəm, ya yox.
– Sənə inanıram. Buralarda ol, saat ona on dəqiqə qalmış gələrsən…
Sadiq ATALI