Avropa İttifaqının Statistika Bürosunun (Eurostat) tədqiqatına görə, üzv ölkələrin əhalisinin təxminən yarısı xarici dil bilir. Bu sahədə liderlik Lüksemburqa məxsusdur: 99 faiz.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının 24 ölkəsini əhatə edən tədqiqatın nəticələrinə əsasən, Lüksemburqdan sonrakı yerləri 97 faizlə Litva, 95 faizlə Latviya, 94 faizlə Danimarka, 92 faizlə Sloveniya və İsveç tutur.
İlk onluğa həmçinin Malta (89 faiz), Estoniya və Hollandiya (86 faiz), Slovakiya (85 faiz), Cənubi Kipr (84 faiz), Avstriya və Almaniya (78 faiz) daxildir.
Siyahının son iki pilləsində isə Bolqarıstan (39 faiz) və Macarıstan (36 faiz) yer alır.
Eurostatın araşdırması nəticəsində məlum olub ki, Avropa İttifaqı ölkələrində 25-64 yaş arasında işləyən əhalinin orta hesabla hər yüz nəfərindən 66-sı azı bir xarici dil bilir.
Avropa İttifaqına 28 ölkə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Bu ilin iyun ayında Böyük Britaniyada keçirilən referendumda xalq Avropa İttifaqından çıxmağa səs verib.