İbrahimxəlil
Bildiyiniz kimi, dostum Mirzə Qələm Süsən-Sünbüldə yaşayır. İyulda onlara qonaq getmişdim. İndi sizə haqqında danışmaq istədiyim qotur çaqqalı da qonaq getdiyim vaxtdan manşırlamışdım.
Pipiyi qan xoruzu həmin çaqqaldan saldırdığım üçün, açığı, istəmədiyim halda – axı Mirzə Qələmin ailəsi bir düjündür – çaqqaldan canını qurtarmış xoruz kəsildi. Duz-çörəkdən sonra Mirzə Qələm şikayətə başladı:
– Ay müəllim, sən ki, həm də tanınmış – kaş Sarvanda bilən olmaya – ovçusan, bu çaqqalın əlindən lap təngə gəlmişik. Bizə bir çarə!
Dedim ki, Mirzə, heç qəm yemə. Qoy ov mövsümünün vaxtı gəlsin, inşallah, bu çaqqalın da ölümü gələr.
Ov mövsümü girən kimi özümü Süsən-Sünbülə yetirdim. Təbii ki, qənimət şəhadətnaməsi də almış, ovlayacağım heyvan üçün müəyyən məbləğ də ödəmişdim. Bir sözlə, ov lisenziyam qaydasında idi!
Gəlib nə görsəm yaxşıdır? Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Demək istəyirəm ki, biçarə dostumun bütün toyuqlarını, bütün xoruzlarını qotur çaqqal daşıyıb aparmışdı. Qəzəbim birə-beş artmadımı?
Patrondaşımı, tüfəngimi götürüb, Səməd Vurğunun məşhur şeirini – Allah rəhmət eyləsin, deyilənə görə o da mahir ovçu imiş – zümzümə edə-edə gedirdim:
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım.
Dağ başından enib düzə,
Bir ox kimi süzə-süzə…
Ov yerinə yaxınlaşıb sözümü tamam etməmiş, iki nəfər qabağımı kəsdi. Proloqsuz-filansız bəyan etdilər ki, buralarda ov etməyə ixtiyarın yoxdur, buraları biz almışıq, ancaq biz ov ovlaya bilərik buralarda! Yəni buraların sahibi, sahibkarı bizik!
Baxıram, bu adamlar doğrudan da, Mirzə Fətəli demiş, Tuğ ermənilərinə – kinoda görmüşdüm – oxşayırlar; yəni buralı deyillər. Deyirəm ki, mən Süsən-Sünbülə dostum Mirzə Qələmin toyuqlarını qırmış qatil çaqqalın dalınca gəlmişəm. Fikrim heç də sizintək qaban ovlamaq – heç dovşan da – deyil! Süsən-Sünbül adını eşidən kimi lap cin atına mindilər. Sən demə, mən kəndin pasportdakı adını deməliyəmmiş. Yəni, misilləmə misal üçün, hansı minvalla ki hazırda Faxralının adı Talaveri, Arıxlının adı Naxiduri, Saraclının adı Mamxutidir, eynən həmin minvalla Süsən-Sünbülün də “modern ad dəftəri”ndə qeyri adı var imiş. İstər-istəməz idəşirəm: axı bu Süsən-Sünbül bütün “anti”lərinə baxmayaraq, sevimli xalq mahnımın adıdır!..
Deyirəm ki, ey Adəm övladları, vallah, billah bütün sənədlərim qaydasındadır, qoyun gedim qotur çaqqalı ovlayım. Bir də niyə sizə olur, mənə olmur? Axı – azından – unudulmaz Terenti Qranelinin, unudulmaz Merab Mamardaşvilinin nə boyda vətəni idisə, mənim də o boyda vətənim olan Gürcüstanın bir zərrəsi olan Süsən-Sünbül “yupyumru eşq dolu” (ifadə Vaqif Bayatlınındır) yuvamdır.
Kimə deyirsən? Kor-peşman geri qayıtdım. Əhvalatı Mirzə Qələmə danışdım. Dedi ki, ay müəllim, nə etməli, görünür ov da imkanlıların ixtiyarındadır.
P.S. Nağıl etdiyim əhvalat 1997-ci ilin 17 dekabrında baş verdiyi üçün çox detalları unutmuşam. Sadəcə, ov mövsümü gəlib yetişdiyi üçün xatırladım…
Gürcüstan indi elə azad ölkəyə çevrilib ki, harada kefin istəyirsə, get orada ovun qanlı olsun! Təki vergilərini vaxtında ver! Qaldı ki, dostum Mirzə Qələmin toyuq-cücəsi… hamısı yerli-yerindədir.
Çaqqallar isə eşitdiyimə görə indi də Filan-Fəsmana dadanıblar. Heyif ki, mən ovçuluğun daşını çoxdan atmışam.
…hər halda sən macal tapıb yaz görüm sizin kənddən neçə ovçu çıxıb?..
Yeri gəlmişkən, dünən Gürcüstan parlamenti qoruqlarda da ov etməyə icazə verdi.
Təkcə Milli Heyvanat Parkının ərazilərində ov etmək qəti qadağandır! Unutma!
Müəllifin başqa yazıları: