ABŞ-da prezident seçkisinə bir aydan az qalır. Noyabrın 8-də keçiriləcək seçkidə dövlət başçısının kimliyinə aydınlıq gətirəcək ştat nümayəndələri – 538 nəfərlik Seçicilər Kollegiyası müəyyənləşəcək. Prezident seçilmək üçün 270 nümayəndənin səsi tələb olunur.
Seçkiqabağı sorğularda gah Respublikaçılar Partiyasının namizədi Donald Tramp, gah Demokratlar Partiyasının namizədi Hillari Klinton önə keçir. Novator.az-ın məlumatına görə, ABŞ-da yaşayan gənc siyasi ekspert Vüqar Salamlı yazır ki, mübarizənin ciddi getdiyi ştatların sayı 9-dan 13-ə, taleyi məlum olmayan səs sayı 125-dən 168-ə qalxıb: “İyulun axırında hər şey Hillari Klintonun qələbəsini göstərirdisə, artıq bunu əminliklə iddia etmək mümkün deyil. O vaxt Klintonun 249 səs sığortaladığı görünürdü, indi xanım namizədin 205 səsi var. Donald Trampın isə iyulun sonu 164 səs sığortaladığı görünürdü. İndi isə onun 165 səsə arxayın olduğunu söyləmək mümkündür”.
Siyasi şərhçi Şahin Cəfərli Novator.az-a deyib ki, prezident seçkisi haqda proqnoz verməyə çətinlik çəkir: “Şanslar bərabər görünür, əvvəlcədən nəsə demək mümkün deyil”.
Novator.az-a danışan politoloq Rövşən İbrahimov proqnoz verməyə tərəddüd etdiyini bildirsə də, qadın namizədin daha şanslı göründüyünü vurğulayır: “Adətən seçki proqnozları vermək çətin olur. Çünki əhalinin bir hissəsi seçki gününə qədər kimə səs verəcəyini, hətta seçkiyə gedib-getməyəcəyini müəyyən edə bilmir. ABŞ-da ziddiyyətli vəziyyət formalaşıb, müxtəlif sorğu şirkətlərinin apardığı tədqiqatların nəticələri fərqli çıxır. Prezidentliyə namizədlər arasında səs fərqi cəmi bir neçə faizlə ölçülür.
Amma Hillari Klintonun prezident olmaq ehtimalı daha yüksəkdir. Onun komandası daha təkmil proqramla çıxış edir, Amerika cəmiyyətinin müxtəlif təbəqələrinə səslənir və daha geniş kütlələri əhatə etməyə çalışır. Donald Tramp isə öz partiyasında belə hamının rəyini ala bilməyib və çıxışları ilə əsasən cəmiyyətin dar təbəqəsinin diqqətini cəlb edə bilir”.
Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Tikinti maqnatıdır.
Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.