Sentyabrın 21-də Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib. Mod.gov.az-ın məlumatına görə, müşavirədə regiondakı hərbi-siyasi vəziyyət təhlil edilərək əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsi ilə düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhv edilmə ardıcıllığının müəyyənləşdirilməsi, Quru Qoşunlarının birlik və birləşmələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Silahlı Qüvvələrin digər növ və qoşun qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyətinin artırılmasına xüsusi diqqət yönəldilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkə üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib.
Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.
Novator.az xatırladır ki, sentyabrın 21-i Ermənistan paytaxtı Yerevanın Azadlıq meydanında hərbi parad keçirilib. Dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən paradda “İskəndər” operativ-taktiki raket kompleksi, “Toçka U” və “Elbrus” (R-17 ballistik raketləri ilə) taktiki raket kompleksləri, başqa silah və texnika nümayiş olunub.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.