İsmayıl Rafiqoğlu
Yaradanın bizə bəxş etdiyi bayramların ən gözəli, məncə, Ramazandır. Əziyyətini çox çəkirik deyə onun gəlişi sevindirici, oruc tutduğumuz müqəddəs ayın bitməsi isə kədərləndiricidir. Oruc tutan insan özündəki dəyişikliyi aşkar duyar, hələ bayramdan çox sonra da ortalıqdakı yeməyə əl uzatmaqdan çəkinər, nəfsini cilovlayar, artıq çay-su içməz belə, elə bil avtomobildəki əyləci sıxmısan, amma maşın öz yolu ilə hələ də hərəkət edir.
Orucluğun bitməsi ilə müsəlman yenidən dünyaya gəldiyini güman edir, ruhu və bədəni yeni ritmlərə köklənir sanki. Təqvimdəki bayramların çoxuna fikir verməsək belə, Ramazanı hər birimiz gözləyirik, evdə-eşikdə kimsə oruc tutursa, bütün ailə istər-istəməz onun azarkeşinə çevrilir, əzab-əziyyətini anlayır, keçirdiyi sevinc hissini duyur, dua-namazlarının çin olmasını arzulayır. Əziyyətlə başa gələn hər nəsə çox şirin olur.
Əgər birisi bostanında xiyar, qarpız, badımcan əkib uzun-uzadı tərəvəzlərə qulluq edirsə, əldə olunan bir-iki məhsul bazarda satılan istənilən nemətdən üstün görünəcək ona, çünki özü yetişdirib, gözünün qabağında bitki çiçəkləyib, həşəratlar onu tozlayıb, sonra da məhsul yaranıb, azdı-çoxdu, amma qiymətlidir. Ramazan da belə aydır, özün yetişdirdiyin meyvəyə bənzəyir, sonda da yeyəndə dünyanın ən ləziz təamından üstün görünər sənə.
Oruc tutmayan insanlar belə Ramazanda pis əməldən çəkinərlər, içkidən uzaq durar, siqareti azaldar, qonşusu ilə mehribanlaşar, kiminsə iftar süfrəsinə qonaq olarlar. Hətta oruc tutmayıb oruclu insanı iftar süfrəsinə dəvət edən, onunla birgə sevinən də az deyil. Adi günlərdə araqsız lülə-tikəyə yaxın durmayanlar içkisiz məclisin gözəlliyini duymaq imkanı əldə edirlər. Sosial mediada bəzən gülməli statuslara rast gəlinir. İçkiyə bir aylıq fasilə verən birisi orucluq bitdikdə yeyib-içmək arzusunda olduğunu bildirir, məclis dostları da ona hay verir, bircə tez gələydi bayram. Orucluq heç olmasa bircə ay bu zəhrimardan yaxa qurtarmağa imkan yaradır, sonra isə Allah kərimdir, elə olar tam əl çəkərsən, inşallah.
Haşiyə: 1998-ci ildə 4 illik fasilədən sonra Bakıya dönmüşdüm. Yayın istisində vətənin havası məni məst etmişdi. Gecəni də yata bilmədim, elə hey şəhərə baxırdım, sükutunu dinləyirdim. Birdən Təzə Pir məscidindən azanın səsi necə yüksəldisə, elə bil qəlbimin hansısa siminə toxundu. Bir azan bəs elədi ki həyatım dəyişsin, qaranlıqdan aydınlığa yönəlsin.
Hidayət olmağa bəzən kiçik bir hadisə, adi bir azan səsi kifayət edər, çünki Allah-Tala istədiyi kimsəni doğru yola yönəldər, məsləhət bilmədiyini isə qaranlıqda saxlayar. Bu yol asan deyil, bir-bir səni buxovlayan zəncirlərdən azad olmalı, həqiqi cığıra tərəf getməlisən, özü də bu istiqamətdə səni çox imtahan gözləyir, günaha da batacaqsan, tövbə də edəcəksən, sonra başqa günaha batacaqsan, sonra yenə tövbə edəcəksən. Əməlisaleh insanlar qarşına çıxacaq, onlardan güc-qüvvə alacaqsan, sonra isə şeytana xidmət edənlərdən yağlı təkliflər gələcək, haram yolla pul, var-dövlət qazanmaq imkanı yaranacaq, hər dəstə öz bütünə, düşüncə tərzinə sitayiş etməyə çağıracaq səni. Bütün bunlara dözməli olacaqsan.
Əyyaşlıq edən kimsənin işçisi kimi çalışmağa, Allahı inkar edən başqasının sözlərini dinləməyə məcbur olacaq, əxlaqsız insanlardan ədəbsiz təkliflər alacaqsan. Keçmişdə törətdiyin günahları əks tərəfdə müşahidə edəcəksən, günah törədənləri də özünü xatırlayaraq qınaya bilməyəcəksən, onları yalnız doğru yola dəvət edəcəksən. Səbirli və dözümlü olacaqsan.
Bacarmasan, yenə də köhnə yola dönəcək, araq-pivə arzusu ilə yaşayacaq, zinakar qadınları arayacaqsan. Bəzən çoxlu pulla, yüksək vəzifə ilə imtahana çəkiləcəksən, sınağın ən ağırıdır çünki, çox az adam bundan üzüağ çıxa bilir. Allahı unudub kresloya tərəf sürünə-sürünə gedən, onu qucaqlayıb hönkür-hönkür ağlayanların sayı bir deyil, iki deyil. Qapına gələn qonşuna, kasıba əl tutmaq əvəzinə yox deyəcək, sonra gecələr ürəyin ağrıyacaq, vicdanın səndən hesabat tələb edəcək. Əlbəttə, bacarmasan əgər.
Hər il oruc tutan müsəlmanlar bir mənzərəni müşahidə edir: gecənin qaranlığında qonşu evlərin pəncərələrində işıq yanır, yəni obaşdan yuxusundan kəsən oruclu insanların evindən gəlir o işıq. Ramazan ayında şəhər aydınlığa bürünür gecələr, Qədr gecələri isə inanclı insanların duaları yayılır aləmə, bina və məscidlərdən bir enerji seli axır şəhərə.
Biz də günahlardan qurtulub qovuşarıq Nura.
Müəllifin başqa yazıları: • “Brendlərimiz” • Smartfonun sönübsə… • “Qwerty” və ya “123456”? • Müsəlman olmağın çətinliyi