Xəbər verdiyimiz kimi, yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı təkrar nəşr edilib. Sentyabrın 9-10-da Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satış aksiyası həyata keçiriləcək. Sentyabrın 9-u saat 15-dən başlanacaq aksiya “Park Bulvar”ın ikinci mərtəbəsində təşkil olunacaq. Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək.
“Əlli dörd gün erməni mühasirəsində” kitabının redaktorları Hikmət Sabiroğlu və Azər Qaraçənlidir. A.Qaraçənli həm də ikinci nəşrə ön söz yazıb. Həmin ön sözü təqdim edirik.
İkinci nəşrə öz söz, yaxud kitabın xilaskar missiyası haqqında
Görən nə vaxtsa komada olan adamın kitabı çıxıbmı? Elə bir adamın ki, xəstəxananın ən ağır şöbəsində – reanimasiyasında huşsuz vəziyyətdə uzanıb, nə dinir, nə danışır, nə görür, nə tərpənir, yanına gəlib-gedənlərə gözünü qaldırıb baxmır, onların harayına hay vermir, onları eşidib-eşitmədiyi də bilinmir. Günün hansı saatında, dünyanın harasında olduğunu bilib-bilmədiyi də bəlli deyil.
“Koma” yunan sözüdür, dərin yuxu deməkdir. Əli Əliyevi 2016-cı ilin 14 fevral günündə Bakıda yolu piyada keçəndə maşın vurub bu hala salıb. “Əlli dörd gün erməni mühasirəsində” kitabının ikinci nəşri işıq üzü görəndə onun müəllifinin komaya düşdüyü gündən altı aydan çox vaxt ötmüş olacaq.
Əli Əliyev ilk dəfə deyil ölüm-dirim savaşı aparır. Kitabının adından göründüyü kimi, o, iki aya yaxın düşmən mühasirəsində qalıb, ölümün bir addımlığından qayıdıb. Həmin hadisə 23 il qabaq olub – 1993-cü ildə. Əli müəllim mühasirə xatirələrini üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə kitab kimi çap elətdirib. “Əlli dörd gün erməni mühasirəsində” kitabının birinci nəşri çox uğurlu olub, kitabın ölkədə, xaricdə təqdimatları keçirilib. 2012-ci ildə Əli müəllimin, onunla birgə mühasirədə qalmış başqa adamların əzablı günlərindən bəhs eləyən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. (Ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.)
Birinci nəşrin bütün tirajı pulsuz paylanıb. Kitabı əldə eləmək istəyənlərin sayı onun nüsxələrinin sayını keçdiyinə görə “Əlli dörd gün erməni mühasirəsində”ni ikinci dəfə nəşr eləmək planı qurulub. Amma… sən saydığını say, gör fələk nə sayır.
Əziz oxucu!
Sənin əlindəki bu nüsxə ikinci nəşrdəndir. Nəşr ikincidir, amma plan həmin plan deyil. Bu nəşrin satışından yığılacaq bütün vəsait Əli müəllimin müalicəsinə sərf olunacaq. İndi plan belədir. Kitabın satışından gələn gəlirin müalicəyə sərf olunması dünyada görünməmiş hadisə deyil. Belə hadisə, belə kampaniya çox olub. Ancaq bəlkə də ilk dəfədir bu kampaniya kitabın müəllifi komada ola-ola aparılır. Bəlkə də ilk dəfədir komada olan adamın kitabı çıxır. Həm də bu kitabın çapında məqsəd onun müəllifinin həyatını xilas eləməkdir.
Kitabın xilaskar missiyası çoxdan bəllidir. Tanrı insanları xilas eləmək üçün yer üzünə neçə dəfə kitab göndərib. Kitab bizi cəhalətdən qoruyur, bizə qapı açır, yol göstərir. Dünyanın ən gözəl kəşflərindən biri, insanın ən böyük dayaqlarından biridir kitab.
Bu da kitabdır: “Əlli dörd gün erməni mühasirəsində”.
İkinci nəşrdir.
Məqsəd müəllifin həyatını xilas eləməkdir.
Kitab köməyin olsun, Əli müəllim!