Azər Qaraçənli
Avropanın müsəlman Şərqinə münasibətində ən böyük yanlışlığı ondadı ki, Avropa Məhəmmədi peyğəmbər kimi qəbul eləyə bilmir. Bu yanlışlıq indiyəcən çox bəla törədib, indi də törədir.
Avropa Məhəmmədi peyğəmbər kimi qəbul eləyə bilmir. Qəbul eləyə bilmir ki, Tanrı bu dünyaya İsadan sonra da elçi göndərib. Onlar (avropalılar) düşünürlər: İsadan sonra peyğəmbərə nə ehtiyac var? Avropalıların gözündə Məhəmməd yalançı peyğəmbərdi, hətta dildə onun peyğəmbərliyini qəbul eləyən avropalı da ürəyində buna – Məhəmmədin doğrudan da Tanrı elçisi olduğuna şübhə eləyir. Avropalı xristian Tanrının bu dünyaya onun peyğəmbərindən sonra peyğəmbər, onun dinindən sonra bir din göndərməyə ehtiyac duyduğu fikriylə barışa bilmir. Barışmaq istəyəni də yarı barışır, yarı barışa bilmir.
İsadan sonra peyğəmbərin gəlməyi o deməkdi ki, İsanın bu dünyanı haqq yoluna döndərməyə gücü çatmayıb, ona görə də Tanrı bu dünyaya İsaya bərabər (İsanın varisi, davamçısı yox, məhz ona bərabər, onun statusunda, onunla eyni səviyyədə, eyni rütbədə, eyni missiyada) bir şəxsiyyət göndərməyə məcbur olub. İsaya bərabər bir şəxsiyyət. Bax, Avropa bunu qəbul eləyə bilmir. Peyğəmbərin gənc, yaraşıqlı, yumşaq tüklü, sağlığında hakimiyyətə məğlub olmuş, cavan yaşında qəddarcasına öldürülmüş əzabkeş obrazına vərdiş eləyən Avropa peyğəmbərin qoca, cod tüklü, sağlığında hakimiyyətləri yenmiş, bu dünyadan öz əcəliylə ayrılmış hökmran obrazına öyrəşə bilmir.
Avropanın Tanrıya və onun elçilər göndərdiyinə inanan hissəsi Məhəmmədi qəbul eləmir, o ki qalmışdı Tanrıya inanmayan hissəsi ola. İsa kimi əzabkeş obrazlı peyğəmbəri rədd eləyən, ona lağ eləyən (gülən) avropalıya Məhəmməd kimi xoşbəxt obrazlı peyğəmbəri rədd eləmək psixoloji cəhətdən daha asan gəlir. O düşünür ki, İsa kimi əzabkeşə (bədbəxt cavana) gülmək olarsa, Məhəmməd kimi bir xoşbəxtə (xoşbəxt qocaya) niyə gülmək olmaz?
Avropanın şüuraltısı budu: Məhəmməd peyğəmbər deyil. Onun Tanrıya inanan hissəsinin də şüuraltısı budu. Onun Tanrıya inanmayan hissəsinin şüuraltısısa belədi: İsa peyğəmbər deyilsə, deməli, Məhəmməd heç peyğəmbər deyil.
İsanın karikaturası avropalının bu tələbatlarını ödəyir:
– ateizm tələbatı;
– söz azadlığı tələbatı.
Məhəmmədin karikaturası avropalının bu tələbatlarını ödəyir:
– ateizm tələbatı;
– söz azadlığı tələbatı;
– Məhəmmədin həqiqi peyğəmbər, islamın həqiqətən din olduğunu rədd eləmək tələbatı.
Avropada Məhəmmədin karikaturası Məhəmmədin bir peyğəmbər, islamın bir din kimi inkarı hadisəsidi. Təkcə ateistin yox, dindarın da inkarıdı bu.
Biri Avropada oturub Məhəmmədin peyğəmbərliyini karikaturayla inkar eləməyə çalışır, o biri də müsəlman Şərqindən durub Məhəmmədin peyğəmbərliyini silah gücünə qəbul elətdirmək istəyir. Və bu təkcə Avropanın yox, dünyanın bəlasıdı.
Xristian Avropasının şüuraltısıyla müsəlman Şərqinin şüuru toqquşur. Onların hər ikisi dünyanı bədbəxt eləyir. Hər ikisi dəyişməlidi – dünyanın xoşbəxtliyi naminə…