“Katolik” jurnalı katolik kilsəsi rəhbərinin islam əleyhinə məqaləsini dərc etməyib
Çexiyanın aparıcı “Katolik” həftəlik jurnalının redaksiyası ölkənin katolik kilsəsinin rəhbəri kardinal Dominik Dukanın islam dini əleyhinə məqaləsini dərc etməkdən boyun qaçırıb.
Novator.az-ın məlumatına görə, jurnalın imtinasından sonra kardinal məqaləsini internetdə, öz bloqunda yerləşdirib.
Dominik Duka bu məqaləni katolik keşiş Jak Amel qətlə yetiriləndən sonra yazıb. Qətl iyulun 26-da Fransanın Sent-Etyenn-dyu-Rovr şəhərində törədilib. Keşişi iki müsəlman terrorçu öldürüb.
Çexiyanın katolik kilsəsinin rəhbəri məqaləsində bu cür hadisələri ruhi xəstələrin və ya çıxılmaz vəziyyətə düşmüş adamların ayağına yazanlara etiraz edib. Onun fikrincə, bu, terrorçulara bəraət qazandırır: “Belə hadisələrin əsl səbəbləri haqda susmaq və ya yalan danışmaq sivilizasiyamızın məhvində iştirak etməyə bərabərdir”.
Kardinalın məqaləsindən belə çıxır ki, terrorun kökündə islam dininin özü dayanır, çünki, Dukanın fikrincə, islam zorakılığa çağırır. Dominik Duka məqaləsini “İslam həqiqətən zorakılığa çağırır” cümləsi ilə bitirib.
“Katolik” jurnalının redaksiyası rəsmən etiraf etməsə də, çexiyalı şərhçilər məqaləni kardinalın bloqunda oxuyandan sonra dərhal bildiriblər ki, jurnalın imtinasına “İslam həqiqətən zorakılığa çağırır” cümləsi, bütövlükdə məqalənin ruhu səbəb olub.
Şərhçilər yazırlar ki, kardinalın məqaləsində müsəlman miqrantlar və onların islam terroru ilə əlaqəsi haqda fikirlər katolik kilsəsinin rəhbəri – Roma papası Fransiskin mövqeyinə ziddir və məqalənin dərcindən imtina həm də bununla bağlıdır. Belə ki, Fransisk avropalıları öz ürəklərini və ölkələrinin qapılarını miqrantların üzünə açmağa çağırıb.
Dominik Duka 2010-cu ilin fevralında Parisin baş yepiskopu olub. 2012-ci ildə Roma papası XVI Benedikt onu kardinal rütbəsinə yüksəldib.