“Hərb və sülh” rus xalqının mübarizəsi haqqında yox, Allahın tarix üzərində gəzişməsi haqqındadır”
“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşırlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edir. Saytın budəfəki müsahibi nasir Fəxri Uğurlu olub. O, böyük rus yazıçısı Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyasından danışıb.
– Sizi ən çox təsirləndirən yazıçı kim olub?
– Sevdiyim yazıçı çoxdur, saysam, uzun siyahı alınar. Hələ uşaqlığımdan dərindən təsirləndiyim, bu günə kimi də ustalığına heyran qaldığım yazıçılardan biri, bəlkə də, birincisi Lev Tolstoydur. Onun çoxlu hekayələri, povestləri ilə yanaşı üç romanı var: “Hərb və sülh”, “Anna Karenina”, bir də “Dirilmə”. Tolstoyun dünyanın bir nömrəli yazıçısı olduğu çoxlarında şübhə doğurmur. Böyük şairlərin, yazıçıların bir qismi öz şah əsərini yaradıcılığının erkən mərhələsində, bir qismi də ömrünün sonuna yaxın, tam yetkinləşmiş yaşlarında yazıb (Höte kimi bütün ömrü boyu yazan da var). Tolstoyu birincilərə aid eləmək olar. “Hərb və sülh” onun ilk romanıdır. Dörd cildlik bu əsər Rusiya tarixinin olduqca mühüm bir dövründən bəhs eləyir. Əsərdə yüzlərlə personaj var.
– Demək istəyirsiniz “Hərb və sülh” Tolstoyun şah əsəridir?
– Nəinki Tolstoyun, “Hərb və sülh” bütün rus ədəbiyyatının, bütün dünya nəsrinin şah əsəridir. Tolstoy bu romanı 35-41 yaşlarında yazıb. Mən indi “Hərb və sülh”ü yazıb bitirmiş Tolstoydan bir neçə yaş böyüyəm, ancaq bu gün də əsəri varaqladıqca, oxuduqca heyrətə gəlirəm: bu cavan oğlan o boyda işin öhdəsindən necə gəlib? Dediyim kimi, “Hərb və sülh”ə qədər Tolstoy roman yazmamışdı, bir sıra hekayə, povest dərc elətmişdi. 34 yaşına çatanda o, 18 yaşlı həkim qızı Sofya Andreyevna Berslə ailə qurdu. Bundan bir il sonra – 1863-cü ildə romanı yazmağa başladı. Əslində, Tolstoy ömrünün ana kitabını daha əvvəl yazmaq istəyirdi, ancaq bu ağır işin altına girməyə hələ təcrübəsi çatmırdı. Roman üzərində işləməyə yeni başladığı vaxtlarda o, əsəri 5 hissəyə bölməyi nəzərdə tutmuşdu. Yekunda 4 cildlik bir roman-epopeya ortaya çıxdı. Hər cild də özlüyündə hissələrə bölünür.
Ancaq mövzu seçimində, öz qəhrəmanlarını hansı tarixi dövrün fonunda canlandırmaq məsələsində Tolstoyun tərəddüdləri olmuşdu. Əvvəlcə o, dekabristlər haqqında roman yazmaq istəyirdi. Bəlli olduğu kimi, 1850-ci illərin ortalarında dekabristlər 30 illik sürgün həyatından sonra Peterburqa qayıtmışdılar. Tolstoy Rusiyaya, tarixə, Allaha onların gözüylə baxmaq istəyirdi. Ancaq sonra nədənsə yazıçı bu fikrindən daşındı. Mövzu, tarixi fon axtarışı Tolstoyu aparıb 1812-ci il müharibəsinə çıxardı.
