Elnur Hüseynzadənin ermənilərin əlində olduğu rəsmən açıqlandı
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası fevralın 2-də açıqlama yayıb. Qeyd olunur ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və bu istiqamətdə zəruri tədbirlər görülür.
Novator.az-ın məlumatına görə, erməni mənbələri iddia edir ki, fevralın 1-də Ağdərənin Talış kəndi istiqamətində döyüş olub. Qeyd olunur ki, Azərbaycanın xüsusi təyinatlıları kəşfiyyat əməliyyatı keçirmək istəyib və bu zaman toqquşma baş verib. Azərbaycan Ordusunun itkiyə məruz qaldığı, 1995-ci ildə Bərdədə doğulmuş hərbi qulluqçu Elnur Hüseynzadənin əsir alındığı bildirilir.
Fevralın 2-də Azərbaycanın Müdafiə Nazirliyi bu iddiaları təkzib edib: “Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”.