Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Stefan Viskontini qəbul edib. Xəbəri AZƏRTAC yayıb.
Stefan Viskonti Minsk qrupuna oktyabr ayında həmsədr təyin edilib. Novator.az bildirir ki, Stefan Viskonti 1962-ci ildə Parisdə anadan olub. Fransa Ali İşgüzar İdarəçilik Məktəbini bitirib. Diplomatik karyerasına Fransanın Vankuver (Kanada) konsulluğunda başlayıb.
1987-1994-cü illərdə biznes sahəsində, o cümlədən turizm biznesində çalışıb. 1994-cü ildən Fransa Xarici İşlər Nazirliyində xidmət edib. 1998-ci ildən Fransa baş nazirinin diplomatik işlər üzrə müşaviri olub. 2002-ci ildən Fransanın Sankt-Peterburqda (Rusiya) baş konsulu vəzifəsini tutub. 2013-cü ildən Fransanın Latviyada səfiri işləyib.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda həmsədr postunu Stefan Viskonti ilə bərabər ABŞ-dan Ceyms Uorlik və Rusiyadan İqor Popov tutur. Ceyms Uorlikin səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.