Sivil Toplum Platforması (STP) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan “Demokratiya Monitoru” təşkilatının rəhbəri Fuad Həsənovun sağlıq durumunun ağırlaşmasından narahatdır. STP bildirir ki, xəstəxanaya yerləşdirilmiş hüquq müdafiəçisinin durumu olduqca kritikdir. Harda, hansı təşkilatda təmsil olunmasından asılı olmayaraq həyatını, bilik və bacarığını ictimai işlərə sərf edən F.Həsənovun yardıma ehtiyacı var.
Sivil Toplum Platforması qeyd edir ki, hüquq müdafiəçisinə yardım məqsədilə onun həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankında hesab da açılıb. Hesab bilgiləri aşağıda ifadə olunub:
AZ63IBAZ33801019449278105216 (AZN);
AZ84IBAZ33811018409278105216 (USD);
AZ64IBAZ33811019789278105216 (EURO);
Hesaba hüquq müdafiəçisinə yardım məqsədilə vəsaitlər də daxil olmaqdadır. Yardım kampaniyası fərdi və təşkilati qaydada davam edir. Ancaq təəssüflər olsun ki, toplanmış vəsait hüquq müdafiəçisinin xilası üçün yetərli deyil.
F.Həsənovun həkimlərinin bildirdiyinə görə, onun sağalması Azərbaycanda mümkün görünmür. Hüquq müdafiəçisinin müalicə üçün ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var. Təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etmək üçün yetərli deyil.
Bunları nəzərə alaraq, STP bütün cəmiyyəti hüquq müdafiəçisinin həyatına biganə qalmamağa, vətəndaşları, xeyriyyə birliklərini Fuad Həsənova yardım göstərməyə çağırır.
STP qeyd edir ki, hazırda F.Həsənovun xaricdə müalicəsinin yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsi ilə ola bilər. STP Səhiyyə Nazirliyini, nazirliyin ölkə daxilində mümkün olmadıqda Azərbaycan vətəndaşlarının müalicəsinin ölkədən kənarda təmin edilməsi ilə bilavasitə məşğul olan xüsusi komissiyasını F.Həsənovun durumunu diqqətə almağa, hüquq müdafiəçisinin xaricdə müalicə olunmasını təmin etməyə çağırır. STP həmçinin beynəlxalq qurumları, xeyriyyə fondlarını hüquq müdafiəçisinin həyatının xilas edilməsində səylər göstərməyə dəvət edir.