“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar
Hikmət Sabiroğlu
İki il qabaq internetdə – çatda tanış olduğum bir zənən xeylağı Almatıdan yazır ki, niyə sizin erməniləri görən gözünüz yoxdur? “Qarabağ söhbətləri”ni oxuyub soruşur bunu.
“Qarabağ söhbətləri”ni ruscaya tərcümə eləmək “Media forum”un öz təşəbbüsüdür. Rusdilli oxucu da ki, fərqli oxucudur, tələbkar oxucudur, hətta bir az qəliz oxucudur deyərdim – bizim könül söhbətləri ona çöçün, yəni qəribə gələ, hətta mənasız görünə bilər. Hər halda həmin almatılı məni anlamaqda çətinlik çəkdiyini yazır.
Yazır, ancaq bir müəllif olaraq tək mənim də yox, bizim – bütün azərbaycanlıların – ermənilərə münasibəti haqda hökm verməyə çətinlik çəkmir. Belə… cılxa bir türk qızı (ata uyğur, ana qazax) olasan, bir belə yazışmadan, o cümlədən Qarabağ mövzusunda məktublardan sonra bu cür sual verəsən.
***
Ancaq sual məni düşündürdü. Doğrudanmı bizim erməniləri görən gözümüz yoxdur? Məktubu alandan elə hey ötən illərə uçuram. Söhbət o zamanlardan gedir, biz axı köhnə Qarabağ söhbətlərini eləyirik.
***
Evimizdə işləyən erməni ustalar – Baqrat kişi, Suren kişi… Zəhmətkeş adamlardı, əllərindən zay iş çıxdığını görmədik. Biz də onlara yaxşı olmuşduq, atam pullarını artıqlamasıyla verərdi, heç vaxt da evdən çörək yeməmiş getməzdilər, dünya dağılsa da, buraxmazdıq. Xırdaçılıq çıxmasın, bizim evdə şoraba bankası, mürəbbə balonu çox vaxt onların adına açılardı.
Stolumuzun başında oturublar, erməni olduqlarının fərqinə varmamışıq. Demirəm, bəlkə onların qab-qaşığını, stəkan-nəlbəkisini bir az artıq salavatlayıblar, amma bu da xristiandır, ayrı millətdir deyə iyrənmək söhbəti olmayıb – şuşalılarda vasvasılıq dədə-babadandır.
Usta işlədən hövsələsiz olar, amma neçə ildə bir dəfə də olsun atamın onlara güldən ağır söz dediyini görmədim. Onlar da sağ olsunlar, ev sahibini incitmədilər.
Baqrat kişi atamın xətrini çox istəyirdi. Qarabağ məsələsi başlayanda köçüb getmişdi Daşaltı kəndinə, deyəsən, elə oralıydı. Bir yol ermənilər kəndin üstündəki yarımstansiyasını partlatmışdılar, Şuşanın işığı kəsilmişdi. Rus hərbçilərinin köməyi ilə təmirə gedən montyor orda Baqratı görüb. Kişi elə hey ətrafda fırlanırmış, amma yaxın da gəlmirmiş. Kəndin gözünün qabağında azərbaycanlı montyora yaxınlaşmağa qorxurmuş yəqin. Axırda özündə cəsarət tapıb Baqrat kişi.
Atama salam göndərməkçün vurnuxurmuş. Kövrəlibmiş…
***
Erməni evində ilk dəfə qonşumuz Vaçiki əsgərliyə yola salanda çörək yemişəm. Vaçik məhləmizin bərkgedən oğlanlarındanıydı – yaraşıqlı, güclü, davakar. Allah bilir, bizim məhlənin uşaqları Vaçikə qoşulub nə qədər ağdamlı, bərdəli, yevlaxlı döyüblər.
Atası peşə məktəbinin müəllimiydi – Abel Abramyan. Vaçikin böyük qardaşının adını güclə xatırladım – Alik. Kiçik qardaşı Nelson yaxşı yadımdadır – yaxın olmuşuq. Əla futbol oynayırdı Nelson, “Qala” komandasının hücumçusuydu.
