Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8,3 faiz artıb
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8,3 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə deyilir.
Rəsmi hesabata görə, bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 2 milyard 367,1 milyon manata yüksəlib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 1 milyard 380,3 milyon manata çatıb.
Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 milyon manatını təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faizədək çoxdur.
Novator.az bildirir ki, hesabata əsasən, 2016-cı il oktyabrın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 211,07 manata çatıb.