2016-cı il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 6,8 min nəfər olub. Onların 4 milyon 733,7 mini məşğul şəxslər hesab edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla işləyən 1 milyon 513,7 min nəfərin 888,4 mini iqtisadiyyatın dövlət sektorunda, 625,3 mini qeyri-dövlət sektorunda çalışıb. Neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda 1 milyon 79,2 min nəfər işləyib.
İşçilərin 22,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7 faizi emal sənayesində, 6,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədən sənayesində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,1 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turizm və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.