İsmayıl Rafiqoğlu
Vallah, dindar olmaq çox çətindir. Dindar deyəndə, müsəlman olaraq dində olmağı nəzərdə tuturam, çünki Yer üzündə din çoxdur, çoxdan da çox. Biri şeytana inanır, biri daş heykələ, bir başqası “Qızıl Buğa”nı özünə “allah” seçir. Argentinada “Maradona kilsəsi” var, bura gələnlər futbolçu Diyeqo Marodonanı ilahiləşdirir. Hətta özünü ateist adlandıran, Allahı inkar edən kimsə belə dindar sayıla bilər, çünki o, Yaradanın olmadığını heç bir halda sübut edə bilməz, hər hansı müsəlman əksini əsaslandıra bilmədiyi kimi. Buna ya inanmaq olar, ya da inanmamaq. Ateist də bunun belə olduğuna inanır.
Doğrudur, kimsə elmin güc-qüdrətinə əsaslanaraq belə düşündüyünü deyə bilər, amma heç bir elm Allahın olmadığını elmi yolla sübuta yetirməyib, inşallah, yetirə də bilməyəcək. Hətta bu qədər inkişaf yolu keçmiş elm bu günün özündə şüurun nə olduğunu, harada yerləşdiyini təyin edə bilməyib. Elə ateistlər də elmin nə vaxtsa bu problemi həll edəcəyinə ümidlə yaşayırlar, ümid, inam üstündə qurulub onların dini.
Əgər kimsə mənə “ateizmə necə yanaşırsan” sualını versə, deyərdim ateisti kompüterin daxilində quraşdırılmış əməliyyat sistemini inkar edən Photoshop proqramı kimi qəbul edirəm. Yəni sistem içərisindəki proqram kompüterin olmadığını nə qədər ciddiliklə iddia etsə də, bu, işin mahiyyətini dəyişdirmir. Photoshop-un fəaliyyəti əməliyyat sistemi və kompüterin mövcudluğuna bağlıdır. İnsanın da həyatı, sağlamlığı, keçirdiyi hissləri onun Tanrı ilə qırılmaz əlaqəsinə görədir, əlaqə qırılsa, bir an öncə düşünən beyin cansız biokütləyə çevriləcək.
Ateistlər öz dinlərində də davamlı deyillər, bir tərəfdən Yaradanı inkar edirlər, amma kimsə islam qaydası ilə dəfn olunmaq istəmədiyini, ölüsünün üstündə Quran oxunmasını qadağan etdiyini vəsiyyət eləmir. Bu gün bir söz deyir, sabah başqasını. Tarixdə Deni Didro, Fridrix Nitsşe kimi ateizm dininə sadiq olan insanlar olub, amma bu gün belələri çox azdır. Hazırda ateizmi təbliğ edənlər həm də bütpərəstlik və var-dövlətə olan həvəslərini bir araya gətirirlər.
Elm aləmində ateist olmaq normal sayılır, bir növ şou-biznesdə homoseksual olmaq kimi. Amma nə qədər fırıldaqçı “alim” toplanıb bu sahədə, bir Allah bilir. Hətta elmi yolla insan ruhunun çəkisini də ölçməyə hazırdırlar. Hər gün bir elm ocağında yeni, qalmaqallı ixtira ortaya qoyulur. Şokolad istehsalçılarının maliyyəsi ilə keçirilən laboratoriya sınaqları şokoladın insan üçün əvəzolunmaz faydalı olduğunu, çaxır istehsalçılarının sifarişi ilə reallaşan təcrübələr isə alkoqollu içkilərin insan ömrünü uzatdığı nəticəsini ortaya qoyur. Pul olsa, istənilən nəticə də alınacaq. Əsil alimlər isə hərdənbir həqiqəti bildirməyə məcburdurlar: tarix boyu baş verən kəşflərin əksəriyyəti elə təsadüfdən yaranıb. Hansısa başqa məsələni araşdıran alimlər özləri də bilmədən yeni bir şeyi icad ediblər. Elə bil onları hansısa bir İlahi qüvvə yönləndirir.
Müsəlman olmaq isə çox çətindir. Gündə beş dəfə namaz qılmalısan, beş dəfə dəstəmaz almalısan namaz üçün, imkan varsa nafilə namazlarını da qılasan gərək, gecələr rahat yatmaq söhbəti yoxdur, çünki ibadət üçün gecədən yaxşı zaman tapa bilməzsən. Sübh namazına qalxmaq elə özü bir qəhrəmanlıqdır, hamı yatır, sən isə durmalısan.
