Oqtay Qorçu
Bu ağılla, bu düşüncəylə hara gedirik, bir Allah bilir…
Şüur insana Tanrı payıdır, bunu danmaq mümkün deyil. Bəşərin əşrəfi olan insanla bərabər yer üzündəki bütün canlı məxluqatın zehni, əqli dərəcəsi isə, sözsüz ki, ətraf mühitin nizamı ilə həmahəngdir. Yer üzünün, mövcud nizamın ayrılmaz hissəsi olan insan ağlının, onu inkişaf etdirən hisslərin öz hərəkət cədvəlindən çıxması, çox zaman müstəqil, ancaq təhlükəli qərarlar qəbul etməsi isə xaos yaradır.
İnsan ağlı, demək olar ki, təhlükəyə çevrilib, əzəli funksiyasını, sülh missiyasını itirməklə şərin cazibəsinə daxil olub. Dünya yenidən təhrifə uğrayır, bəşərin sonu adlanan qiyamətin tezliklə gəlməsi ehtimalı get-gedə artır.
Ağıl özlüyündə kosmik siqnallar qəbul edən praqmatik bir mənbədir. Bu mənbənin yaradıcısı İlahi qüvvə olduğundan ağıl bütün parametrlərinə görə yerin və göyün istəklərinə uyğun mükəmməldir. Yəni ağlın əvəzedicisi yoxdur, o elə bir proqramdır ki, ancaq özü alternativ yarada bilər. Ağıl milyonlarla informasiyanı beyin vasitəsilə qəbul edib, instinktiv və lakonik düşünərək faktla riskli ehtimalı bir-birindən ayıra bilir. Ağlın tədqiqatı, apardığı analiz, demək olar ki, 60 faiz reallığa söykənir, beyinin məqbul şəraitə sürətlə uyğunlaşması, ağlın şəbəkə daxili və şəbəkə xarici proseslərə paralel nəzarət etməsi, individual təsir bağışlaması tezliklə insana münbit mühit şəraitində fəaliyyət göstərmək imkanı yaradır. Ağıl yaratmağı bacarır. Onun konsepsiyası da elə budur. O bitib-tükənməz ideyalarını hisslərin təqdimatında verir. Ağlın iradəsi insana tez bir zamanda reallığa uyğunlaşmağa, vacib qərarlar qəbul etməyə, yəni düzgün seçim etməyə imkan verir.
Ağıl özündə xeyirin ideyalarını ehtiva edir. Lakin potensialı, beyinin funksional tələbatı və düşüncə mərkəzləri ona şər informasiyaların daxil edilməsi imkanını da verir.
Ağlın inkişaf istiqaməti, insanın bəşəriyyətə təqdim etdiyi ideyalar, təkliflər zaman-zaman müxtəlif nəticələr verib. Tarixdə dəfələrlə sübut edilib ki, insan ağlı, insan düşüncəsi öz miqyasını süni yolla böyütməyə cəhd göstərəndə, potensialını çox şişirdib bəşər övladının hissləri ilə müharibəyə girəndə bu onun məğlubiyyəti ilə nəticələnir. Bəzən insan daha çox ağıllı olduğuna görə məğlub olur, zamana qalib gəlməyi düşünən tək bir reallıq faktına qurban gedir.
Beləliklə də, deformasiyaya uğrayan ağıl, öz məntiqindəki “təsadüfdən zərurət doğulur” fəlsəfəsinə uduzan insan düşüncəsi reallıqdan uzaqlaşaraq həm də gələcək faciənin özülünü qoymuş olur. Ağlın açdığı meydanda ancaq ağıl özü uduza bilər, əgər ağıl ətrafa zərurətdən doğmayan ideyalar ixrac edirsə, zərərli praktikanın konsepsiyasını yaradırsa, demək, bu, ağlın alt qatında gedən bir prosesin, “şeytani ağılın” fəallaşmasıdır. Ağlın belə bir istiqamət müəyyənləşdirməsi ruhi dəyişkənliyə səbəb olur. Ruh – daimi və itirilməyən enerjidir, o, fiziki yaradılışın var olmasında beyinlə əlaqədə olan əsas amildir. Ruh – insan irsinin, bəşər övladının təkamülünün özülü, başlanma səbəbidir. Ruhani inkişaf və ruhi deqradasiya bütöv bir maddi orqanizmi xilas, yaxud da məhv etməyə qadirdir. Beyinin, ağılın mənfi ovqata köklənməsi, xoşagəlməz proseslərə rəvac verməsi insanın ruhani çevrəsində “qara dəliyin” yaranmasına, ruhun mənəvi qida təki sovrulmasına, eyni zamanda ağlın çürüməsinə səbəb ola bilər.
“Ağıl ürəyə nəzarətçidir” məntiqi ilə oturub-duranlar çox zaman prosesin axarını ağlın qəbul etdiyi qərarlara buraxmaqla bəşəriyyətin və fiziki mövcudluğun xilaskarı ola biləcək ali mənəviyyata böyük zərbə vurmuş olurlar. Beləliklə də, öz əslindən qopan ağıl təhlükəli bir nəzarətçiyə çevrilir. Onun irəliləyib ən yüksək həddə çatması təkamülün belə sonuna səbəb ola bilər. Ağıl genetik ötürülür, məhz buna görə bəzən beyin özündən əvvəlki informasiyaları çözməklə yanlışa yol verir və alternativ enerji axtarmaqla artıq yüklənmiş qiyamçı kimi görünür. Və istiqamətini yanlış olaraq dəyişən beyinin funksiyaları yeni, özünəməxsus düşüncə tərzi işləməklə sanki onun sxemini quranın, ona enerji verənin, onu Yaradanın missiyasını unutmuş olur.
Bizlərdə söz düşəndə buna belə deyərlər: “Allah ağlını alıb”.
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi • Toyda ehsan • Dili bəlaya çevirənlərin növbəti qurbanı • Tabuta kim girməlidir?! • Qada-balasını yerə tökən adamlar • Kişinin oğlu başdan-ayağa Hikmətdir… • “Başsız” Məhəmməd qandı ki, öləcək… (Hekayə) • İmperiyaya cavab zərbəsi • Alim öldü… • Üçüncü imperiya