Sizə deyim ki, bu, ən vacib məsələlərdən biridi. Çünki azadlığı boğan ilk adam bunu intizam yaratmaq üçün eləyib. İndi də azadlığı boğanlar bunu intizam qurmaq arqumentiylə əsaslandırırlar.
Müasir dünyada heç kim nəzarətsiz deyil, hamını hardasa qeydiyyata alırlar, adını-soyadını sənədləşdirirlər və sair. Nəzarət həmişə olub, qeydiyyat olmayanda başqa şey olub, hər dövrün öz nəzarət tərzi var. Texnologiyalar inkişaf elədikcə nəzarətin formaları da dəyişir, indi iri bir dükanda gəlib-gedənlərin çantasını yoxlamağa ehtiyac yoxdu, kameralar hər şeyi çəkir.
Texnologiyalarla şüurun bir-birindən asılılığı var. Şüur inkişaf elədikcə texnika da inkişaf eləyir. Eyni zamanda, yeni texnologiyaların özü yeni bir şüur səviyyəsini, yeni mədəniyyəti, dünyagörüşünü yaradır. Bugünkü bankomatları yüz il əvvəl küçələrə qoysaydılar, onları gündə yüz dəfə yarardılar. İndi adamlar pulla dolu bu bankomatların yanından saymazyana ötür. Amma buna qədər adamlar yüzlərlə malın açıqda töküldüyü iri dükanlarda gözütox gəzişməyi öyrənməliydilər. Buna qədər izləmə kameralarının qüdrətinə öyrəşməliydilər. Pul bankomatlarını küçəyə qoymaq üçün siqnalizasiya sistemi inkişaf eləməliydi, siqnalların simsiz ötürülməsi, eləcə də bankomatdan yararlanan hər adamın şəklinin avtomatik çəkilməsi, hər manatın çıxarıldığı dəqiqənin, saniyənin qeydə alınması, pulun hansı hesabdan çıxarıldığı, hardan çıxarıldığı, hesaba nə cür girildiyi haqda məlumatların şəkillərlə birlikdə dərhal mərkəzi məlumat bazasına göndərilməsi və bütün bu məlumatları bilmək, şəkillərə baxmaq üçün bank sahiblərinə vur-tut bir neçə dəqiqənin lazım olması kimi imkanlar kəşf olunmalıydı.
Texniki vasitələr insana nəzarət eləmək işində həmişə kömək durub. 20-ci əsrdənsə o, insanı həm də bu işdə əvəz eləməyə başlayıb. Bu proses 21-ci əsrdə daha sürətlə gedir və hələ çox ağlagəlməz yerdə nəzarəti texnika həyata keçirəcək.
Nəzarətin insandan texnikaya keçməsi insanın təkcə işini asanlaşdırmır, həm də onun tərbiyəsinə müsbət təsir göstərir – istər nəzarət eləyənin tərbiyəsinə, istərsə də nəzarət olunanın tərbiyəsinə. Küçəyə izləmə kamerasıyla nəzarət eləyən mühafizəçinin həm işi asandı – isti yerdə oturub, həm də bu vəziyyət onun insanlara daha mülayim münasibət bəsləməsinə şərait yaradır, küçədə dayananda o, istər-istəməz adamlara qanlı-qanlı baxacaqdı. Küçədən keçənlər də belə bir aşkar diktaturanın altına düşmədiklərinə görə nəzarətə qarşı çox əsəbi deyillər, nəzarətin yumşaq duyulması ona qarşı qıcığı azaldır. Nəticədə hər iki tərəfin – nəzarət eləyənlə nəzarət olunanın özünü bərabərhüquqlu saymasına imkan yaranır.
Virtual nəzarət insanı daha az təhqir eləyir, əlbəttə, biz bura izləndiyini sonradan aşkara çıxaran şantaj olunmuş adamın duyğularını aid eləmirik. Virtual nəzarət deyəndə biz aşkar virtual nəzarətdən danışırıq.
