Oqtay Qorçu
İngilis alimlərinin qənaətinə görə, insan beyni genetik ötürülən mənəvi vərəsədir. Yəni oğullar öz ağıllarını, biliklərini atalardan, analardan siqnal təki qəbul edir. Belə nəticəyə gəlmək olar ki, valideynlərin və nəslin şüur dərəcəsi, ruh halı, biliyi, düşüncəsi bir insan övladının yaddaşında cəm olub böyük informasiya toplusu təki həm də yeni formalaşan ağlın gələcək istiqamətini müəyyən edir. Deməli, bizim beynimiz həm də bizim keçmişimizin xüsusiyyətini özündə cəmləyən tarixi qarantdır.
Ağlın düzgün yolu üçün vacib olan şərtlərdən biri də beyində hər gün xeyirli ideyaların və düşüncələrin əks olunması, beyni “sevindirən” xoş reaksiyalara şərait yaradılmasıdır. Belə proses davamlı olanda yeni-yeni neyronlar doğulur, beynin “həmişəyaşıl” mühiti formalaşır. Xüsusilə dörd rəngə – yaşıla, sarıya, maviyə və qırmızıya daha həssas olan beynin rənglərin cazibəsinə tez düşməsi və bunun nəticəsində aktivliyini on dəfə artırması insan ağlının, insan beyninin təbii və əvəzsiz bir ilahi nemət olduğunu, bu mənəvi payın ruhi əslinin sülhməramlı olduğunu sübut edir. Bəşər övladının ağlı və beyni özlüyündə həm də Tanrının iradəsini ehtiva edir. Beyin Yaradıcının siqnalını qəbul edir və hesabat verir. Bu baxımdan ingilislərin araşdırması heç də yenilik deyil, bu ölkədə tədqiqatçıların ağıl haqqında ortaya qoyduğu kəşfin vətəni əslində 1400 il öncəki islam Ərəbistanıdır. Alimlərin dedikləri hələ 14 əsr qabaq ayələri Həzrət Məhəmmədin dilindən eşidilən müqəddəs “Quran”da əksini tapıb.
Ağıl ilahi nizamın qanuna uyğunluğudur. Ağıl ilk mənəvi formatdır ki, ona kənardan süni müdaxilə mümkünsüzdür. Ağıl, düşüncə tərzi iradə və intellekti özündə birləşdirir. Ağıl bütün insanlara təmənnasız bəxşiş edilib və adamlar arasında hər kəsin azadlıq dərəcəsinə, həyatına, fəaliyyətinə, ideyalarına, tale yazısına uyğunluq prinsipi ilə bölüşdürülüb. Ağıl tək düşüncə mənbəyi deyil, həm də azadlıq təsəvvürləri haqqında bilgidir. Ağlın təqdimatında ortalığa çıxan ideyalar bəzən yozumuna görə qırmızı xətti keçəndə artıq şüurda pozulma baş verir. Beynin yaddaşındakı informasiyaların kütləvi təhrifi ilk baxışdan praktiki yeniliyə bənzəsə də, ideya xüsusiyyətinə görə əslində şər formata keçid deməkdir. Yəni hər yenilik heç də dünyəvi xilasa, sülhə, elmi-texniki tərəqqiyə, genetik inkişafa xidmət etmir, əksinə, bəzi yeniliklər qlobal fəsada, xaosa, mutasiyaya aparıb çıxarır. Dünya elmində bu cür fəsad törədə biləcək cəhdlər indi də var və proses ölülərin beynini köçürüb onları diriltmək planında da özünü göstərir. Beyin təbii orqandır və onu süni yaradılışın bir hissəsinə çevirmək cəhdi, sözsüz ki, uğursuzluğa məhkumdur. Beynin kosmik fəza ilə əlaqəsinə müdaxilə etmək, onu Tanrı şəbəkəsindən ayırmaq mümkün deyil. Biz bütün siqnalları beynimizlə qəbul edirik, beynimiz və hissimizlə kodlar, şifrələr çözülür, paralellər aparılır, situasiyaya uyğun reallıq konsepsiyası meydana gəlir və bizim beynimiz, bizim ağlımız fəaliyyətimizi bioloji varlıq olaraq həm stimullaşdırır, həm də xarici aləmə, mühitə uyğun balanslaşdırır. Beyin hər gün inkişaf edir. Amma beyin aktiv olduğu qədər də ağlın ucbatından məhvə məhkum ola bilər. “Beyni korşalıb”, “ağlı kəsmir” deyimləri heç nədən yaranmayıb ki…
İnsan yeganə şüurlu canlı kimi qəbul edilir, lakin bəşər övladının əqli üstünlüyü, ağlı, düşüncəsi də müəyyən həddə, ilahi nizam çərçivəsinə görə qərarlaşıb. Yaranışdan üzü bəri Adəm övladının ağlına gələni eləməsinin, ağlı kəsənə, ağlı kəsməyənə qol qoymasının necə tarixi dəyişikliklərə səbəb olduğu hamıya məlumdur. Ağıl bəzən müəyyən inkişaf həddində hisslərin, harmoniyanın pozulması nəticəsində sapmalara yol verə bilər. Hər gün inkişaf edən, informasiya yenilikçisi olan, nəhəng enerji şəbəkəsinə malik zəngin beyin bloku, ağlın mövcud konstruksiyası kənar informasiyalara, mənfi siqnallara, format dəyişikliyinə məruz qaldığı zaman ali nizamın sərhədi pozulmuş olur. Bu zaman mənfi impulslara köklənən insan ağlı, beynin qərarlarına deyil, daha çox instinktlərə üstünlük verir və müəyyən məqsədlərə çatmaqdan ötrü parametrlərə dəyişiklik etməklə, əslində, təbii prosesin axarından çıxıb süni keçid dövrü yaratmağa cəhd edir.
O qədər eşitmişik belə sözləri: “Bu işdən ağlım bir şey kəsməsə də, mütləq nəsə eləməliyəm”. Məhz belə adamların inadkar, nida döyən qərarları faciə törədir, iblisə geniş meydan açır.
Və insan yaxşı anlayır. Kosmik informasiyalar alan, yerdəki mənbələri məntiq fəlsəfəsinə uyğunlaşdıran insan oğlu yaxşı bilir ki, ağıl əldə edilməyib, o maddi deyil, mənəvidir və birbaşa canlı orqanizmin yaşam dövrünü, həmçinin tale yolunu, ideyasını müəyyənləşdirir. Bizim işlək beynimizin funksiyası tək oksigendən ibarət deyil, beynimiz bizləri müəyyən məqamlara çatdırır, bizlər isə beynimizi yetişdirib ondan ağıl adlı əvəzsiz bir məhsul alırıq. Bu, Allahın verdiyi ən yüksək və insandan başqa heç bir canlıya qismət olmayan mükafatdır. Təsadüfi deyil ki, islamın müqəddəs kitabı olan “Qurani-Kərim”də ağıl və onun hikməti barədə neçə-neçə Allah kəlamı – ibrətamiz ayələr mövcuddur. Müqəddəs kitabda, “Bəqərə” surəsinin 269-cu ayəsində ağıl barəsində insanlara müraciətlə belə buyurulur: “Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilibsə, ona çoxlu xeyir verilib. Bunu ancaq ağıllı adamlar dərk edə bilər”.
Ağlı dərk etmək, ağılla dərk etmək isə heç də hər adama qismət olmur.