Futbolsuz ötüşmək olmur. “Neftçi” güclülər dəstəsinə çıxan il – 1977-də “Ararat”la 1:1 oynadı. Bakıda. Bizimkilər udurdu, son saniyələrdə Kramarenko Zanazanyanın mənasız bir baş zərbəsini dəf edə bilmədi. Oyun qurtaran kimi məhləyə yığışanda Vaçik də göründü:
– Göygööl-Göygööl, Göygööl-Göygööl…
Bu mahnı o illərdə dəbdəydi. Bilmirəm, kimin ağlına gəlmişdi – məhləmizdə birini lağa qoyanda “Göygöl” mahnısını zümzümə eləyirdilər. Vaçik də həmin gün hamımızla məhlə adətiylə məzələndi:
– Göygööl-Göygööl…
Vaçikin də, Nelsonun da, elə Alikin də azərbaycanlı dostları erməni dostlarından çoxuydu. Bizdən bir məhlə yuxarıda olan Tobik və Abulya qardaşlarını da mən ancaq azərbaycanlılarla oturub-duran gördüm, deməzdin ki, ermənidirlər.
***
Çaya dörd məhlə uşağı getmişdik – İntiqam, mən, Karo, bir də Nelson. Məhərin dükanından neçə butulkasa çaxır da almışdıq (Eh, xiyarı iki bölüb içini oyurduq, olurdu çaxır rumkası…).
Axşama qədər Daşaltıda kefə baxdıq. Qayıdan baş İntiqamın ürəyindən tut keçdi. Qotur bulaqdan azca yuxarı, yolun üstündə tutluq vardı. Mənim tutla aram yoxdur, özü də qara tutla. Amma İntiqam tutun ölüsüdür – ağının da, qarasının da. Dırmaşdı ağacın canına.
Yeyib doydu və… qəflətən Nelsona şillə çəkdi:
– Nə məzələnirdin ə, bayaq? “Neftçi” uduzdu, “Ararat” uddu – erməninin ağzını əydi.
Çayda futbol söhbəti olmuşdu. Nelson belə söz desə də, məzələnib eləməmişdi. Elə-belə sözarası demişdi. Bundan sonra biz bir-birimizi tərifləyə-tərifləyə nə qədər çaxır içmişdik. İntiqamın da kefi yuxarıydı.
Heç nədən dava düşdü. Karo Nelsonun əmioğlusudur, o da işə qarışdı. Bir müsibətlə bunları aralaşdırdım. Ancaq barışıq alınmadı, əmioğlular küsüb şəhərə bizsiz dikləndilər.
Çaydan qayıdanda şəhərin ayağında, Qaya başı deyilən yerdə dincimizi alardıq. Buracan İntiqamla kəlmə də kəsmədim – yediyimizi burnumuzdan gətirmişdi. Qaya başında səbrim tükəndi:
– Niyə belə elədin, qaqa?
İntiqam məndən iki yaş böyükdür, amma başını soxmağa yer axtarırdı:
– Nə bilim ə, beynim çöndü.
Axırda zarafata salsa da (İntiqam beyninin çönməyinə məhlə dəftərinə düşəsi izah verdi. Guya çoxlu tut yediyindən qarnında tut arağı əmələ gəlib, o da vurub beyninə), peşmanıydı.
Səhərisi İntiqam gedib ermənilərlə barışdı, bizim məhlədə küsü saxlamaq yoxuydu (Ancaq iki ay sonra İntiqam Karonun başını yardı. Allah “Neftçi”nin üzünü qara eləsin, yenə onun üstündə. Bu əhvalatı mən daha əvvəl nəql eləmişəm).
***
Məhlə dəftərini Şünasi (davada çox ağır yaralanan qardaşımız) saxlayırdı. Biz o dəftərə uşaqların əndrəbadi sözlərini yazardıq. Məsələn, Ramin dəftərə “Futbolçular bayrağı qaldırdılar” əvəzinə “Bayraqçılar futbolu qaldırdılar” deyib düşmüşdü. Amma ən dahiyanə cümləni elə İntiqam demişdi: “Tut yedim, qarnımda tut arağı əmələ gəldi”.
Bizim məhlə dəftəri bir növ rəhmətlik Məşədi Bəylərin (mənim sinif yoldaşlarım Səbuhiylə Yadigarın babası) qoyduğu ənənənin davamıydı. Ancaq rəhmətlik dəftərinə düşən adamdan xərac da alarmış.
Ermənilərdən o dəftərə düşən oldumu heç? Gərək Şünasidən soruşum.
***
Samvel vardı – Aziryan Samvel. Azərbaycanlıdan ayırmazdın.
Ermənilər Şuşadan çıxandan sonra Stepanakertdə olduğunu eşitmişdik. Danışırdılar ki, bir yol Ağa körpüsündə (Stepanakert-Şuşa yolunun lap ağzındadır Ağa körpüsü) şuşalılardan kiminsə boynunu qucaqlayıb hönkür-hönkür ağlayıb.
Buna inanmışdıq.
Dava qızışanda isə deyirdilər ki, Samveli Malıbəyliyə hücum eləyənlərin arasında görüblər.
Buna çox da inanmamışdıq.
***
1990-cı ildə bazarın tinində, Surxayın budkasının arxasında dayanmışdıq. Sinif yoldaşım Azərlə. İki nəfər yaxınlaşdı. Şəhər adamı deyildilər. Azərə salam verdilər. Salam Allah salamıdır, ancaq Azər onları tanımadı.
– Yaxşı fikirləş – biri gülə-gülə qayıtdı.
– Tanıya bilmirəm…
– “Avtoşkola” yadındadır, Stepanakert?
Azər əsgərliyəcən orda oxumuşdu, amma yenə yadına sala bilmədi:
– Vallah, orda çox uşaq oxuyurdu, gör nə qədər keçib üstündən.
– Laçın uşaqlarıyıq. Yadındadır, erməniyə görə bizi nətəər çırpdınız?..
Demə, Şuşa ermənisi Sergeyin oğluyla bu iki laçınlının sözü çəpləşibmiş. Şuşalı uşaqlar da yerlilərinin üstündən gəlib bunları şil-küt eləyiblər. Bizim sinifdən Azərlə İlyas da varmış döyənlərin arasında.
“Yadındadır, erməniyə görə bizi nətəər çırpdınız?” deyəndə laçınlı qardaş üzünü turşutmamışdı, yenə gülürdü. Ayrılanda da qucaqlaşıb-öpüşdülər Azərlə.
***
Kim desə ki, o illərdə, 1984-cü ildə şuşalı Şuşa ermənisini qoyub qıraq adama qahmar çıxardı, inanmayın.
***
Bu hadisəni “Avropa”da yazmışam bir vaxt.
Son zəng olmuşdu artıq. Sinif uşaqlarının bir qrupu yığışıb getmişdik İsa bulağına – yalnız oğlanlar. Cavan müəllimlərimiz Məhərrəm müəllim, Mütəllim müəllim də bizimləydi. Nə başınızı ağrıdım, yaxşı məclisiydi, gətir-götür, gətir-götür…
Özümüzü bulaq başına yaxın yerə vermişdik ki, gələni-gedəni görə bilək. O zaman aşağı rayonların buraxılış siniflərinin uşaqları avtobus tutub Şuşaya birgünlük səfərə gələrdilər, içində də qəşəng qızlar. Qanın qaynayan vaxtı gələrdilər.
Kefimizin göydə oynadığı vaxt, necə deyərlər, “qonaqlarımız” gəlib çıxdı. “Mingəçevir” trafaretli avtobusun dayanmağıyla qızların bulaq başına yüyürüşməsi bir oldu. Düz gözümüzün qabağına gəldilər. Yemək-içmək yaddan çıxdı, bir-bir endik bulağa tərəf.
Dava bir göz qırpımında düşdü. Aranı qatan Nazimlə mən oldum. Qızlardan birinin əlində “Rodopi” paçkası vardı, ağzı bağlı. Yəqin hansısa oğlanın siqaretiydi, əl-üzünü yuyanda saxlamağa vermişdi. Dilimizi dinc saxlamayıb qızdan spiçka istədik (Mən onda siqaret çəkmirdim, spiçka istəməyimə bax e!). Oğlan elə biz qədər olardı. Biri irəli çıxıb bizə tərəf cocuyanda İlyas buna nətəər bir şillə vurdusa, gədə uçdu. Allah İlyasa rəhmət eləsin, çox ağır əli vardı. Rəhmətlik Mehman da bir ayrısına tutuzdurdu. Dalınca hamı töküldü ortaya – birinə təpik, birinə kəllə… Avtobusa doluşub götürüldülər.
İndi siz işin tərsliyinə baxın. Bunlar tərpənəndən heç iki dəqiqə keçməmiş, yəni biz hələ bulaq başında qəzəbli-qəzəbli gərdiş eləyəndə (“Qıraqdan gəlib bizə cocuyurlar!”) başqa bir avtobus gəlib çıxdı – Mardakert avtobusu.
Hirsli, üstəlik, kefli başda ağıl nə gəzir. Bir avtobus erməniyə torpağa ayaq qoymağa imkan vermədik: “Rədd olun burdan, vəssalam”. Ermənilər dəli olmuşdular, bilmirdilər nə baş verir, biz kimik… Müəllimlərimiz də əl-ayağa düşmüşdülər, amma kimdir eşidən?
Bunları da yola saldıq…
***
“Zəfər” uzun çəkmədi ancaq. Mardakertlilər avtobusu Şuşa raykomunun qabağına sürüb bizi satmışdılar. Bir də gördük milis tökülüb gəldi.
Bizi tutmadılar. Allah maarif müdiri Yelmar müəllimə rəhmət eləsin. Haya gəlib çıxmışdı və bu boyda həngaməni “4 nömrəli” uşaqlarının, bizim məşhur sinfin törətdiyini görəndə milisi işə qarışmağa qoymadı. Bir-iki ağız danladı. Bunu isə lap sərt dedi: “Erməniylə nə işiniz qalıb?!”
Yelmar müəllim olmasaydı, yəqin bu işi doğrudan da böyüdəcəkdilər ki, erməniylə nə işiniz qalıb.
Vallah, erməniylə heç bir işimiz qalmamışdı. Bədbəxtlər Mingəçevir uşaqlarının oduna düşmüşdülər.
***
Qəşəng bir erməni qızı vardı, adını unutmuşam. Sinif yoldaşlarım Nazim və Xaqaniylə qonşu olurdu. Mən binanın qabağında bunları çağıranda qız balkona onlardan tez çıxırdı. Axırda Nazim dilləndi ki, qaqa, bu qızı incitmə, səni görən kimi balkonda bitir. “İncitmə” – yəni “padxod” elə.
Rafikin qızıydı – çəkməçi Rafikin. Atam ayaqqabısını həmişə ona tikdirərdi, dükan ayaqqabısı geyməzdi. Bir tikə uşaq olandan sifarişin dalınca mən gedib-gələrdim. Hər dəfə də ayaqqabını büküb verəndə qayıdardı ki, ə, dədən yaxşı kişidir…
Yaxşı adamıydı Rafik. Pasportuna baxsan, bəlkə də adı lap Rafiqiydi. Onun qızına pis gözlə baxmağı heç ağlıma da gətirmirdim.
***
Belədir Qarabağ söhbətləri, almatılı balası. Atası uyğur, anası qazax qızı. Deyirsən elə yurdu belə günə salanı görməyə gözümüz də olsun?
13 mart 2006