Göstərişlərin texniki vasitələrlə çatdırılması da insanın tərbiyəsinə müsbət təsir eləyir (göstərişin canlı bildirilməməsinin inciklik doğurduğu özünəməxsus situasiyaları çıxmaq şərtiylə). Göstərişlər texniki vasitələrlə çatdırılanda insan onun intizam üçün olduğuna daha çox inanır. Bu zaman o özünü daha az təhqir olunmuş sayır, özünü bərabərhüquqlu hiss eləyir, onunla başqaları arasında ayrı-seçkilik qoyulduğu fikrini ağlına daha az gətirir. Yəqin burda göstəriş verənin sir-sifətinin, baxmaq tərzinin, qaş-gözünü nə cür oynatmasının görünməməsinin, intonasiya, mimika və jestlərinin duyulmamasının rolu var. Çünki çox vaxt nəzarət və göstərişin özü yox, onun məhz ifadə tərzi adamlara toxunur. Texniki vasitələr nəzarəti və göstərişi cansızlaşdırıb qurulaşdırmaqla onu xalis iş prosesinə çevirir, onu şəxsiyyətlərarası məsələyə çevrilməkdən qoruyur. Sizi izləmə kamerasından güdən adamla bir yerdə oturub yeyib-içmək daha asandı, nəinki başınızın üstündə durub sizi güdən adamla. Məktubla xəbərdarlıq elədiyiniz adamla axşamüstü banketdə bir yerdə rəqs eləmək daha asandı, nəinki bunu çağırıb özünə dediyiniz adamla. Qiyabi, virtual idarəçilik idarəçiliyin daha mədəni formasını yaradır. Burda insanın şəxsiyyətinə toxunmaq ehtimalı daha azdı. Canlı, birbaşa idarəçiliksə riskdi, burda hər an insanı təhqir eləmək təhlükəsi var. Canlı idarəçilik insandan daha böyük ustalıq tələb eləyir. Burda sən hər hərəkətinin, hər sözünün, oturuşunun-duruşunun yerini bilməlisən, əsəblərin dəmirdən olmalıdı. Qiyabi idarəçilik üçünsə eləcə iş qaydalarını bilmək də kifayətdi.
Göstərişi yazan adamın onu daha mədəni ifadə eləməsi üçün vaxtı var, söz yerinə düşməyəndə onu çıxarmaq, dəyişmək, fikirləşib yenisini tapmaq olar. Göstərişə etirazını yazılı bildirən adamın da öz hirsini boğması üçün imkanı var. Bundan sonra göstəriş verən adamın da etirazı götür-qoy eləməyə imkanı olacaq. Canlı söhbətdəsə buna nail olmaq çətindi. Canlı söhbətdə insan dərhal reaksiya bildirməyə məcburdu və çox vaxt bu sürətin yaratdığı təzyiq mimikaya, intonasiyaya, jestlərə pis təsir göstərir, iş münasibətləriylə şəxsi münasibətlər sistemini qarışdırır, onların ayrı-ayrı yerlərdə durmasına imkan vermir.
Nəzarət ayrı – adam ayrı, göstəriş ayrı – adam ayrı olanda azadlıq daha çox olur. Belə vəziyyətdə nəzarət və göstərişlər daha mexaniki, texniki bir proses kimi qavranır, kiminsə diktaturasının, ovqatının, sənə münasibətinin nəticəsi kimi görünmür, hətta bunun nəticəsi olanda da o qədər çox duyulmur, ona görə bir rahatlıq yaradır.
Nəzarətçinin gözdən itməsi, amma nəzarətin öz yerində qalması məcburi yaradılan intizamla könüllü olan intizam arasında fərqi hiss eləməyə imkan vermir. Burda aydın olmur ki, insan niyə intizamlıdı: özü belə olduğuna görə, yoxsa ona nəzarət olunduğuna görə. Ancaq bir şey aydındı ki, hər bir intizamlı adam nəzarət olmayan yerdə özünü bu cür aparardı. Texnologiyaların nəzarəti sayəsində yaradılan intizam – intizamlı adamın nəzarətsiz şəraitdə özünü aparması modelinə əsaslanır. Yəni burda örnək nəzarət altında olan adamın intizamı deyil, burda örnək nəzarətə ehtiyacı olmayan adamın intizamıdı.
