Oktyabrın 1-də Azərbaycan Yaradıcılıq Fondunda “Sönməyən Ulduzlar” mənəvi və sosial yardım layihəsi çərçivəsində dahi rus şairi Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib.
“Sönməyən Ulduzlar” layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə reallaşdırılır.
Sergey Yeseninə həsr edilmiş “Əlvida, Bakı” adlı tədbir “Bir aktyorun teatrı” formasında təşkil olunub. Ədəbi-musiqli gecəni açan Yaradıcılıq Fondu sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı deyib ki, 2016-cı ilin oktyabr ayının 3-də Sergey Yeseninin 121 yaşı tamam olur. Sergey Yesenin ən lirik rus şairlərindən hesab edilir. O, 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrü də, demək olar ki, bu vaxta təsadüf edir.
Gecədə dahi rus şairinin əsərlərindən “Anaya məktub”, “Cavab”, “Qadına məktub”, “İran nəğmələri”, “Qara adam” və başqaları səsləndirilib. Tədbirdə maraqlı video materiallar da nümayiş etdirilib.
Gecədə şair Vahid Əziz, professor, bəstəkar Azər Dadaşov, Azərbaycandakı rus icmasının sədr müavini Lyubov Yakunina, əməkdar mədəniyyət işçisi İldırım Qasımov, jurnalist Hacı Rafiq çıxış ediblər.