Əvvəl-əvvəl böyük sənətkar yazmaq istədiyi romana forma tapmaqda çətinlik çəkirdi, çünki onun demək istədiyi mətləb ənənəvi roman qəliblərinə sığmırdı. Bu ərəfədə Fransada Viktor Hüqonun “Səfillər” romanı çap olundu, çap olunmağıyla da bütün dünyaya səs saldı. Ədəbiyyat tarixinin bu böyük hadisəsi 1862-ci ildə baş vermişdi, onda Hüqonun 60 yaşı vardı. Tolstoya bu roman möhkəm təsir göstərmişdi, bununla bağlı hətta belə bir rəvayət də danışılır: yazıçı Parisdə hansısa kitabxananın yandığı xəbərini eşidəndə deyir qoy bütün Paris, lap bütün Fransa yansın, bircə “Səfillər” yanmasın…
Bir sözlə, Hüqonun beş hissəlik epopeyasını oxuyandan sonra Tolstoy öz romanını hansı formada yazmalı olduğunu anladı.
Hər biri hissələrə bölünən 4 cildlik “Hərb və sülh”ün sonuncu cildinə roman-epopeyanın təqribən 120 səhifəlik epiloqu da əlavə olunub. Epiloq da iki hissəyə bölünür. Birinci hissədə hadisələrə, qəhrəmanların taleyinə, ikinci hissədə isə bir sıra bölmələri, fəsilləri müşayiət eləyən tarixi-fəlsəfi-dini mülahizələrə, ricətlərə yekun vurulur. Yəni epiloqun təxminən 50 səhifəlik ikinci hissəsi tarix, din, Allah, zərurət, azadlıq məsələlərinin həllinə həsr olunmuş traktatdır.
“Hərb və sülh” öz dövrü üçün həm məzmun, həm də forma baxımından yenilikçi roman idi, di gəl, bu yenilik heç də birmənalı qarşılanmadı, ciddi ədəbi dairələrdə əsəri böyük mədəniyyət hadisəsi sayanlarla yanaşı bəyənməyənlər də oldu. Məsələn, böyük rus yazıçısı, “Bir şəhərin tarixi”, “Cənab Qolovlyovlar” kimi məşhur əsərlərin müəllifi Saltıkov-Şedrin deyirdi ki, “Hərb və sülh” ona çərənçi rus dayələrinin uzun qış gecələri boyunca uşaqlara danışdığı bitməz-tükənməz mənasız nağılları xatırladır… Ancaq bu sözləri Şedrinin nadanlığı, ya paxıllığı kimi yozmaq olmaz, belə bir fikrin yaranmasına fərqli ədəbi-estetik-fəlsəfi baxışlar səbəb olub, başqa sözlə desək, Saltıkov-Şedrinlə Tolstoyun ədəbiyyatın vəzifəsi, missiyası ilə bağlı mövqeləri bir-birindən çox fərqlənirdi. Əgər biz ədəbiyyatı şərti olaraq beşmərtəbə binaya bənzətsək, onda görərik ki, Şedrin bu binanın üçüncü, Tolstoy isə beşinci mərtəbəsində məskunlaşıb; üstəlik də, bu binanın aşağı mərtəbələrindən yuxarı qatları görünmür, ancaq yuxarıdan baxanda aşağıdakılar aydın seçilir.
– Bir roman-epopeya kimi “Hərb və sülh”ün özəllikləri, çoxşaxəliliyi barədə nə deyə bilərsiniz?
– Altı il ərzində Tolstoy bu əsər üzərində dönə-dönə işləyib, romanın üzünü yeddi dəfə köçürüb (bu işdə Sofya Andreyevna ona çox böyük kömək göstərib). Əsərdə 500-dən artıq, bəzi fikirlərə görə, 600-ə yaxın obraz var, bunlardan aşağı-yuxarı 200-ü öz adıyla təqdim olunur. Romanın mərkəzində 1812-ci il hadisələri, yəni Napoleonun Rusiyaya hücumu zamanı baş verənlər dayansa da, qəhrəmanların tarixçələri xeyli əvvəldən – 1805-ci ildən ta 1813-cü ilə qədər izlənir. Epiloqun birinci hissəsində isə əsas qəhrəmanların yeddi il sonrakı həyatı təsvir olunur.
Əsərdə mənzərəsi çəkilmiş dövrün fonunda üç ailənin – Rostovlar, Bolkonskilər, bir də Kuraginlər ailəsinin tarixçəsi daha çox qabardılır. Roman boyu bu ailələrin yolları dönə-dönə kəsişir. Bununla belə, “Hərb və sülh”ü nə ailə romanı, nə də sözün ənənəvi mənasında tarixi roman saymaq olmaz. Adını çəkdiyim ailələrin tarixçələri real həyatdan götürülüb: Rostovlar ailəsinin prototipi Tolstoyun ata nəsli, Bolkonskilər ailəsinin prototipi isə yazıçının ana tərəfdən nəslidir. Məsələn, Nikolay Rostov Tolstoyun atasının, Borodino döyüşündə aldığı ağır yaradan ölən knyaz Andrey Bolkonskinin bacısı, sonradan Nikolay Rostova ərə gedən knyajna Marya isə yazıçının anasının obrazıdır. Tolstoyun anasının qızlıq soyadı Volkonski idi, bu da, göründüyü kimi, Bolkonski familiyasından bircə hərflə fərqlənir.
Onu da deyim ki, Lev Tolstoy öz valideynlərini çox erkən – anasını iki, atasını doqquz yaşında itirib, buna görə də cavanlığında həmişə isti ailə ocağının həsrətiylə yaşayıb. Evliliyinin ilk illərində yazıçı özünü çox xoşbəxt sanırdı. Sofya Andreyevnadan onun 13 uşağı dünyaya gəlmişdi, bunlardan beşi uşaqkən tələf olsa da, səkkizi böyüyüb boya-başa çatmışdı.
– Bu deyilənlərə əsaslanıb “Hərb və sülh”ə avtobioqrafik roman deyə bilərikmi?
– Bir az demək olar, yəni roman həm də avtobioqrafik xarakterli əsərdir. Materialı həyatdan götürülsə də, çar Aleksandr, komandan Kutuzov, imperator Napoleon, Mürat, Baqration kimi tarixi şəxsiyyətlərin obrazı yaradılsa da, əsərə heç tarixi roman da demək olmaz. Mövzusu o dövrdən götürülsə də, “Hərb və sülh” rus xalqının fransız işğalına qarşı mübarizəsi haqqında yox, Allahın tarix üzərində gəzişməsi haqqındadır. Təxminən belə deyərdim: Hegelin fəlsəfi dillə təsvir elədiyi ilahi mənzərəni Tolstoy bizə bədii dillə göstərib (ancaq bunu deməklə bu iki dahinin dünyagörüşlərini tam eyniləşdirmirəm). Yəni Allah, Dünya Ruhu deyilən yaradıcı güc, nəhəng qüvvə Tarix deyilən yol boyunca gəzişir, gəzişdikcə cürbəcür kombinasiyalar qurur, özüylə ziddiyyətə girir, özünə qarşı gedir, özü özüylə savaşır, sonra da bu savaşdan qələbəylə çıxır. Tolstoyun yanaşmasına görə, insan bu tarixi kombinasiyaların əsl səbəbini dərk eləyə bilməz. Bu baxımdan yazıçı romandakı şər qüvvələri, heç Napoleonun özünü də qınamaq xətti tutmur, eləcə onların ruhi-psixoloji vəziyyətini təhlil eləməklə, şərin anatomiyasını, iç üzünü açmaqla yetinir. Yeri gəlmişkən, roman boyu böyük yazıçı yüzlərlə personajdan heç birinin üstündən elə-belə keçmir, irili-xırdalı bütün qəhrəmanların qəlbini “rentgen şüasıyla” analiz eləyir.
Bir məsələni də diqqətə çatdırım: Tolstoy əvvəlcə əsərin adını “Axırı yaxşı qurtaran hər şey yaxşıdır” (“Xoroşo vsyo, çto konçayetsya xoroşo”) qoymaq istəyib. Bu ad müəllifin ideyasını tutarlı ifadə eləyir. Tolstoy yalnız yaxşı işlərə yox, müharibəyə, qırğına, nifaqa da, bir sözlə, olmuş-olacaq bütün hadisələrə Allah işinin tərkib hissəsi kimi baxdığına görə tarixə optimist yanaşırdı, sonunda hər şeyin yaxşı olacağına inanırdı. Tolstoyun yanaşmasına görə, nə baş verirsə, hamısı ilahi qüvvənin planı əsasında baş verir. Bu baxımdan, onun yaratdığı Kutuzov obrazı da tarixi Kutuzovdan fərqlənir: Tolstoyun Kutuzovu öz varlığıyla xalq ruhunu mükəmməl səviyyədə ifadə eləyən, ilahi iradəyə bir əsgər sədaqətiylə sözsüz tabeçilik göstərən, tarixi zərurət qanunlarını idrakıyla yox, qəlbiylə duyan, buna görə də təmkinini itirməyən, yersiz insan itkilərindən yayınmağa çalışan, təkəbbür, nifrət nə olduğunu bilməyən bir mömin qocadır. Öz missiyasını başa vurandan sonra Kutuzov tarixi səhnədəki yerini səssizcə boşaldır, yəni ölür.
Epiloqun fəlsəfi hissəsində böyük mütəfəkkir azadlıq-zərurət qarşıdurması üzərində dayanır, filosoflarla polemikaya girir. Tolstoy azadlıqla zərurətin barışmazlığı haqqında deyilənlərə qarşı çıxır, onun fikrincə, istər tarixin gedişatında, istərsə də ayrı-ayrı adamların fəaliyyətində bu iki anlayış antaqonist mövqedə durmur, əksinə, bir-birini tamamlayır. Tolstoya görə, azadlıq həyatın məzmunu, zərurət isə formasıdır. Fəlsəfi epiloqun yekununda yazıçı bu qənaətə gəlir: Yerin Günəş ətrafında fırlanmasını hiss etmədiyimiz halda bu hərəkətin reallığını təsdiqlədiyimiz kimi, insanın tarixdəki fəaliyyətinin də yalnız azadlıq qanunlarıyla idarə olunduğu fikrindən əl çəkib, ilahi iradədən hiss etmədiyimiz asılılığı qəbul eləməliyik. Tolstoyun düşüncəsinə görə, əgər insanın hərəkətini idarə eləyən tək bircə qanun varsa, iradə azadlığından söhbət gedə bilməz, insan bütünlüklə o qanuna tabe olmalıdır.
Fransızların hücumu zamanı xalqın bir orqanizm kimi birləşdiyini göstərmək üçün Tolstoy əvvəlki illərə aid epizodlarda bir sıra ziddiyyətlər, düşmənçiliklər yaradır. Məsələn: Pyer Bezuxov arvadı Elenlə adı hallanan Doloxovu duelə çağırır, üstəlik, ömründə birinci kərə əlinə tapança alan Pyer usta atıcı kimi ad çıxarmış zabiti yaralayır; Pyerin qaynı, pozğun həyat sürən Anatol Kuragin knyaz Andreyin bacısı, dindar, səbirli knyajna Maryaya elçi düşür, rədd cavabı alır; Doloxovla Kuragin knyaz Andreyin nişanlısı, məsum, sadəlövh Nataşa Rostovanı yoldan çıxarıb qaçırmağa cəhd göstərirlər, ancaq işin üstü açılır, bundan sonra Andrey nişanı pozsa da, Anatolu dueldə öldürmək üçün fürsət axtarır… Xalq müharibəsi başlanandan sonra isə bütün küsülər, düşmənçiliklər aradan qalxır, çarından tutmuş sadə kəndlisinə qədər bütün rus xalqı bir vücud (vəhdəti-vücud!) halına gəlir, hər bir hüceyrə bu vücudu yad təsirlərdən, mikroblardan qorumaq uğrunda mübarizəyə qoşulur, hər kəs başqalarını qurtarmaq üçün özündən keçməyə hazır olur. Tərbiyəsiz Doloxov savaşda böyük fədakarlıq göstərir. Ağır yaralı knyaz Andrey bir ayağını mərmi aparmış Anatolun uşaq kimi ağladığını görəndə ona rəhmi gəlir, gözlərindən yaş süzülür, düşünür ki, İsa peyğəmbərin bəşəriyyətə təlqin eləməyə çalışdığı “düşmənlərini də sev” həqiqəti elə bu imiş. Tolstoya görə, insan yalnız hamı üçün yaşayanda həyatı məna qazanır, bütün başqa hallarda həyat mənasızdır.
– Əsərin qəhrəmanları, yaxud da baş qəhrəmanı haqda nə demək olar?
– Əsərdə baş qəhrəmanı müəyyənləşdirmək çətindir. Ancaq iki baş qəhrəmandan birinin, bəlkə də, birincisinin Andrey Bolkonski olduğunu desəm, yəqin, yanılmaram. Onun atası adlı-sanlı zadəgan, istefada olan hərbçi, Kutuzovun cavanlıq dostudur; kənddəki mülkündə zahidanə həyat yaşayır, cəmiyyət içinə çıxmır. Knyaz Andrey müharibəyə çağırış alanda hamilə arvadını kəndə aparıb atasına tapşırır. Romanın birinci cildi Austerlits döyüşündə knyazın ağır yaralanmasıyla bitir. Döyüşdən əvvəl Andrey müharibəyə bir Napoleon iddiasıyla, şan-şöhrət üçün, üzünü belə görmədiyi, heç vaxt da görməyəcəyi adamlara özünü tanıtmaq üçün qatıldığını daxili monoloqunda etiraf eləyir. Ancaq Austerlits çölündə yaralı-yaralı arxası üstə uzanıb göyə, göyün dərinliyinə, sonsuzluğuna baxanda özünün şöhrət arzusu da, bütün bu qaçhaqaçlar, qovhaqovlar, müharibələr, qırğınlar da ona çox mənasız, puç görünür. Bu məqam qəhrəmanın qəlbindəki təbəddülatın başlanğıcı olur.
Sağalandan sonra evə qayıdan Andrey arvadı Lizanın doğuşu ərəfəsində kəndə çatır. Doğuş çox ağır keçir, Liza onu tanımır. Uşaq qurtulsa da, anası doğuşdan salamat qurtarmır. Qadının üzündəki əzablı ifadəni knyaz Andrey belə oxuyur: “Siz mənim başıma nə oyun açdınız, axı mən sizə nə pislik eləmişdim!..” Bu “oxunuş” döyüşlərdən çıxmış gənc zabitin, Kutuzovun yavərinin ürəyində silinməz iz qoyur, onu sarsıdır (bu yerdə mənim yadıma Heminqueyin məşhur “Hindu qəsəbəsi” hekayəsi düşür – orada da ağır doğuş keçirən qadının əri onun əzablarına dözməyib dinməzcə özünü öldürür). Bununla da Andreyin həyatdan küskün, bədbin günləri başlayır.
Bir gün Bolkonskinin gənc dostu Pyer Bezuxov onlara gəlir. Pyer atası qraf Bezuxovun qanunsuz oğlu olur, atasının ölümü ərəfəsində Avropadan Peterburqa qayıdır, yerli zadəgan balalarına qoşulub tüfeyli həyat sürür, axırda da atasının vəsiyyətinə görə bir günün içində ölkənin ən varlı adamlarından birinə çevrilir. Bunun ardınca Pyer tamahkar Kuraginlərin gözəllikdə ad çıxarmış qızı Elenlə evlənir, ancaq xoşbəxt olmur.
Gənc Bezuxov da dostu kimi daim düşünür, özünü, öz arzularını, istəklərini analiz eləyir, bir sözlə, həyatın mənasını axtarır, çünki beləsi həyatda bir məna tapmadan yaşaya bilməz. Meşədə iki dostun maraqlı söhbəti olur. Andrey deyir mən dünyada iki şər tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də xəstəlikdir; insan gərək bu iki şərdən qoruna-qoruna özü üçün yaşaya. Pyeri dostunun mövqeyi təəccübləndirir, deyir insan yalnız özü üçün necə yaşaya bilər, axı biz hamımız bir bütövün zərrəsiyik. Onlar çayın qırağına enib bərəyə minirlər, Bezuxov sözünə davam eləyib deyir mən bu dar zamanda, beş qarış torpağın üstündə yaşayan mən deyiləm, mənə elə gəlir həmişə olmuşam, həmişə də olasıyam. Andrey ona xəfif istehzayla belə cavab verir: hə, Herderin fəlsəfəsində belə bir şey var.
Pyer bütün dünyaya açılmaq, kainatın içinə girmək, dünyanın ruhuna qovuşmaq eşqiylə alışıb yanır, ancaq Andrey özünə qapılıb, zahidlik sevdasına düşüb. Pyerin dediklərinin astar üzü mənə zen-buddist müdriklərindən birinin kəlamını xatırladır: “Bizim ömrümüz əbədi yoxluğumuzun arasında qısa fasilədir”. Niyə astar üzündən dedim? Çünki ənənəvi idealist filosoflar bu kəlamı tərsinə çevirib belə ifadə eləyərdilər (elə Pyer Bezuxov da bunu deyir): “Bizim həyatımız əbədi varlığımızın arasında qısa fasilədir”. Xatırlayırsızsa, Həzrət Əlinin də belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Qədim stoiklər də deyirdilər ki, insan doğulduğu andan ölməyə başlayır. Tolstoyun “İvan İliçin ölümü” povestinin sonunda da belə bir cümlə var: “Ölüm qurtardı, daha ölüm yoxdur”. Bütün bunlar Pyerin dediklərinə qüvvət verir: yəni biz ölümsüz həyatdan ölümlü həyata düşmüşük, bu həyat boyu ölüm bizi müşayiət eləyir, ölməyincə ölümdən can qurtarmaq olmur. Romanın dördüncü cildində, knyaz Andreyin əcəllə əlləşdiyi səhnədə belə bir məqam var: o, ölümün gəlişini yuxuda görür, qapını bütün qüvvəsiylə arxadan itələyib ölümü içəri buraxmamağa çalışsa da, gücü çatmır, qapı üzünə açılır. Bu zaman knyaz yuxudan ayılıb öz-özünə deyir: “Mən öldüm, ölən kimi də oyandım. Bəli, ölüm ayılmaq, oyanmaq deməkdir”.
Pyerin dedikləri knyaz Andreyin könlündə yeni həyat toxumları əkir, ancaq bu toxumlar hələ bir müddət sonra cücərəcək (Bu yerdə Mövlananın Şəms Təbrizi ilə görüşü haqda dediyi yadıma düşür: “Yanan şam yanmayan şama toxunub keçdi”).
İkinci cilddə yaz ağzı Andreyin güzarı Rostovların evinə düşür. Meşədən keçən yolun qırağında bir qoca, nəhəng palıd onun diqqətini çəkir. Cavan ağaclar pöhrələməyə başlasa da, qoca palıd qupquru əzəmətiylə onların sevincinə yuxarıdan aşağı baxır, elə bil deyir: bahar da, yaşıllıq da həyatın aldanışlarıdır, sizin baharınız daha məni aldada bilməz. Knyaz Andrey özüylə o palıd arasında bir bənzərlik tapır. Düşünür ki, heç nə arzulamadan, heç bir həyəcan keçirmədən, pislik eləmədən qalan ömrü hüzur içində birtəhər yola vermək lazımdır.
Rostovların evində qonaq qaldığı gecə knyaz Bolkonski pəncərəni açanda yuxarı mərtəbənin aynasından aylı gecənin seyrinə dalan 16 yaşlı Nataşanın Sonyaya dediklərini eşidir. Qızın saf, romantik duyğuları Andreyi də yoluxdurur, Pyerlə görüşdə onun qəlbinə əkilmiş eşq toxumları o gündən yavaş-yavaş cücərməyə başlayır.
Qayıdanbaş Andrey yenə həmin palıdın yanından keçəndə görür ağac əməlli-başlı pöhrələyib, qoca palıd ölümə meydan oxuyur. Öz-özünə deyir, yox, 31 yaşında ömrə xitam vermək olmaz, həyat bizim üçün hələ qurtarmayıb… Daha sonra o, Nataşa ilə nişanlanır.
Ancaq Pyerin o məlum görüşdə dediklərini tam dərinliyilə Andrey yalnız ölüm ayağında duymağa başlayır. O düşünür ki, ölməklə öz əbədi mənbəyinə qayıdacaq.
– Əsərdə iki baş qəhrəmanın ömür xətti bir-biriylə necə çulğaşır?
– Əsər boyu böyük epoxal hadisələrin fonunda Tolstoy hər iki dostun taleyini diqqətlə izləyir. Pyerin Yelena Kuragina ilə ailə həyatı alınmır, çünki Kuraginlər ailəlikcə pozğun həyat sürürlər. Tolstoy Elenin içiylə çölü arasında təzadı dərinləşdirmək üçün onu olduqca gözəl, yaraşıqlı qadın kimi qələmə verir.
Müharibənin qızğın çağında Pyer ümumi işdən qıraqda qalmamaq üçün savaş meydanına getməyi qərara alır. O, belə bir məqamda yalnız özü üçün, yalnız öz həyatıyla yaşamaq istəmir. Borodino döyüşü qabağı Pyer frakını geyinib, şlyapasını başına qoyub özünü cəbhənin ön xəttinə vurur. Əsgərlər, zabitlər bu qəribə adama baxıb gülürlər. Savaşdan qabaqkı axşam o, knyaz Andreylə görüşür, onların ikilikdə maraqlı söhbəti olur.
Döyüşdən sonra Pyer əsir düşür. Savaş meydanında, əsirlikdə gördükləri, çəkdikləri, əsir düşmüş günahsız insanların gözü qabağında güllələnməsi onun həyat eşqini öləzidir. Pyeri Platon Karatayev adlı sadə rus kəndlisiylə bir anbarda saxlayırlar. Rus xalqının dini inancının, el müdrikliyinin parlaq ifadəçisi, folklor yaddaşının canlı saxlancı olan mujiklə ünsiyyət Pyerə çox güclü təsir göstərir. Onun qəlbində yenidən ruhani duyğular oyanır. Cismi dustaq ola-ola Pyerin ruhu dünyaya açılır, əsirlikdə ola-ola Pyer yenidən azadlığına qovuşur (paradoks!).
Romanın dördüncü cildində belə bir məqam var: Bezuxov düşərgədən azacıq qırağa çıxmaq istəyəndə fransız əsgəri onun qarşısını kəsir. Fikirli-fikirli geri qayıdan Pyer birdən dəli kimi gülməyə başlayır. Yan-yörəsindəkilər ona heyrətlə baxır, bir şey anlamırlar. Pyer gülə-gülə belə deyir: “Əsgər məni buraxmadı. Tutdular məni. Əsir saxlayırlar. Kimi? Məni? Məni! Mənim ölməz ruhumu! Ha-ha-ha!” Daha sonra Pyer aydınlıq gecədə işaran ulduzlara baxıb vəcdə gəlir, deyir: “Axı bütün bunlar mənimdir, bütün bunlar məndədir, bütün bunlar mənəm!” Bu vəcd məqamında Pyer özünü həyatın, kainatın təkcə bir parçası, zərrəsi kimi yox, həm də yiyəsi kimi hiss eləyir. Bu məqam mənə məşhur sufi şeyxi Bayəzid Bəstaminin “Sübhanam! Sübhanam!”, başqa bir məşhur sufi şeyxi Həllac Mənsurun “Ənəlhəq” dediyi məqamları xatırladır.
Əsirlikdə Pyer yuxu görür. Yuxuda İsveçrədəki müəllimi büllur damcılardan ibarət bir qlobusu ona göstərib deyir: budur həyat. Qlobusun üzərindəki şəffaf damlalar sayrışa-sayrışa bir-birində əks olunur, damcılar böyüyüb-kiçilir, biri o birini sıxışdırıb sıradan çıxarır, sıradan çıxanın yerini bir başqası tutur, hamısı da qlobusun ortası, özəyi kimi görünən Allahı daha yaxşı güzgüləndirməyə çalışır. Bu məqam da mənə XII əsrdə yaşamış dahi sufi şair Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quşların söhbəti”) əsərinin sonluğunu xatırladır: quşların şahı (yəni Allahı) Simurqu görmək eşqiylə Qaf dağına qədər uçub mənzilə yetişən otuz quş anlayır ki, Simurq elə bir-birində əks olunan bu quşların vəhdəti deməkmiş (farsca: se+morğ)…
Romanın sonunda Pyer Nataşa ilə evlənir, Andreyin atasız qalmış oğlu da onların yanında böyüyür. Beləcə, Pyer Bezuxov təkcə öz həyatını yox, dostu Andrey Bolkonskinin də qırılmış ömrünün davamını yaşayır, yəni iki ruh bir bədəndə qovuşur. Orxan Pamukun “Qara kitab”ında da buna bənzər bir sonluq var: Qalib Cəlalın həyatının, yazılarının içində eşələnə-eşələnə yavaş-yavaş cəlallaşır, axırda hətta onun kimi, onun əvəzinə düşünməyə, Cəlalın yerinə yazı yazmağa başlayır.
– Obrazların çoxluğuna görə romanı tənqid edənlər haqlıdırmı, sizcə?
– Yox, bunu Tolstoya irad tutmaq olmaz. “Hərb və sülh” roman-epopeyadır, burada yüzlərlə personajın olması təbiidir. Ona qalsa, “Sakit Don”dakı surətlərin sayı bundan da çoxdur. Əsas budur, Tolstoy irili-xırdalı bütün obrazların ürəyini oxuya bilib.
Tənqidə gəlincə, mən Tolstoyun fəlsəfi baxışlarıyla polemikaya girərdim. Yəqin Lev Nikolayeviç mənim bu cəsarətimi öz böyüklüyünə bağışlayar…
– “Hərb və sülh”ün dünya ədəbiyyatındakı yeri barədə nə demək olar?
– Qabriel Qarsia Markes 1970-ci illərin sonunda Moskvada olanda verdiyi məşhur müsahibədə belə demişdi: “Rus yazıçıları arasında ilk dəfə mən, əlbəttə, Dostoyevskini tanımışam. Ancaq məndən bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi istəsəydilər, mən rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və sülh” bəşər tarixinin şah əsəridir”.
Mənə gəlincə, Markesin sözlərini bir balaca redaktə eləməklə belə deyərdim: “Mən Dostoyevskinin dünyanın ən böyük yazıçısı olduğunu deyənlərlə razıyam. Ancaq mənə bütün dünya ədəbiyyatından tək bircə roman seçməyi təklif eləsəydilər, düşünmədən “Hərb və sülh”ün adını çəkərdim”. Bu sanbalda romanı nəinki yazmaq, heç oxumaq da hələ-hələ hər adama qismət olmur.
– Azərbaycan ədəbiyyatında hansısa əsəri bu romana bənzətmək olarmı?
– Əgər söhbət formadan, həcmdən, janrdan gedirsə, mən bilən, milli ədəbiyyatımızda hələlik yalnız bir roman-epopeya var – Süleyman Rəhimovun “Şamo”su. Yox, məzmundan, ideyadan danışırıqsa, onda ədəbiyyatımızın idealist-platonçu-dini gələnəyə söykənən bütün nümayəndələriylə Tolstoyun arasında könül qohumluğu tapa bilərik.
Hazırladı: Tural İsmayılov