Fevralın 18-i görkəmli tərcüməçi, jurnalist, redaktor Tehran Vəliyevin doğum və ölüm günüdür.
Tehran Vəliyev 1954-cü il fevralın 18-də Cəbrayıl rayonunun Mahmudlu kəndində doğulub, 2015-ci il fevralın 18-də 61 yaşında Bakıda dünyasını dəyişib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan Tehran Vəliyev 1978-1980-ci illərdə “Texniki tərəqqi uğrunda”, 1980-1984-cü illərdə “Azərbaycan təbiəti” jurnalında, 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatı, Poliqrafiya və Kitab Ticarəti Komitəsində, 1988-1989-cu illərdə “Gənclik” nəşriyyatında işləyib. 1989-1992-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Qərb ədəbiyyatı şöbəsinin müdiri, 1992-1993-cü illərdə “Azərbaycan” qəzetində şöbə müdiri, baş redaktorun birinci müavini, 1993-2011-ci illərdə “Maarif” nəşriyyatının baş redaktoru, 2001-2006-cı illərdə Mədəniyyət Nazirliyində nəşriyyat şöbəsinin müdir müavini, 2006-2015-ci illərdə nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.
Tərcüməçi kimi Tehran Vəliyev əsasən bədii tərcümələrlə məşğul olub. İngilis, rus dillərindən tərcümələr edib. Eyni zamanda bir sıra siyasi, elmi, pedaqoji və hüquqi ədəbiyyat nümunələrini dilimizə çevirib.
Novator.az saytı publisist Vahid Qazinin Tehran Vəliyevin xatirəsinə həsr etdiyi, 2015-ci ildə qələmə aldığı “Dilimizi uçurumdan qoruyan” yazısını təqdim edir.
Tehran Vəliyevi mən Bakıya gələndən – 1985-ci ildən tanıyıram. Dostluğumuz isə 1992-ci ildə ”Azərbaycan” qəzetində başladı. O vaxt o, qəzetin beynəlxalq şöbəsinin müdiriydi.
Xeyli yaş fərqimiz olsa da, bizimki tuturdu. Qəribədi, dost dediyim adamların böyük əksəri yaşca məndən xeyli böyükdülər. O da qəribədi ki, bu böyük dostlar bir-bir dünyadan köçdükcə dünyanı daha aydın dərk etməyə başlayıram elə bil. Hər dost ölümü dünyanı dərkə sarı bir addımdı sanki.
Boşluğa doğru!
…Bir gün Tehranı ”İnam” Plüralizm Mərkəzinin tərcümə layihələrinə dəvət elədim. O vaxtdan birgə işimiz başladı. İnsan hüquqları sahəsində BMT konvensiyalarından tutmuş müxtəlif beynəlxalq protokollaradək 17 sənədi ilk dəfə dilimizə mükəmməl peşəkarlıqla çevirdi. Sonra bütün bu sənədləri ”İnsan haqları: Bəşər rifahının təməli” kitabında nəşr elədik. Nə illah elədim, kitabın təqdimatında bir kəlmə söz demədi. Belə təvazökarlığı vardı.
ABŞ səfirliyinin kiçik qrant layihələri çərçivəsində Amerikanın dövlət quruculuğu və iqtisadi mexanizmdən bəhs edən demokratiya mövzulu bir xeyli hüquqi sənəd və broşur da Tehranın tərcüməsində ərsəyə gəldi. ”Liberallaşma və leninçi irslər” adlı 253 səhifəlik kitabı isə səfirlikdə böyük hadisə kimi qarşıladılar.
Müxtəlif vaxtlarda nəşr etdiyimiz ”III Sektor”, ”Toplum” jurnalları üçün dünyanın aparıcı demokratiya dərgilərindən Frensis Fukuyama, Samuel Hantinqton, Çarlz Feyrbanks, Stiven Sestanoviç, Vladimir Bukovski kimi neçə-neçə məşhur fikir adamının aktual yazılarını birgə seçdik. Onları da yüksək keyfiyyətdə dilimizə çevirdi, Nelson Mandelanın inauqurasiya nitqini, çex dissidentlərinin ”Xartiya 77” sənədini, Mustafa Cəmilovun məhkəmədə məşhur son sözünü və bu sayaq onlarla mətni də.
Onun əsas arzusunu isə reallaşdıra bilmədik.
Bir gün Tehran hələ 1991-ci ildə tərcümə elədiyi kitabdan söz saldı. Sən demə, ABŞ prezidenti Ronald Reyqanın zövcəsi Nensi Reyqanın ”Mənim növbəm” kitabını sifarişlə tərcümə etsə də, sovet hökuməti dağılandan sonra nəşriyyat çapa pul tapmayıb, eləcə qalıb. Həvəslə belə bir maraqlı kitabın nəşri üçün ora-bura baş vurdum.
Mətni, saralmış makina vərəqlərindən kompüterə ”525-ci qəzet”in əməkdaşı Fatma xanım yığdı. Layihə yazıb ABŞ səfirliyi, o yekəlikdə Amerikanın bir xeyli şirkətinəcən müraciət elədim. Reyqan Fonduna yazdım, şəxsən fondun prezidenti Nensi Reyqana. Yazdım ki, Selincer, Folkner kimi Amerika yazıçılarını dilimizə ustalıqla çevirmiş bir tərcüməçi dostumuz Sizin kitabı təmənnasız tərcümə edib, amma nəşrinə kömək lazımdı. Xanım Reyqan maliyyə yardımı edə bilməyəcəyini yazıb müqavilə forması göndərdi. Kitabın tərcümə və nəşr hüququnu bizə verdi. Dilxor olmadıq, əksinə, Reyqanın imzasına baxıb daha da həvəsləndik. Amma nəşrə pul tapmadıq.
Tehran o kitabın nəşrini çox istəyirdi, tez-tez təkrarlayırdı ki, Reyqan kimi adamın ”İndi danışmaq növbəsi mənimdi” iddialı xanımının kitabı hər zaman aktualdı.
Ofisimizin üzü getmiş divanında oturub xanım Reyqanın göndərdiyi müqaviləyə sevinc dolu nəzərlərlə baxan bir başqa Tehran idi. Bir də qızının toyunda onu heylə sevinən gördüm.
…İsveçdə yaşayan dostum Bilal Bakıdan ötən həftə dönüb. Xahiş eləmişdim ki, ona veriləcək kitabları gətirsin. Gətirdikləri arasında Tehranın Selincerdən çevirdiyi ”Çovdarlıqda uçurumdan qoruyan” da vardı. Həmin gün kitabı vərəqləyib uşaqlarıma Tehrandan danışanda onun ağır xəstə olduğunu bilmirdim.
Kitabları uşaqlar üçün gətirtmişəm. İndi oğlum onun tərcümə etdiyi romanın qəhrəmanı yaşdadı. Kitabı oğluma verəndə dedim ki, bu kitabla tək Holden Koldfildi sevməyəcəksən, Azərbaycan dilinin gözəlliyini də duyacaqsan.
Amma öldüyünü ona hələ deməmişəm. Heç deməyəcəm də. Bilib soruşsa, deyəcəm ki, Tehran, bax, bu kitabda yaşayır. O da uçurum keşikçilərindəndi.
“Tehran Vəliyev dilimizi uçurumdan qoruyur” – deyəcəm!
Vahid Qazi
Karlskrona, İsveç
19 fevral 2015-ci il