2017-ci il xoruz ilidir. Novator.az tanınmış şəxslərdən yaxın keçmişin xoruz illərini (1969, 1981, 1993, 2005-ci illər) nələrlə yadda saxladıqlarını və 2017-ci ildən nə gözlədiklərini soruşub.
Flora Kərimova, müğənni:
– 1981-ci ildə dünyaya yenicə gələn övladımın qayğıları ilə yaşayırdım. Bəxtəvər günlər idi.
1993-cü il isə ağır hadisələrlə yadımda qalıb. Həyat yoldaşımı itirmişdim, param-parça idim, övladımın gələcəyi, təhsili məni çox düşündürürdü, narahat yaşayırdım.
O zaman ictimai proseslərdə də rahatlığım yox idi, izlənirdim. Müxalif fikirlərim sərtləşəndə həyatım da çətinləşdi. Məni buna görə cəzalandırdılar, televiziyanın qapıları üzümə bağlandı…
İndi ömrümün elə dövrünü yaşayıram ki, gözüm yoldadır. Dünyadan bu cür köçmək istəmirəm. İstədiyim isə torpağımdır, Qarabağımdır, Şuşamdır, Laçınımdır. Yorulmuşuq gözləməkdən. İstəyirəm inanaq ki, elə xoruz ilində, səhər o başdan bizə deyiləcək dur, dur, nə yatmısan, bizi İsa bulağı gözləyir, Ağdam gözləyir. O çağırışı eşitmək istəyirəm.
İlham İsmayıl, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant:
– Mən xoruz ilində – 1957-ci ildə dünyaya gəlmişəm. Həmişə xoruz ilindən xeyir gözləmişəm, elə bilmişəm mənim ilimdir deyə uğur gətirəcək. Amma müstəqillik dövrünün xoruz illəri yaxşı heç nə ilə əlamətdar olmayıb. Gərginlik olub, ölkə acınacaqlı duruma düşüb.
1993-cü ildə Qarabağ cəbhəsində ağır məğlubiyyətlər yaşandı, ölkənin bütün cənub-qərbi düşmən əlinə keçdi.
2005-ci il parlament seçkisi ili idi. İslahat, yenilik, yumşalma olacağını, Qarabağ problemində konkret addımlar atılacağını gözləyirdik, amma bütün ümidlərimiz puç oldu.
Təəssüf ki, növbəti xoruz ili 2017 də yaxşı heç nə vəd etmir. Ölkədə iqtisadi böhran, mənəvi iflas dərinləşir, bu isə radikallığı, o cümlədən çox təhlükəli olan dini radikallığı artırır.
Flora Qasımova, Milli Məclisin deputatı:
– Xoruz adətən döyüşkən olur. Yəqin ki, 2017-ci ildə torpaqlarımızı azad edəcəyik. Arzu edirəm münaqişə döyüşdə yox, sülhlə, masa arxasında həllini tapsın, qalib gələk, heç bir azərbaycanlı ana bala dağı görməsin.
Əvvəlki xoruz illərindən yadımda qalan 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər gəlməsidir. Bundan sonra doğma yurdum olan Dağlıq Qarabağda azərbaycanlıların durumu yaxşılaşmağa doğru getdi.
1993-cü il ən ağır günlərimizlə xatırlanır. Torpaqlarımızın böyük hissəsini həmin il itirdik. Bütün diqqətimiz televiziyada olurdu, amma heç ürəkaçan xəbər eşitmirdik.
2005-ci illə bağlı özəl heç nə xatırlamıram.
Arif Əliyev, jurnalist:
– 1969-cu ildə uşaq idim. Sonrakı illərə aid xatirələrim isə ictimai hadisələrlə bağlıdır, şəxsi həyatımda elə bir dəyişiklik xatırlamıram.
1981-ci ildə SSRİ yavaş-yavaş çökmə prosesinə qədəm qoyurdu. 1993 və 2005-ci illər isə Azərbaycanın tarixində mühüm hadisələrlə yadda qalıb, hansısa proseslər bitib, hansılarsa start götürüb.
2017-ci ilə gəlincə, ürək yaxşı şeylər gözləyir, amma ağıl ehtiyat edir, bilir ki, problemlər çoxdur. Böhran elə bir axara düşüb ki, yalnız dərinləşə bilər. İctimai həyatda isə hər hansı qığılcım gözə çarpmır. Amma yenə ümid edək ki, ürəyimizin istəyi ağlımızın proqnozuna üstün gələcək.