“Kuba dəftəri” – macəra içində demokratıya dərsliyi
Vahid Qazinin “Kuba dəftəri” kitabı fonunda əlifba və dil probleminə Güneydən baxış
Duman Radmehr
Jöteborq, İsveç
Əlifba və o tay-bu tay söhbəti
Türkiyə latın əlifbasına keçəndən sonra (1920-ci illərin sonu) İranda da əlifbanı dəyişmək ciddi mübahisə mövzusu idi. Rza şahın Atatürkü təqlid etdiyi bir çox modernləşmə siyasətinin növbəti mərhələsi kimi farscanın latın əlifbasına keçməsi gözlənilirdi. İranlı aydınların bir çoxu söz qonusu olan dəyişimi kütlənin savadsızlığına çarə kimi, həm də fars dilinin gəlişməsi üçün dəstəkləyirdi.
Ancaq dəyişim baş vermədi! Başlıca səbəblərdən biri İranda yaşayan türkləri farsların içində əritmək siyasəti və əlifbanın bu məsələdə önəmli təsiri idi. Əlifba fərqi İran və Türkiyə türkləri arasında əlaqə və ünsiyyətə maneə törədəcək və bu təcridin sonucunda İran türklərində kimlik dəyişimi daha rahat olacaqdı.
Etiraf edək ki, bu siyasət o qədər də başarısız olmayıb. Başqa səbəblər də var: Güneydə öz dilində təhsil haqqından məhrumiyyət kimi. Ancaq eləcə əlifba fərqi güneylilərin nəinki Türkiyə, Quzey Azərbaycanla da ilgisini bəlli dərəcədə məhdudlaşdıra bilib. Düzdür, son illərdə media və internet bu açıdan çox yardımçı olub, ancaq yenə də bəzi sahələrdə, xüsusilə kitab və nəşriyyat sahəsində əlaqələrin azlığı göz qabağındadır.
Bədii ədəbiyyat sahəsində güneylilərin Quzeydə çıxan əsərlərlə tanışlığı (son illərdə bir az yaxşılaşsa da) çox azdır. Müasir yazarlar arasında, şairləri çıxmaq şərti ilə, güneyli oxucu kəsimi bəlkə daha çox Rafiq Tağı, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyovu tanıyır. Təəssüf ki, bu tanışlıq onların yazdıqları əsərlərdən yox, farsdilli xəbər qaynaqlarından irəli gəlir. Rəhmətlik Rafiq Tağı o zaman tanındı ki, iranlı molla onun ölümünə fitva verdi. Əkrəm Əylisli farsdilli internet saytlarında kitablarının yandırılması xəbərinin dərcindən sonra məşhurlaşdı. Rüstəm İbrahimbəyovun adı isə siyasi fəaliyyətə keçdiyi zaman çəkilməyə başladı. Başqa sözlə desək, güneylilər üçün oxuması daha rahat olan (həm dil, həm də əlifba olaraq) fars dilindəki qaynaqlar sadəcə bunların tanınmağına izin verib. Özü də aydındır ki, tərəfsiz mətləblərlə yox, mənfi xəbər təbliğatı ilə.
Əlifba fərqi özəlliklə də yazı və ədəbiyyat sahəsində güneylilərin fars dilindən asılılığını çoxaltmaqdadır. Bu üzdən Quzeydə mövcud olan ədəbi yaradıcılıqdan, yazarların nələrdən etgiləndiyindən, gündəmdə olan janrlardan güneylilərin bəlli dərəcədə bilgisizliyi var. Bu isə bir yandan kütlə arasında dilimizin zənginliyi barədə şübhələrə yol açır, digər yandan güneyli oxucuları həmən əsərlərdən məhrum edir.
Vahid Qazinin “Çamayra. Kuba dəftəri” əsəri də onlardan biridir.
Kuba dəftəri
Quzeydə kitab və yazarlıq mövzusunda məsələ sadəcə tanımamaqla bitmir. Ortada mənfi baxış da olur bəzən. Olubdu, Quzeyin bəzi dirnaqarası xalq artistləri, vəzifəli adamları, aktivistləri Avropaya yolları düşəndə yazdıqları “şah əsərlər”ini də hərdən sovqat gətirirlər. İsrarla imza atıb pay verdikləri o yağlı-boyalı kitabları vərəqləmək belə mümkün deyil. Adı xatirə olan, yaltaqlıq dolu o kitabları kitab rəfində “Dəli Kür”ün, Mirzə Cəlilin kitablarının yanına necə qoymaq olar?! Düşünün, belə bir baxışda olarkən “Çamayra. Kuba dəftəri” kitabına rast gəlibsən! Balaca, nazik bir kitab. İlk baxışda “Kuba” adı bəzi gənc şairlərimizin sərbəst şeir kitablarındakı xarici, xüsusilə latın amerikalı adlara olan maraqlarını xatırlatdı. O şeir kitabları ki, yazar özünü qlobal əsrin şairi sayır, həm də Güney Amerikanın yazarlarındən ilham aldığını göstərməyə çalışır.
