Çağdaş Azərbaycan nəsrinin ən güclü simalarından olan, həmçinin çoxillik mətbuat təcrübəsinə malik Fəxri Uğurlunun 48 yaşı tamam oldu.
Nəsrdə özünəməxsus dəst-xətti olan Fəxri Uğurlu Moderator.az saytına açıqlamasında hazırkı yaradıcılığı barədə danışıb: “Hazırda bədii əsər üzərində işləmirəm. Yazılası çox şey var, əlim boşalsa, inşallah, yaradıcılıq prosesinə qayıtmaq istəyirəm. Türkiyədə yaşayan dostumuz, əslən azərbaycanlı, görkəmli alim, tərcüməçi Seyfəddin Altaylı “Tanrı dağları” silsiləsindən olan hekayələrimi Türkiyə türkcəsinə çevirib. İndi o çevirmələrin üstündə işləyirik, bəzi düzəlişlər, dəqiqləşdirmələr aparırıq. İş başa çatandan sonra kitabı qardaş ölkədəki nüfuzlu nəşriyyatlardan birinə təklif etmək fikrimiz var. Sağlıq olsun!”
Yazıçı açıqlamasında daha bir maraqlı məqama toxunub. O, gələcəkdə Azərbaycan ədəbiyyatında əsl sensasiyaya səbəb olacaq roman haqqında ilk dəfə olaraq Moderator.az-a məlumat verib: “Əlimdə bir redaktə işi də var. Bir xanım yazarın avtobioqrafik romanıdır. Bu sirri ilk dəfə sizə açıram. Hələlik bəzi mülahizələr üzündən müəllifin adını çəkmək istəmirəm. Kitab bir qadınlıq dramı, əsl sensasiyadır. İndiyəcən heç bir Azərbaycan qadını özünü bu qədər səmimi, bu qədər cəsarətlə ifadə eləyə bilməyib. Roman bir qadının ta uşaqlıqdan bu günə qədərki həyatını əhatə edir. Kitab həm məşəqqətlər, faciələr, həm də sevinclər, sevgilərlə doludur. Onu da deyim ki, bu əsər mənim təhrikimlə yazılıb. Romanın yayım hüququ da məndədir, hansı sayt müəllifə normal qonorar söz versə, çap hüququnu da o sayta verəcəm. Məni bir redaktor kimi tanıyanlar bilirlər ki, çiy iş tutmaram, bir işin uğur qazanacağına əmin olmasam, o işə əl bulamaram. İstərdim inanasınız: bu kitab Azərbaycan ədəbiyyatında hadisə olacaq! Həm də bu romanı yalnız qadınların oxumasını istərdim, kişilər onu oxumasalar yaxşıdır. Çünki özlərini görüb çox utanacaqlar”.
Elmin Nuri
Moderator.az