Oktyabrın 9-da AXCP Ali Məclisinin sessiyası keçirilib. Sessiyada təşkilati məsələyə baxılıb, partiya sədrinin müavini Nurəddin Məmmədli Ali Məclisin sədri seçilib. Ali Məclisin sədri postuna partiya sədrinin müavini Gözəl Bayramlının da namizədliyi irəli sürülüb. Amma o, namizədliyini Nurəddin Məmmədlinin xeyrinə geri götürüb.
Ali Məclisin sədri postu ötən il noyabrın 20-dən, Həsən Kərimov vəfat edəndən boş idi.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bu haqda yazıb: “Həsən Kərimov rəhmətə gedəndən AXCP Ali Məclisi sədri vəzifəsi boş idi. Oktyabrın 9-da Məclis üzvləri müavinim, professor Nurəddin Məmmədliyə etimad göstərərək AXCP Ali Məclisinin sədri seçdilər. Allah Həsən bəyə rəhmət eləsin, onun AXCP və bütövlükdə millətimiz qarşısında çox böyük xidmətləri olub. Nurəddin bəyi isə ürəkdən təbrik edirəm, ona uğurlar arzulayıram. O, bəy gənc yaşlarından elmdə ciddi nailiyyətlər əldə etmiş alimlərimizdəndir. Son 20 ildə isə elmdən ayrılaraq özünü siyasətə həsr edib. Bu 20 ildə rejimin qarşısından bir addım da geri çəkilməyib. Nurəddin bəyin yeni vəzifədə də partiyadaşlarının və millətimizin etimadını doğruldacağına inanıram”.