Kitabın üz qabığındakı tikanlı tellər mənə 1989-cu ilin 31 dekabrını, Araz sərhədində qırılan o məftilləri xatırlatdı. Vahid Qazi ilə az-çox tanışlığım olmasaydı, deyərdim, milli duyğulu bir şairin kitabıdı qarşımdakı. Yəni bu vaxtlarda oxumağa həvəssiz olduğum bir əsər. Ancaq kitabın arxasına baxanda hər şey dəyişdi. Arxa cilddə yerləşən bu qısa şərh: “Demokratıyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetməkdən asandı” – işini gördü. Bax gör, kişinin oğlu necə qızıl kimi söz deyib! Artıq müəllifin xətrinə görə yox, kitabı məzmununa görə oxumalıyam, dedim. Beləliklə, sırada olan digər kitablardan qabağa keçmiş oldu “Çamayra”.
Rüstəm İbrahimbəyovun kitaba yazdığı ön söz, açığı, ilk oxunuşda o qədər də marağımı çəkmədi. Ancaq kitabı bitirdikdən sonra onu təkrar oxudum və nə qədər ustalıqla yazıldığını başa düşdüm. Önsözləri iki dəfə oxumaq adətimdi: bir dəfə kitaba başlayanda, bir dəfə də oxuyub qurtarandan sonra.
Kitabı həyat yoldaşım Azra ilə bərabər oxuyurduq. Xüsusilə öz dilimizdə olanda, o, mənim kitab oxumağımı çox sevir. Ön sözü oxuyanda “Çamayra” adı fikrimi qatmışdı. Nə deməkdi bu kəlmə? Olmaya rus dilində “macəra” deməkdi, ya da “azadlıq”, bəlkə də elə cildin üstündə görünən “tikanlı tel”di deyə şübhələnirdim! Oxuduqca anlayacağıq ümidi ilə keçdik birinci bölümə.
Birinci bölümün ilk cümləsində üçüncü kəlmə “kreslo” idi. Anlamını bilmirdim, amma tanış gəlirdi. Cümlə uzun idi, sonralar o uzunluqda cümləyə az rast gəldik. Mətnin ahəngini tutmağa çalışarkən, cümləni iki dəfə oxuyub, “kreslo”nun üzərində bir az dayandım. İçimdə bir tərəfdən neçə il öncə quzeyli evdaşımla bərabər yemək bişirərkən, mətbəx əşyaları adlarında bir-birimizi başa düşməyib, onun “Ə, qardaş, biz belə birləşəmmərik, eee” deməyini xatırlayıb gülümsəyirdim. Digər tərəfdən də düşünürdüm ki, xanımın yorulmağını necə önləyim. Hazırlaşırdım deyəm ki, oxuduğumuz kitab yeni əsər olduğundan, təbiidir ki, rus mənşəli kəlmələrə çox tuş gələcəyik, amma o məni qabaqlayıb: “Kreslo mebel-divandı elə bil” dedi. “Kreslo”nu çözdük, ancaq “Çamayra”nı anlamaq üçün hekayənin içinə girib, Kubanın küçələrində itmək lazım imiş!
Oxuduqca mətnin ahəngini tutmaq bir yana, həm də yazının baş qəhrəmanı obrazında macəraların iştirakçısına çevrilmişdik. “Kuba dəftəri” birinci şəxsin dilindən, çox səmimi bir səfərnamədir. İronik bir ab-hava ilə, demokratiya haqda ciddi dərsliklər içərən istisna əsərdir. Kitabın axarlı mətni vasitəsilə canlanan o səhnələr HD keyfiyyətində bir macəra filmidi elə bil. Macəranı mənimsəmək üçün Vahıd Qazini tanımağa ehtiyac yoxdur. Sadəcə təsəvvür edin ki, təcrübəli bir Azərbaycan fəalı demokratiya mübarizlərinə yardım üçün Kubaya gedir. Kuba kommunist rejiminin gizli polisi ilə qaçdı-qovduda olarkən, ordakı aktivistlərlə görüşüb, onlara yardım çatdırır. Dolanbadolan Kuba şəhərlərini dolanır, ordakı vəziyyəti anladır. Siyasi boğuntudan, iqtisadi yoxsulluqdan və əxlaqın çöküşündən göz önündə bir bəlgəsəl film nümayiş etdirir. Yazarın Sovetlər Birliyində yaşama təcrübəsi, Kubada gördüklərini keçmiş Sovetlərlə müqayisə etməsi oxuyana ara-sıra Soveti də canlandırır.
İlk səhifələri oxuyar-oxumaz, “öz ölkəsi demokratiya cəhətindən pis durumda olduğu halda, bir azərbaycanlının Kubada nə işi var” sualı oxuyanı daha da maraqlandırır. Müəllif bunu macəranın ironik mayasına çevirir. Guya heç azərbaycanlı deyilmiş kimi, kubalı hərəkatçıların gözündə özünü bir demokrat ölkənin vətəndaşı hesab edib bir anlıq o hissin ləzzətini çəkir.