Qırmızı işıqda maşını saxlayan sürücü işıqforun yan-yörəsində quraşdırılan monitorlardan xəbərdardı. Ola bilsin, o, elə də intizamlı adam deyil. Ola bilsin, bir qırmızı işıqda dayanan beş avtomobildən dördünün sükanı arxasında ipə-sapa yatmayan adamlar oturub – onlar ancaq polisi görəndə işıqforda dayanırdılar. İndi polis yoxdu, amma beşi də dayanıb. Qıraqdan baxanda onlar nəzarətsiz görünür. Nəzarətin virtual şəkilə keçməsi intizamsız sürücüləri də intizamlı sürücüyə oxşadıb. Polis kimi monitorların da məqsədi intizamlı sürücünün davranış modelinin qələbəsinə nail olmaqdı. Amma yola polis maşını nəzarət eləyəndə bu davranışa kənar məcburiyyətlə nail olunduğu aşkar görünürdü. İndisə məcburiyyət cildini dəyişib, polis maşınından düşüb, polis libasından çıxıb bir monitorun içinə yığışıb. Nəzarət öz nümayişkaranəliyini itirib. O, daha azadlığın yolu üstə poza alıb dayanmır. Zahirən azadlıq qalib gəlib, heç olmasa mənzərəni, görünüşü öz xeyrinə dəyişib. Belə baxanda bütün sürücülər sərbəst görünür. Elə bil hamısı işıqforda özxoşuna dayanıb. Elə bil heç kim dükanda ona görə oğurluq eləmir ki, heç biri bunu istəmir. Zahirən hamı azad və intizamlıdı. Amma üzdən baxanda belədi. İçərisinə baxanda görürsən ki, əslində heç kim nəzarətsiz deyil və heç də hamı intizamlı deyil. Bununla belə, yeni-yeni nəsillərin bütün avtomobilləri qırmızı işıqda dayanan və heç kimi mağazada oğurluq eləməyən görməsi insanlığın xeyrinədi. Bunun tərbiyəvi əhəmiyyəti polislərin və dükan nəzarətçilərinin aşıladığı tərbiyənin əhəmiyyətindən üstündü.
Adamların kimsəsiz küçələrdə pulla dolu bankomatların yanından saymazyana ötüb keçməsi yeni dövrün yeni əxlaqından xəbər verir. Əvvəlki dövr olsaydı, yalnız gözütox və düzgün adamlar belə eləyərdi. Bəli, indi hamının bunu eləməsi heç də hamının gözütox və düzgün olması demək deyil. Amma hamını gözütoxluğa və düzgünlüyə alışdırmağa doğru böyük bir addımdı. Ümid var ki, bir gün monitorlara da ehtiyac qalmayacaq.
Bu gün canlı nəzarət təkcə monitorların qoyulduğu yerdən götürülməyib. Bəzi yerdə nəzarət – nəzarətçiylə birgə yerli-dibli yoxa çıxıb. Əvvəllər dükanların doxsan faizində mallar satıcının arxasında düzülərdi, indi doxsan faizində mallar satıcının qabağında düzülüb. İzləmə kameralarının olmadığı kiçik dükanlarda da belədi. Daha böyük gözütoxluğa alışqanlıq daha kiçik tamahkarlıqlardan qorunmağı yersiz eləyir. İnsanın daha çətin situasiyalarda nail olduğu intizam daha sadə situasiyalarda intizamı adi bir davranışa çevirir. Həmin sadə situasiyada insan həqiqətən azad və həqiqətən intizamlıdı. İnsanlığın ən böyük nailiyyəti də bundadı. Çünki həmin sadə situasiyada da intizamı nə vaxtsa nəzarət hesabına yaratmaq lazım gəlirdi. Bu günsə orda nəzarətə ehtiyac yoxdu və intizam sarıdan narahat olmağa da ehtiyac yoxdu. Azadlıq və intizam özünün həqiqi birgəliyinə və şərikli qələbəsinə burda çatır.
Siz dünyanın uğurlarını onun çətin işlərlə nə cür əlləşməsində axtarmayın. Siz dünyanın uğurunu onun sadələşdirdiyi işlərdə axtarın. Bu adi işlər nə vaxtsa çox çətin olub. İndiki çətin işlər də asanlaşandan sonra dünyanın uğurları sırasına qoşulacaq.
İlk dəfə bankomatlar küçəyə çıxarılanda adamın ağlına gələn bu olurdu ki, görəsən, buna necə nəzarət eləyəcəklər? Polisləri monitorlar əvəz eləyəndə fikirləşirdin ki, bu nə effekt verəcək? Ancaq texnika çox sürətlə öz qüdrətini göstərdi: pulunu başqasının çıxardığını iddia eləyən şikayətçiyə başa saldılar ki, pulu o özü çıxarıb; monitor mənə neyləyəcək düşünən sürücüyə sübut elədilər ki, monitor polisdən də betərdi, ondan heç can qurtarmaq olmur.
Beləliklə, yeni nəzarət texnologiyaları yeni mədəniyyət formalaşdırır. O hamını düzgün, vicdanlı adamın nümunəsinə tərəf sıxışdırır. Bir vaxt onun yerində dayanan adamlar da bu işlə məşğuluydular. Ancaq nəzarət yerində adamların dayanması kobud görünürdü, nəzarət azadlıqdan çox duyulurdu, məhdudiyyət gözə girirdi, həm də subyektivliyə yol açılırdı, şəxsi münasibətdən, ovqatdan çox şey asılı olurdu. Yeni texnologiyalar mənzərəni azadlığın xeyrinə dəyişir və intizamı yalnız nəzarətin bəhrəsi kimi görünmək, tabeçiliyin əlaməti olmaq qismətindən qurtarır. İntizam zahirən də olsa, azad mühitdə təzahür eləyir.
İntizamın nəyin nəticəsi olması çox vacib məsələdi. Çünki nə qədər çox adam nəzarətə görə intizamlı olsa, nəzarət bir o qədər çox olacaq. Nə qədər çox adamın intizamı nəzarətə bağlı olmasa, nəzarət bir o qədər gülünc görünəcək.
Diktaturanın tələb elədiyi nizam-intizamdan danışmağına dəyməz, burda azadlıq kimi intizam da təhrif olunub, intizam azadlığın əleyhinə yönəlib. Halbuki intizamla azadlıq bir-birinə zidd anlayışlar deyil, ona görə də yalnız azad adamın leksikonunda intizam anlayışı həqiqi mənasını alır və intizamı yalnız azadlığı müdafiə eləyən adamın qavradığı şəkildə qavramaq lazımdı. İntizam diktaturanın lüğətinə aid bir söz deyil, intizam azadlığın lüğətinə aiddi, diktatura onu azadlığın lüğətindən oğurlayıb və təhrif eləyib. İntizam kənardan gələn bir şey deyil, intizam insanın ürəyindən gəlir və insanın ürəyincə olan şeydi. İntizam azadlığın özündən gəlir. O, azadlığın ən böyük müdafiəçilərindən biridi. İntizam yeganə xüsusiyyətdi ki, azadlığın ictimai həyata zidd olmadığını göstərir və azadlığı buxovlamaq cəhdlərini mənasızlaşdırır. İntizam azadlığın ən dinc müdafiəçisidi. İnsanın başqa xüsusiyyətləri azadlığı qoruyanda dava-dalaşla qoruyur. İntizamsa bu işi sakit görür. O, azadlığın sülh qanadıdı. Bizim bu gün uğrunda dava eləmədiyimiz bütün azadlıqlarımızı bizim intizamımız qoruyur. Bu azadlığın bir qismi davayla qazanılıb, amma intizamla qorunur.
İntizam azadlığa haqq qazandırır. O, nəzarəti inkar eləyir. Nəzarətin yeganə söykənəcəyi azadlığın intizamsızlığıdı. Azadlıq intizamlı olan kimi nəzarət əhəmiyyətini itirir. Rus psixoloqlarının bir kitabında oxumuşam ki, azad insanın heç kimlə yola getməyən, heç nəyi bəyənməyən, dağıdıcı, pinti, araq içən, siqaret çəkən, narkotik qəbul eləyən anarxist kimi təsəvvür olunması sovet rejiminə sərf eləyirdi, ona görə də sovet hökuməti bu cür azad adamların əl-ayağını tam yığışdırmağa meyl göstərmirdi, hətta yeri gələndə onlara bir az meydan da verirdi. Çünki sovet hakimiyyəti azad adamın nizam-intizamlı, işə vaxtında gəlib, vaxtında gedən, səliqəli geyinən, araq içməyən, siqaret çəkməyən, narkotikə meyllənməyən, oturuşunu-duruşunu, ağzının danışığını bilən adam kimi təsəvvür olunmasını istəmirdi və ədəbiyyatda, incəsənətdə, kinoda da sovet rejimini qəbul eləməyən azad adamın bu cür təsvir olunmasına imkan vermirdi.
Qabriel Qarsia Markes də həmişə cəmiyyətdə yazıçıya münasibətdə formalaşmış stereotipləri dağıtmağa çalışıb, həmişə qəsdən ən bahalı qalstuk taxdığını, ən son model avtomobilə mindiyini deyib ki, yazıçının pinti, kasıb, adamayovuşmaz təsəvvür olunmasına son qoysun və başa salsın ki, var-dövlət təkcə fırıldaqçılara, bürokratlara və biznesmenlərə deyil, sənətkarlara da yaraşır.
Azadlığın intizamsızlıq kimi qəbul olunması – intizamı azadlığı boğmaq hesabına yaratmaq istəyənlərə sərf eləyir. Hər bir rejim ona qarşı çıxanın dəli olmasını arzulayır, hətta bəzən iynə vurub onu dəli eləyir də. Heç bir rejim ona qarşı ağıllı-başlı, nizam-intizamlı bir adamın çıxmasını istəməzdi.
Azad adamın intizamı onun azadlığa layiq olmasının göstəricisidi. Bu sübut eləyir ki, nəzarəti insanın üstündən götürmək mümkündü və lazımdı, insan azadlıqdan istifadə eləyən varlıqdı, sui-istifadə eləyən varlıq yox.
Heç vaxt öz azadlığınızdan sui-istifadə eləyib onu intizamsızlığa çevirməyin. Azadlığın qədrini bilən adam intizamlı olmalıdı. Nə qədər azadsınızsa, o qədər intizamlı olun. Qazandığınız bütün azadlıqları intizamınızla qoruyun, onların nəzarət altına düşməsinə imkan verməyin. Qazanmaq istədiyiniz azadlıqlar üçün də intizamlı olmalısınız, ixtiyarınızdakı azadlıqları intizamlı şəkildə reallaşdırmaqla sübut eləməlisiniz ki, başqa azadlıqlara da hazırsınız.
Azadlığı anarxiyaya çevirmək azadlığa qarşı ən böyük düşmənçilikdi, çünki o, azadlığı ictimai həyat üçün yararsız hala salır və onun buxovlanmasına şərait yaradır. Azadlıq məhz intizamla qoşa addımlayanda əks hücumlardan yaxşı müdafiə olunur.
İntizam azadlığın bir növ ağlıdı, səbridi, o, azadlığı çılğınlıqdan, dəlisovluqdan qoruyur. İntizam azadlığın müdrikliyidi. O, azadlığın daha təcrübəli, yetkinləşmiş və üstünlük qazanmış bir formasıdı. İntizamsız azadlığa qalib gəlmək asandı. Oğul istəyirəm intizamlı azadlığa qalib gəlsin.
Sizin azadlığınızı əlinizdən almaq istəyənlər sizi təxribata çəkmək istəyəcəklər. Sizi təxribata çəkənlər sizin intizamı pozmağınızı istəyəcəklər. Siz hər azadlığınızda intizamlı olun, qalanı nə olar, olar.
Azər Qaraçənli
“Azadlıq nitqləri”ndən, 2009-cu il