Vahid Qazi
Bəlkə siz də Atatürk sekulyarizminin keşiyini çəkən ordunun siyasiləşən dinə necə dözdüyünü özünüzə sual vermisiniz. Sizi bilmirəm, mən dəfələrlə düşünmüşəm bu haqda. Xüsusilə ötən ilin yayında İstanbula son səfərimdən aldığım təəssürat ovqatımı təlx eləyəndə.
O səfərdə İstanbulu bir başqa yandan gördüm. Təəssüf qarışıq qəribə, anlaşılmaz duyğularla döndüm ordan. Əvvəllər min bir rəngə çalan şəhər boyası qaçmış gəldi mənə. Bozun tünd çaları kimiydi. Gözəlim İstanbul dindar əyalət şəhərinə çevrilmişdi elə bil.
15 iyul axşamı hadisələri sosial şəbəkədə yazılanlardan, bir də “Euronews” kanalından izlədim. “Ordu TRT-ni tutdu” xəbəri gələndə “Feysbuk” səhifəmdə bir kəlmə yazdım: “Nəhayət!”
Yəqin bəziləri bunu sevinc nidası kimi anladı. Əslində isə bu, səksəkə içində gözlədiyin xəbərin qəfil çıxardığı səsə daha çox oxşayırdı.
Növbəti günün axşamı İstanbulda yaşayan türk aydını bir dostuma zəng elədim. Deyəsən səsimi eşidib ağladı. Bir-iki dəfə hıçqırdı deyə, mənə elə gəldi. Dərinə getmədim. Evinə çəkilib, görüb eşitdiyinin şokunu yaşayırdı.
O, küçəyə çıxmağa qorxurdu! O, ölkəsinin haralara gəlib çatdığını ağlına sığdıra bilmirdi, dəhşətə gəlmişdi.
Türk dostumla söhbəti ürəyimə çökən ağır bir yüklə bitirdim. Mixail Bulqakovun qəhrəmanı Aleksey Turbinə bənzətdim onu, “Ağ qvardiya” romanını oxuyanlar onu xatırlayar yəqin. Proletar inqilabının məhv elədiyi rus intelligensiyasının faciəli personajlarından biri kimi gördüm dostumu.
Türk aydınlarının rus intelligensiyasından bir fərqi var. Onlar həm də şərqlidilər və Şərq bağlarından qopmadan Qərb dəyərlərini mənimsəməyi bacarmış OKUMUŞLARDI…
“Sən bizi okumuşların şerrinden muhafaza eyle, ya rabbi!” Bu sözlər “Yutub”da izlədiyim bir dəfn mərasimində imamın dua kimi söylədiklərdir. İmam bunu ölkə prezidenti Ərdoğanın yanında durub deyirdi.
Bu günlərdə cürbəcür heyrət doğuran başqa videolar, xəbərlər də yayıldı. Baş kəsmək, linç etmək kimi kadrlar da gördük. İŞİD paytaxtı Rakkaydı sanki İstanbul. Kitab mağazasını dağıdanlar da elə bil Əmr bin Asın İsgəndəriyyə kitabxanasını yandıran əsgərləriydi.
Sonra türk ordusunun generallarını döyülmüş, alçaldılmış şəkildə göstərdilər bütün dünyaya.
Nə qədər bir-birinə bənzəyirlər içində diktatorluq yaşadanlar!
Eynən Stalin kimi! O da neçə-neçə marşalı, generalı beləcə “vətən xaini” deyib tutmuş, güllələmişdi. Marşal Tuxaçevskini xatırladım ordu generalı Akın Öztürkün o halını görəndə.
Şübhəli çevriliş cəhdindən dərhal sonra total repressiyalar başlandı, fövqəladə vəziyyət elan olundu. “Okumuşlar”a qarşı!
“Qiyam yıxa bilmədiyi hökuməti möhkəmləndirir”. Viktor Hüqo “Səfillər” romanında yazıb bunu. Möhkəmləndimi Ərdoğan hökuməti?
Ümumiyyətlə, bu baş verənlərin adı nədi? Çevriliş cəhdimi? Yoxsa hərbçilərin qiyamı?
Bəlkə Türkiyədə inqilab baş verib? Bəlkə 15 iyul deyilən kimi “demokratiyanın xilası” yox, “Türkiyə islam inqilabı” günüdür?!
Nədənsə mən bunu 1979-cu il İran islam inqilabına daha çox bənzətdim. Xomeyni də var. Xomeynini gətirən təyyarə də. Onu qolları üstə daşıyan kütlə də.
Bütün yaxşı başlananlar heç də həmişə yaxşı sonuclanmır. AKP iqtidarının uğurlu iqtisadi siyasəti Türkiyəni dünyanın 20 ən güclü dövlətindən biri elədi. Bəs sonra?
Hakimiyyətlərin əvəzlənməməsi sonunda faciələr doğurur. Ya diktatura qurulur, ya vətəndaş müharibəsi başlayır, ya da…
Uzun müddət hakimiyyətdə qalmaq ən ləyaqətli insanı belə dəyişdirir, özünəvurğuna çevirir. Ətrafını heyranları ilə əhatələyən belə rəhbərlərin sonra başqa böyük iddiaları da yaranır.
Deyirlər ömrünün son illərində Atatürkdə də yaranıbmış belə hal, diktatora dönübmüş. Bunu qabardan anti-kamalistlərə ən tutarlı cavab elə Atatürkün özündən sonra qoyduğu sekulyar, demokratik dövlət oldu.
Ərdoğandan nə qalacaq? Sonra nə olacaq? “Təkbir”, “Allahu əkbər” sədaları ilə “demokratiyanı müdafiə”mi edəcək?
***
Üfiqdə iki yol görünür:
Ya türk aydınları evlərdən çıxıb toparlanacaq, xalqı inandırıb seçkiyə, sandıq başına gətirib “demokratiyanı xilas” edəcək!
Ya da “ca ceyli cala cula cumbur leydi cap cup”la xəlifəli sultanlıq qurulacaq!
Müəllifin başqa yazıları: • “İslamda tolerantlıq varmı?” sualı İsveçdə • Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı • Şərm-həyanın qiyməti • Yolda o(qa)lan yolçuluqlar • Zəmanələr və talelər toplusu • “İztirab — vətəndə qərib olmaqdır” • Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış) • Salam, Gülsarı! • İntim dildə yaza bilmək • Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)