Yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bunu “Turan” agentliyinə yazıçının oğlu Nəcəf bildirib.
Oğlu deyib ki, Əkrəm Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.
Cinayət Məcəlləsinin 221.1-ci maddəsində 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Martın 30-u səhər Əkrəm Əylisli Venesiyada keçirilən “Incroci Di Civilta” beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün təyyarə ilə Azərbaycandan çıxmaq istəyib. Ancaq sərhədçilər onu, həmçinin böyük oğlu İlyası saxlayıblar. Əkrəm Əylisli Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsinə aparılıb. 15 saat saxlandıqdan sonra o, sərbəst buraxılıb.
Əkrəm Əylisli “Turan”a bildirib: “Sərhədçilər məni pasport nəzarətinə buraxmadılar, dedilər ki, çıxışıma qadağa qoyulub. Sonra gömrükçülər sərhəd xidməti işçilərinin iştirakı ilə məni və əl yükümü beş dəfə yoxladılar, cəmi səkkiz nəfər idi. Sonra məni polisə təhvil verdilər və axşama qədər orada qaldım”.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Əkrəm Əylisli gömrük əməkdaşları ilə münaqişə yaratdığına görə saxlanılıb.
“Sərhədçilərdən biri mənim əleyhimə ifadə verdi ki, guya mən qapalı, müşahidə kamerasının olmadığı yerdə onun sinəsindən vurmuşam və onda qançır əmələ gəlib” deyə yazıçı “Turan” agentliyinə açıqlamasında bildirib.
Əkrəm Əylisli qeyd edib ki, saxlandığı müddətdə xidmət əməkdaşları harasa telefonla zəng edərək nəyisə dəqiqləşdirməyə çalışıblar: “Bildirdilər ki, mən xalq düşməniyəm və məni dindirməyə çağıracaqlar”.
Əkrəm Əylisli hesab edir ki, hakimiyyət onu saxlamaqla Venesiyadakı ədəbiyyat festivalında iştirakının qarşısını almaq istəyib: “Mən “Hakimiyyət və yazıçı” şərti adı altında məruzə ilə çıxış etməliydim və mənim çıxışımı gözləyirdilər”.
APA-ya açıqlamasında yazıçı bildirib ki, hava limanında saxlanılarkən münaqişə yaratmayıb: “Ömrümün ən azı 60 ilini yazıçı həyatı yaşamışam. Bundan sonrakı həyatımın kiçicik parçasını da yazıçı kimi yaşamaq istəyirəm. Aeroportda mənimlə bağlı baş verən hadisənin nəyə və kimə lazım olduğunu anlamaqda çətinlik çəkirəm. Aeroportun polis idarəsində məntiqsiz və mənasız izahat yazıldığının şahidi oldum. Amma bu üsullar artıq köhnəlib. Bu izahat, söz yox ki, məni yolumdan saxlamaq istəyənlərin özlərinə haqq qazandırmaq məqsədi daşıyır”.
Əkrəm Əylisli hər kəsi bir-birinə inanmağa və qorumağa çağırıb: “Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur. Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar “Daş yuxular”la bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır”.
Əkrəm Əylisli əlavə edib ki, rəsmi məlumatda göstərilənlər təyyarə yola düşdükdən sonra olub: “Əgər mən hər hansı nalayiq hərəkət etmiş olsaydım, o kameralarda əks olunmalı idi. Ona görə də bizi ayrı otağa apardılar, guya mən kamera olmayan yerdə münaqişə yaratmışam. Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var”.