İbrahimxəlil
Məşhur ingilis yazıçısı R.Kiplinqin sözləri var: deyir ki, Qərb – Qərbdir, Şərq də – Şərq, onların yolları heç zaman kəsişməz, onlar ancaq uca Yaradanın dərgahında görüşə bilərlər: özü də ancaq dəhşətli Məhşər günü!..
Əlbəttə, bu pessimist-bədbin notları bir kənara qoysaq belə, görərik ki, milli, internasional, hətta trans-mədəniyyətlər mövcudluğunda, qaynayıb-daşan müasir qloballaşmada Şərqlə Qərbin bütün yaxınlaşmalarına, bəzi sahələrdə çöl-düz çulğaşmağına rəğmən, özü də xoş qarşılaşmalar və qarşılıqlı nüfuz etmələr fonunda, aralarındakı təzadlar da arazbarı az deyil. Hətta futurologiya – bu gələcək haqqında elmin Qərblə Şərqin rayihəli rabitələri ilə bağlı nikbin proqnozları arasında da könül sındıran bəzi mağmın məqamlar var.
Amma ümid həmişə və hər yerdə qaldığı yeri sonuncu tərk etdiyindən mədəniyyət daşıyıcısı-fədaisi olaraq rəssam Rizvan İsmayıl da ümid edir ki, üzərlərinə mühüm böyük məsuliyyətlər düşən Qərblə Şərqin dialoqu, ülvi ünsiyyəti – baş tutmaq bir yana – əbədilikdir: Şərq də, Qərb də Günəş və Ay kimi məcburdurlar! Hər gün yanmaq, hər gün Yolda olmaq, hər gün səhəri gözlətmək… Çünki bu yeganəmiz Yer üzündə, bu, əslində Vahid Vəhdət dünyası olan dünyamızda yaşadığımız dialoqun qeyri alternativi yoxdur!
Rizvanın “Qərblə Şərqin dialoqu… Pikasso ilə Mircavad” adlı əsərində dadlı keyfiyyət təkcə ondan ibarət deyil ki, Qərb-Pikasso ilə Şərq-Mircavad (Cavad Mircavadov) səmimi könül söhbəti edirlər. Kamil sənətkarlar, tanınmış rəssamlar üçün bu onsuz da təbii, problemsiz haldır. Burada təsadüfi cizgi, yabançı fon da yoxdur: çünki vaqif adam olaraq Pikasso – Allahın altında hamıya yer olmağına rəğmən – gedib alverini arada-sırada möhtəkirlik üstə quran kabareçini deyil, Mircavadı tapmalıydı, tapdı da! Amma şəxsən mənim üçün ən önəmlisi, Rizvanın tarixə, tarixçəyə qatılmaq anı kimi məhz Pikassonu və Mircavadı özünə ünvan götürməyidir!
Rəssam olmasam da Rizvanın əsərinə baxanda Mircavadın vaxtilə Leninqradda (indi Sankt-Peterburq) Dövlət Ermitajında fəhlə kimi çalışmağından tutmuş Kopenhagen-Moskva qatarında vəfat etməyinə qədər görürəm.
Rizvanın əsərində Pikasso ilə Mircavad rəssamlıqdan, rəsmlərdən dolayı, incəsənət terapiyasından, müalicəvi rəsmlərdən – mərəzi olan üçün rənglərin, rəsmlərin sehrkar təbibə necə, hansı ürbənd üsullarla çevrilə bilmək qabiliyyətindən dolayı, çox şeylərdən danışa bilərdilər: məsələn, Pikassonun Malaqasından və Parisindən, intihar edən dostu Kasagemasdan, Mircavadın Bakısından və Leninqradından, göylərin intəhasızlığından, müasir transplantasiyalardan…
Amma bu yerdə, Rizvana görə, məgər Pikasso Malaqalı olduğu qədər, həm də Bakılı deyilmi? Yaxud Mircavad Bakılı olduğu boyda da Parisli deyilmi?
İndi sizə Mircavadın bir zamanlar yazdığı oxrantılı sətirləri oxuyuram: “Mən Azərbaycanda doğulmuşam. Lakin yaradıcılığımla Qolfstrimlə Sakit okeandan, Eskimoslar torpağı ilə Afrika qitəsindən gələn küləklərin qovuşduğu yerə ucalmışam”.
Hər hansı şərhə ehtiyac varmı?
Şəxsən mən bundan səmimi, bundan ötə və bundan dostanə dialoq tanımıram!
Budur – misilləmə misal üçün – Başkeçiddə, Əyriqarda yaşaya-yaşaya Stokholmun, ya da Madridin bir parçası, bir zərrəbin zərrəsi ola bilmək! Ya da əksinə, Sivasda məskunlaşdığın halda, arada-sırada Şiraz tərəflərdə qeydiyyata – əlbəttə, günortaüstü güdükçü gömrükxanaların gülpərəst (hərdən də akvarelpərəst) gözlərindən iraq – düşə bilmək bacarığı… Bunlar öz yadigar və yasəminli yerlərində…
…Təki gün o gün olsun ki, Qərblə Şərq də eynən Pikasso, Mircavad və Rizvan misallı, uzlaşa, anlaşa, qovuşa bilsinlər…