Doqquz aydır komada olan Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin müalicəsinə yardım məqsədilə növbəti aksiya keçiriləcək.
İlk aksiya bu ilin sentyabr ayında olub. Həmin vaxt Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabı təkrar nəşr edilib və Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satışı həyata keçirilib.
Növbəti aksiya da “Park Bulvar”da təşkil olunacaq və “Əlli dörd gün erməni mühasirəsində” kitabının əvvəlki aksiyadan qalmış nüsxələri satışa çıxarılacaq. Ancaq budəfəki aksiya əvvəlkindən fərqlənəcək. Yeni aksiyada fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotoların sərgi və satışı da həyata keçiriləcək. Bu il Çernobıl qəzasının – Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş nüvə partlayışının 30 illiyidir. Orxan Əzim Əli müəllimin müalicəsinə kömək məqsədilə fotolarını satışa çıxarmaq təşəbbüsünü özü irəli sürüb və bunu “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı ilə eyni vaxtda reallaşdırmaq barədə razılığa gəlinib.
Noyabrın 18-19-da “Park Bulvar” ticarət mərkəzində yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı və fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotolarının sərgi və satışı olacaq.
Aksiya noyabrın 18-i saat 15:00-dan start götürəcək. Həm kitabın satışı, həm də fotoların sərgi və satışı “Park Bulvar”ın ikinci mərtəbəsində təşkil ediləcək.
Aksiyadan toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf olunacaq.
Əli Əliyev bu il fevralın 14-də avtomobil qəzasına uğrayıb və həmin vaxtdan komadadır. Onu Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev fevralın 22-dək 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”), sentyabrın 15-dək isə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Sentyabrın 15-də “Avrasiya Hospital”a aparılan 70 yaşlı Əli Əliyev burada beynindən əməliyyat olunub. Hazırda “Avrasiya Hospital”ın reanimasiya şöbəsində Əli Əliyevin müalicəsi davam etdirilir.
Keçirilən yardım kampaniyalarında məqsəd Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsinə maddi dəstək verməkdir.
Hər kəs aksiyada iştiraka dəvət olunur.
Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Kitabın ilk tirajının bütün nüsxələri oxuculara pulsuz paylanıb.