ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təşkilatın Daimi Şurasına bir illik fəaliyyət hesabatı təqdim ediblər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov noyabrın 10-da keçirilən müzakirələrdə ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini diqqətə çatdırıb. Bəyanatda qeyd edilib ki, ölkə Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli ilə bağlı əldə edilmiş müsbət dinamikanın qorunub saxlanmasının vacibliyinə inanır: “Bu xüsusda fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin ofisinin genişlənməsinə hazırdır və hesab edir ki, genişlənmə ofisin mandatını və fəaliyyət qaydalarını dəyişməməli, mövcud status-kvonun dəyişdirilməsi məqsədilə substantiv danışıqlarla sinxronlaşdırılmalıdır”.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistana səfər edən yüksək səviyyəli şəxslərdən narahatlıq doğuracaq siqnallar gəlməkdədir: “Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar bu ölkənin nəticələrə yönəlmiş müzakirələrdə iştirak etmək niyyətində olmadığını göstərir. Məzmunlu danışıqları inkişaf etdirmək əvəzinə Ermənistan tərəfi açıq-aşkar Vyana və Sankt-Peterburq razılaşmalarını və sülh prosesini pozmaq məqsədi güdür”. Bu xüsusda Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz hərbi təlimlər keçirdiyi vurğulanıb, eləcə də həmin ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyəti diqqətə çatdırılıb, bu təxribat xarakterli fəaliyyətin Ermənistanın əsl niyyətinin qəbuledilməz status-kvonu davam etdirməkdən ibarət olduğunu göstərdiyi vurğulanıb. Təəssüflə bildirilib ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş bu mövqeyi pislənmir və Ermənistan bunu öz fəaliyyəti üçün həvəsləndirmə kimi qəbul edir.
Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərini və iştirakçı dövlətlərini Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaları tam şəkildə icra etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Daimi nümayəndəlik bəyan edib ki, qeyd edilən çətinliklərə baxmayaraq Azərbaycan münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına imkan verən siyasi həllin tapılmasında ən maraqlı tərəfdir: “Azərbaycan son 25 ildə ona qarşı törədilmiş ədalətsizliyin sülh yolu ilə aradan qaldırılmasını gözləyir və danışıqların nəticə verəcəyinə hələ ümid edir. Münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıq mövzusu və ya kompromis elementi olmayıb və olmayacaq.
Azərbaycan ümid edir ki, həmsədr ölkələrin səyləri ilə keçirilmiş son yüksək səviyyəli görüşlərdə əldə edilmiş müsbət dinamika qorunub saxlanacaq və status-kvonun dəyişdirilməsi istiqamətində praktik addımlara çevriləcək”.
Novator.az xatırladır ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.
1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda həmsədrlər Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov, ABŞ-dan Ceyms Uorlikdir.