Azərbaycandakı vəziyyəti kubalı fəallara danışanda maraqlı suallarla qarşılaşır. Kommunizmdən qurtulandan sonra vəziyyət Azərbaycandakı kimi olacaqsa, kubalı fəallar niyə ömrünü bu yolda qoysun ki?! Yazara verilən bu sual təkcə kubalı aktivistlərin yox, elə bizim kimi Sovetləri görməyənlərin də sualıdı. Yazarın verdiyi cavab isə istiqlaliyyətin Quzey Azərbaycana nələr bəxş etdiyini sərgiləyir. Sovetlər dönəmində yox, istiqlaliyyət dövründə ölkədən gedən Vahid Qazinin bağımsız dövlətin nə dərəcədə üstün olması barədə yazdığı şərh, demokratiya ilə vətənpərvərliyin birləşdiyi bir düşüncə tablosudu.
Vahid Qazinin məhsulu
“Çamayra”nı oxuyarkən sadəcə Kubada olan vəziyyətlə tanış olmursan, bir azərbaycanlı ictimai fəalın dünyagörüşünü, düşüncələrini öyrənirsən. Təsəvvür edin, Sovetlərdə böyümüş, vətəni istiqlaliyyətə aparan hərəkatda iştirak edən, eyni zamanda savaşı yaşayan, yurdu işğal olunan və sonradan da ölkəsində diktatorluq və korrupsiya əleyhinə mücadilə edən bir şəxsin mentaliteti necə ola bilər?! Nələrə əhəmiyyət verir, necə görür, necə izah edir?! Amma yalnız bunlar deyil, işin maraqlı yeri burasıdır ki, Vahid Qazi Avropanı görmüş-yaşamış, beynəlxalq demokratiya institutları ilə işbirliyi etmiş və daha önəmlisi, oxumuş birisidir. İncəsənətdən üzübəri çox şeydən başı çıxır, xüsusilə kitab və film adları dilindən düşmür. Bunları bir yerə qoyanda sıradan bir Azərbaycan ziyalısı təsəvvür edilmir yəqin. Bu rəngarəngliyi kitabın müxtəlif yerlərində görmək mümkündür. Məsələn, Çe Gevara haqqında gətirdiyi maraqlı izahda. Sovetlərdə, haqqında şişirdilmiş əfsanələrə şahid olan, Çenin heykəlini yenidən Kubada görən yazar bu cür obrazların diktatura sistemlərində rolundan danışır, bir film misalı gətirir, bir xatirə deyir, sonunda da Çeni Ənvər Paşa ilə müqayisə edir. Kitabda bənzəri çox olan belə nümunədən maraqlı nə ola bilər ki?!
“Çamayra”da yazarın diqqət etdiyi başlıca nöqtələrdən biri də kubalı müxalif fəalların gələcəyə, dünayaya və demokratıyaya baxışlarıdı. Hər ziyalı öz toplumunun məhsuludur. Müəllif Kubanın ictimai-siyasi fəalları, ziyalıları barədə aydın təsəvvür yaradır. Yazar Kubanın məhsullarından danışsa da, təbii ki, oxuyan həm Kuba, həm də Azərbaycanın yetişdirdiyi ziyalı keyfiyyətini də Vahid Qazi obrazında tanıyır.
Vahid Qazinin fərqli keyfiyyətlərindən söz etsək də, amma nəhayətdə o da Azərbaycan suyu içib, özü də Quzey tərəfdən. Atamla anam 1992-ci ildə, sərhədlər yenicə açılanda Quzey tərəfə keçib qohumlarımızı tapmışdılar. Dəqiq xatırlayıram ki, Quzey haqda təəccübləndikləri məqamlardan biri də oradakı “yeyib-içmək” gələnəyi idi. Sonralar özüm də quzeyli dostlardan “banket” kəlməsini tez-tez eşidəndə atamgilin dediklərini xatırlayırdım. “Çamayra”nı oxuyanda diqqətimi çəkən məqamlardan biri də müəllifin süfrə başında yaşadıqlarıdı. Maşallah olsun, cürətlə deyə bilərəm ki, elə bir çətin vəziyyətdə, gizli polislə gizlən-qaç oynarkən sadəcə bir quzeyli “Ölsək də, qoy, tox ölək” prinsipinə sadiq qalır.
Kitabın adındakı Çamayra gül satan gözəl bir kubalı qızın adıdı. Təsadüfən kafedə tanış olub söhbət edirlər. Həm sözləri ağıllıdı, həm də gözləri təsirli. Amma sonunda gözlənməz bir hal baş verir. Bir neçə dəqiqə öncəyədək elədiyi müdrik söhbətə uyuşmayan bir atdım atır: özünü təklif edir Çamayra. Xəstə körpəsi üçün həyatın dibinə belə baş vurmağa hazır olan gənc ana başqa yol tanımır. “Elə bil içimdə nəsə qırıldı” yazan Vahid Qazi Çamayranı Kubanın hazırkı simvolu kimi öz əsərinin ünvanı seçib.
Uzun sözün qısası
“Çamayra”nı oxumaq lazım. Çünki o, bizim müəllifin bizdən fərqli bir ölkə, toplum haqda səmimi kitabıdır. Vahid Qazinin başqa əsərlərini oxumaq üçün inanılmaz bir motivdir “Kuba dəftəri”.