Müqəddəs Ramazan ayında 30 gün oruc tutmalısan, yayın qızmarında bütün günü həsrətlə su içməyi arzulamalı, baxışlarını günahdan qaçırmalı, dilini pis sözlərdən qorumalısan. Əhya gecələri də yatdı yoxdur, gecəni ibadətdə keçirməli, Allah-Taladan bağışlanmağını diləməlisən.
İmkanlısansa, zəkat və sədəqə verməli, qohum-əqrəbaya əl tutmalı, yediyin yeməkdən qonşuna pay ayırmalısan, qapını döyən kasıbı naümid qaytarmamalı, var-dövlətinlə qürurlanmamalısan, çünki ruzi verən Allahdır, bütün varidatını itirə də bilərsən.
Həcc ziyarətinə getməlisən, ziyarət etmək istəyən imkansız müsəlman qardaşını da ziyarətə yollamalısan, ailəsini təmin edib, yol pulunu verməlisən.
Pis əməllərdən çəkinib, yaxşı işlərə əl qoymalısan. Qeybət etməməlisən, çünki qeybət edənlər “ölü qardaşının ətini yemiş kimi” sayılırlar. Uşaqla da, böyüklə də səbirli davranmalı, yaxınlarına yardımçı olmalısan. Vaxtını elm öyrənməyə sərf eləməli, eyş-işrətdən kənar durmalısan.
İnsan çox qəribə varlıqdır, həmişə günah iş tutmağa hazırdır, mahiyyəti belədir. Şükür olsun, hazırda gözəl zamanda yaşayırıq, elm və bilik dövründə. Amma qaranlıq dövr də az olmayıb, yəni peyğəmbərin zamanı bir yana dursun, elə orta əsr Avropasında Roma papaları öz qızları ilə yaxınlıq etməkdən çəkinmirdilər. Elə Lut peyğəmbərin qızları da ata ilə yaxınlığın günah olduğunu, həmçinin Lutun qapısını onun qonaqları ilə yaxınlıq etmək üçün açan şəhər sakinləri homoseksualizmin bəla olduğunu anlamırdırlar. Hətta Lutun öz qızlarını şəhər sakinlərinə təklif etməyində də bir məna vardı, çünki sənə məxsus olmayan qadınla yaxınlıq etmək günah olsa da, kişi ilə yaxınlıq birə on günahdır. Elm-bilik zamanında yaşasaq da, bir çox ölkədə bunu hələ də anlamırlar. Gey klubları baş alıb gedir.
Dindar olub, qadağalarla özünü yormaqdansa, Allahın mövcudluğunu inkar edib gününü eyş-işrətlə, pis əməlləri artırmaqla, bütlərə sitayiş etməklə keçirənlər az deyil. Hətta özünü dindar adlandırıb yaramaz əməl törədənlər də onlardan geri qalmır. Günahını anlamaq, tövbə etmək olduqca ağırdır. Niyə sən də başqaları kimi araqdan içib bir gözəllə əylənməyəsən? Niyə onlara olar, sənə olmaz? Heç olmasa gizlicə.
Məncə, cəmiyyətdə dindar topluma qarşı formalaşan pis münasibət, çox vaxt elə dindarlardan olan gözləntidən doğur. Dindar olmayan adamın törətdiyi pis əməl qınaq obyektinə çevrilmir, özünə dindar deyənin isə hər hərəkəti müzakirə predmetidir. Amma dindar da insandır, o da günaha batır, sadəcə namaz-orucu ilə Allaha tərəf bir addım atmış olur, günahlarının bağışlanması isə Yaradanın əlindədir.
Dindarın ən əsas vəzifəsi onun Allaha olan inam və sevgisinə bağlıdır. Bundan vacib, əhəmiyyətli iş yoxdur. Bu inam, sevgi zəifdirsə, ya yoxdursa, onda o dindar yox, münafiqdir. Zahiri ilə batini fərqlidir, kütlə qarşısında dindardır, gizlində isə kafir.
Hər bir insanın bağışlanması üçün imkanı var, bircə tövbə deyən dili susmamalıdır, xilasa aparan yoldan bərk-bərk yapışıb getməlidir.
Xilas da olar, inşallah.
Müəllifin başqa yazıları: • “Brendlərimiz” • Smartfonun sönübsə… • “Qwerty” və ya “123456”?