İbrahimxəlil
Bir vaxtlar Hələb bazarlarında – olsun Dəməşq, misilləmə misal üçün, ya da Bağdad bazarları – nələr yox imiş? O necə deyərlər, quş iliyi, can dərmanı! Quş iliyi, can dərmanı olan yerlərdə də serotonin (həzz hormonları) azlığından şikayətmi ola bilərdi?..
Amma elə ki, bu qədər məsafə maneəliyinə rəğmən, Hələb tərəflərdə, Bağdad bəndərgahlarında yurd-yuva, küçə-bazar bombalanır, onda Hələbdən, Bağdaddan bu qədər arazbarı uzaqlarda, Əyriqarın ətəklərinə yaxın bəni-adamın yuxusu da itir… Yarıalmatək oxşar misal olduğu üçün bu yerdə nəsrdən nəzmə də keçmək olar; necə ki, oxşar minvalla arada-sırada sözlə deyə bilmədiyimizi sazla deməli olurduq:
Bilirəm şirin yatırsan…
…Bağdad, Kərbəla yatır.
Bilirəm şirin yatırsan –
yuvası uçan belə yatır!
…Ümidimi yel ağzına
cəllad ətbala çıxardır.
Mənim yuvam Göyçədədir,
odur, dərd – bala çıxardır.
Müxtəsəri, yurdu-yuvası uçmaqdan böyük dərd-azar arazbarı az-az olur…
Sonra eşidirəm ki, oraların müsibətləri ucbatından buralar bəni-adamına təcili olaraq psixoloq yardımı lazımdır. Psixika əbəs yerə “ruha aid olan” mənasını vermir ki! Amma Yuqoslaviyada, Qarabağda, Çeçenistanda, Abxaziyada, Suriyada, İraqda, Ukraynada – sərhesab siyahıya qalanda gərək onu digər qalaktikalara qədər uzadasan – hər yuvası, yurdu uçana psixoloq axtarılsa, gör onda yeganəmiz Yer üzünün “ruhi vəziyyəti”nin şəklini çəkmək üçün hansı neçə sinir impulsları lazım olardı?..
…Ağrılı olan bir də burasıdır ki, yuvaları uçan oralar yuvası uçmayan buralara elə dərin təsir edir ki, buralar bəni-adamının yuvası, evi-eşiyi uçmasa da, başı üstündə damı salamat qalsa da çiynindəki başı, başındakı… neyron yuvaları “uçur”!.. Vahid Vəhdət Dünyasında nələr olmur!
Və buralar bəni-adamını psixoloqa aparırlar. Psixoloq da neyron – sinir sisteminin əsas funksional və quruluş vahidi; əsəb hüceyrələri – yuvaları nişangah altında olan buralar bəni-adamının yuvası uçan başının elektroensefaloqramına baxır, onun beyninin bioelektrik aktivliyini artırmağın yollarını arayır. Axı son zamanlar neyron yuvası “uçan”ın müalicəsində onun öz neyronlarının “melodiyası”nı, beyin “musiqisi”ni bərpa edib özünə dinlətməklə yaxşı nəticələr qazanılıb. Bioakustik korreksiya metodu adlanan metod haqqında eşitmiş olarsan… Əlbəttə, toz-tozanaq sözümün təkrarı bunda deyil…
…Psixoloq buralar bəni-adamına təlqin eləməyə çalışır ki, bəs deməzsənmi, axı Suriya, İraq buralardan çox uzaqdır; oralarda yuvası uçanların aqibəti buralarda sənin yuvanı niyə bu minvalla uçurmalıdır ki?.. Axı istəsən də, istəməsən də Yer kürəsi yeganəmiz olsa da yer üzündəki maraqlar müxtəlifdir; özü də çox müxtəlifdir! Kimdir öz marağını – şəxsi maraq olsun, ya da ümumi, milli maraq olsun, ya da qeyri-milli; fərq etməz – bəşəriyyətin marağına qurban verən? Özün fikirləş: başımızdakı bir balaca yuvaya 100 milyarddan (!) artıq neyron niyə sığa bilir ki, o boyda böyük yuvaya-yurda – psixoloq mübarək əlləri ilə Süsən-Sünbül tərəfləri göstərir – Mirzə Mikrobla Mirzə Virus (hələ Mirzə Qoturu demirəm) sığmır?
Buralar bəni-adamı da durub müqəssir-müqəssir nə desin? Bu patologiyadan, xronoki stresdən, depressiyadan qurtulmağın üsulunu özü bilmir axı!
…Onsuz da göy üzünün altında çox zamanlar üslubu dayazda olanlar üzdə olur…
P.S. Mən buralar bəni-adamına deməkdən doymurdum ki, idrakın yüksək səviyyəsi rasional idrakdır, hissi idrak deyil. Yəni demək istəyirdim ki, gəl vaz keç, fikrin Hələbdə az qatır satsın! Hələ dəvəsi ölən ərəb bir yana, ərəbi ölən dəvənin dərdi sənə qalmayıb ki!..
Müəllifin başqa yazıları: