“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar
Hikmət Sabiroğlu
“Qaqa, elə bil ki, mən “rojdeniya”mı Şamaxıda eliyəjəm, ürəyi istəyən ora gəlsin…” – mayın əvvəlində İslam “kruq”da belə demişdi. “Elə bil ki” İslamın dilində çoxdan bitib (adamı “Qaqa, elə bil ki, xoş gəldin” deyib qarşılaya bilər), onun sözünün qüvvətini azaltmır ki, artırır – ad gününü Şamaxıda keçirəcəyini demişdisə, deməli, məclis orda da olacaqdı.
Ad günü şənbəyə düşürdü, lap rahatçılıq olsun deyə bazara saxladıq. Mayın 15-i beş sinif yoldaşı yola çıxdıq. Məclis yiyəsi bir gün qabaqdan ordaydı.
***
İslam bizimlə səkkiz il oxuyandan sonra ticarətin dalınca gedib. İndi də bu işlə məşğuldur – Yeni Yasamalda bir dükan qaralayıb çaxçux eləyir.
Bir müddət əvvəl qardaşı Məsarif Bakıdan bezib Şamaxının Avaxıl kəndinə köçmüşdü, orda ev tikdirirdi. Ad gününü Şirvan elində keçirmək ideyası da burdan yaranmışdı. “Orda yaxşı qardaşlar var” – bu sözü də İslam demişdi. “Qardaşlar” – yəni Məsarifin şamaxılı dostları. Deməli, əslində Məsariflə dostlarının qonağı olacaqdıq.
***
Hələ yoldaykən hər ağacın, hər kolun boyuna sevinən beş uşaqlıq dostunun xəyalları Şuşa tərəfə uçur.
– Səkili bulağa getdiyimiz yadındadır, qaqa? – Elxan soruşur (necə həvəslə soruşursa guya indiyəcən bu Səkili bulaq söhbətini eləməyibmiş):
– Hə, yeddidə oxuyanda – bu illər ərzində neçənci dəfədir eyni suala eyni cavabı verirəm.
– Bir heylə əti paltar kimi yuyub dadını qaçırtdınız, zay oldu getdi…
Xəlfəliyə, Səkili bulağın üstünə qızlı-oğlanlı getmişdik, sinfimizin yarıdan çoxu. Əti yumaq, deyəsən, qızlardan hansınınsa təklifiydi, amma bu prosesdə mən də cani-dildən iştirak eləmişdim.
Həmin günü, daha çox da sinif otağımızdakı yır-yığışı xatırlayıram. Burnumun ucu göynəyir:
– Oqtay, yadındadır gedən ayağı, sinifdə bir qab dovğanı qaşıqsız-zadsız yeyib sonra boşqabın dibini nətəər yaladın?
– Vəhşi kimi. Dovğanı Rəsmiyyə gətirmişdi. Bəh-bəh-bəh-bəh…
– Elxan, ağacların arasından əlində balta çıxdın e, Çinqaçuk kimi – yenə mənəm.
– Ə, bilirsən o meşələrdə nə qədər əzgil, zoğal, böyürtkən yığmışam, mala getmişəm? Sən bilməzsən, sizin məhlə Daşaltına gedərdi, Xəlfəli zonası sizin səmtiniz deyildi.
Elxan Xəlfəli tərəfə mehr salan Çöl Qala məhləsinin uşağı olmaqla bahəm əslən o kənddəndir. Bizim məhlənin səmti isə Aşağı Daşaltı tərəfiydi, ora gedən yolların – Eşşək yolunun, Pişik yolunun, İki Gözün hər qarışını əzbər bilirdik.
***
Səmtimiz Şirvan elinə tərəfdir. Bayaqdan gözü yol çəkən Səbuhi qəfil Sulduza deyir ki, gərək dədəni də götürəydik:
– İki maşınla çıxardıq, eyni açılardı kişinin.
– Səhər-səhər bir söz tulladım, amma hara gedir… O Nadir qalmayıb.
Sulduz ana tərəfdən Xəlfəli kəndinə bağlıdır. Atası Nadir həkim də, anası Güllər müəllimə də ayaqlarını ordan çəkməzdilər. İndi Bakının beton divarları arasında günləri necə xoş keçsin? Özü də Nadir dayı kimi yeyib-içməyi, gəzib-dolanmağı sevən bir kişinin. Axır vaxtlar dava-dərman atırdı, Sulduz da elə bunu nəzərdə tuturdu: “O Nadir qalmayıb”.
***
Şamaxını adlayıb Pirqulu tərəfə qalxırıq. Yaşıllığı gözümə təpə-təpə tələbə vaxtı Qubaya, Qəçrəş meşəsinə getdiyimizi xatırlayıram – 1987-ci ilin mayını.
Kəndə çatan kimi uşaqlar, xüsusən də qrupumuzun bakılı qızları hayıl-mayıl olub uşaq kimi ora-bura qaçışırdılar. Mən də otluqda dirsəklənib səhər Bakıda aldığım qəzetləri vərəqləyirdim. Şəhər uşağı Laləydi məni lağa qoyan:
– Ay bədbəxt, burda qəzet oxuyarlar?! Bir bu həyata bax də!..
– Sənin buna ehtiyacın daha çoxdur, mən gözümü açandan dünyanı belə görmüşəm.
Qəcrəş bir şuşalını, özü də Şuşası özündə olan şuşalını tərpədəmi bilərdi?
***
İndi şəhərin xarabasında bir balaca ağac kölgəsini də qənimət bilirik.
***
– Bay, sizə qurban olum! – kəndin üstündəki yeməkxananın qarşısında Məsarif bizi bu sözlərlə qarşıladı, İslam özü kəndə enmişdi.
Məsarif bizdən bir on yaş böyükdür. Bir müddət Rusiyada yaşamış, dava düşəndə Şuşaya qayıtmışdı. Şuşalılar onu “doxtur” (deyəsən, elə Rusiyada diş texnikliyini öyrənmişdi), ya da “Masıx” çağırarlar.
– Qaqa, Bakıda tıncıxıram, bizim yerimiz elə ağacdır, güldür, dumandır, yağışdır, qardır. Ev tikirəm, göstərəjəm sizə – bunu çay süfrəsinə oturar-oturmaz dedi.
***
Həmin gün Məsarif təzə yurdu Avaxıldan olan dostlarıyla birgə ayağımızı yerə dəyməyə qoymadı. Arada kəndə düşüb Məsarifin ev yerinə də baxdıq. Hələ təzə başlamışdı, amma Məsarifin dediyinə görə, iş ləngiməyəcəkdi:
– İyulun axırı, avqustun əvvəli hazırdır, Allah qoysa, onda da gələrsiz. Bura sizə qurbandır… Gün o gün olsun Şuşada tikək, qaqa!
***
Məsarif Şuşanı çox istəyən adamdır. Şəhərin ən ağır günlərində bacardığını eləmişdi. Heç yadımdan çıxmaz, 1991-ci ilin avqustunda Xankəndi-Şuşa yolunda iki qardaşı girov götürmüşdülər – Məzahirlə Rəcəbi. 50 min rublu boynuna qoyandan sonra Rəcəbi buraxmışdılar ki, gedib pulu gətirməsən, qardaşını öldürəcəyik. Çox az da vaxt vermişdilər. Bunlar da kasıb adamlar. Şəhər camaatının bir neçə saatın içində düzəltdiyi pulu aparmaq kimi ağır işi (ermənilər qəti şərt qoymuşdular ki, gələn adam tək və silahsız olmalıdır) Məsarif boynuna çəkmiş, gecənin qaranlığında ermənilərin dediyi yerə – Xankəndinin qulağının dibinə maşın sürməkdən qorxmamışdı. Salamatlıqla bitən bu hadisə haqda mən “Azadlıq”a yazı da vermişdim və Məsarif şəhərdə məni tutub “Qaqa, mən nağayrmışam ki, qəzetdə işıqlandırmısan?” soruşmuşdu…
***
Avaxılda qaş qaralana kimi qaldıq. At sürən kim, gül-çiçəyin canına daraşan kim. Qayıdan baş yolda ağ yasəməndən ötrü bir qapıya minnətçi düşməyimiz də yadıma gəlir, neçə ildir ağ yasəmən görmürdük.
***
Tək yasəmən yox, nərgiz gülü də, bənövşə də, lalə də bizim zəif yerimizdir. Xarı bülbülə isə lap ayrı münasibət var. Şuşalıya desən ki, xarı bülbül başqa dağ rayonlarında da bitir, o dəqiqə adamın üzünə qayıdacaq:
– Bizdəki peyvənddir, qaqa!..
***
Avaxıldan qayıdan günün səhərisi Bakıda möhkəm yağış tökdü. Elxana zəng vurdum ki, gör indi Avaxılda nə aləm var.
– Ə, Şuşanı denən, e, Şuşanı – səsi boğuldu…
Çoxdan belə olmamışdım, bağrım çatlayırdı. Yeni Yasamalda, İslamın dükanında görüşdük. Elxan da havalanmışdı.
Birinci sinfə gedəndə 36 uşaq olmuşuq. Elxan jurnal üzrə siyahını əzbər deyir:
– Abbasova Məlahət, Abdullayev Bəxtiyar, Babışov İslam, Baxşəliyev Yadigar, Binnətova Xanım…
– Dayan, qoy yazım, lap dəqiq siyahı tutaq.
Həmin gün biz Zərnigarın familiyasını yadımızı sala bilmədik. Üstəlik, kimisə tamam unutmuşduq, siyahımızda 35 nəfər vardı. Elxanın dediyinə görə, qızlardan kimsə yaddan çıxıb…
Zərnigarın familiyasını mən səhərisi günü dayanacaqda marşrut gözləyəndə tapdım. Dərhal Elxanı yığıb salamsız-kəlamsız:
– Qaqa, Zərnigarın familiyasını tapdım – dedim.
– Orucova…
O da tapıbmış.
Amma yaddan çıxan qızın kimliyini o da mənim tək hələ fikirləşirdi. İşə çatanda, pilləkənləri qalxa-qalxa dünəndən bəri çəkdiyim əziyyət bəhrəsini verdi, təzədən telefona əl atdım:
– Hümbətova Səadət!
– Hə, sən öl. Nətəər yaddan çıxıb, ə…
***
Bir neçə saatlığa Bakının səs-küyündən ayrılıb dağ görmək, duman görmək, ağac görmək bizi beləcə dəli eləmişdi.
***
Avaxıl səfərindən heç iki həftə ötməmişdi. İşdəydim. İki dəqiqəliyə aşağı düşüb qayıdanda telefonuma iki zəng gəldiyini gördüm, hər ikisi də sinif yoldaşlarımdan – Elxandan və Səbuhidən. Hələ gündüz saat 12 olmamışdı, özü də iş günü, bu vaxt sənə “Dur gəl, bir xəngəl yeyək” deməzlər. “Xeyir olsun, balam” fikirləşməyə macal da tapmadım, Nazimdən zəng gəldi – o da sinif yoldaşımdı.
Nadir dayı rəhmətə getmişdi. Sulduzun atası. Yatıb durmamışdı. Avaxıla gedəndə niyə onu özümüzlə götürmədik axı?.. Səbuhi demiş, eyni açılardı kişinin…
***
Daha bir şuşalını bu dünyadan eyni açılmamış yola salıb yenə yas mağarında lövbər saldıq. Şuşa çıxandan sonra bizim bir-birimizi ən çox gördüyümüz yer elə yas mağarlarıdır.
Nadir dayının yas yerində də çoxdan görüşmədiyimiz adamlarla hal-əhval tutmaq imkanı oldu. Hətta neçə ildir xəbər-ətərini almadığımız sinif yoldaşımız İlham Tərtərdən gəlib çıxmışdı. Sulduzgilnən dədə-baba qonşusu olan Elbrusla görüşü isə heç unutmaq mümkün deyil.
Bizdən bir sinif yuxarı oxumuşdu, çox baməzə, əsl şuşalı damarı olan oğlandı. Şuşadan sonra “Çanaqqala” restoranında işləyirdi, axır vaxtlar isə gözə dəymirdi, nədənsə xəstələnmiş, üz-gözünün tükü tökülmüşdü. Deyilənə görə, bunda həkimlərin günahı olmuşdu – müalicə eləyəndə hədsiz kimyəvi preparatla orqanizmini korlamışdılar. Özü bunu çox dərd eləmirdi, gəlib qarşımda oturan kimi gülə-gülə:
– Qaqa, imicimi dəyişirəm – dedi.
Çoxdan görüşmədiyimizdən, yalan olmasın, iki-üç saat üzbəüz oturduq, Şuşadan o qədər məzəli əhvalat danışdı ki, hərdən yasda oturduğumuzu yaddan çıxarıb gözümüz yaşarana kimi uğunub gedirdik.
Elbrusun öz nənəsinin yasında – söhbət Şuşadan gedir – bizi nə cür güldürüb məclisdə bihörmət eləməyini də yada saldıq.
***
Şuşalılar yasda da zarafatdan qalmazlar, nə ürəkdən gülə bilirsən, nə ciddi oturmaq olur.
***
Nadir dayının yeddisi çıxandan iki gün sonra Elxandan zəng gəldi. Kompüterin qabağında quruyub qaldım:
– Ə, nə vaxt, niyə?..
– Nə bilim, qaqa, səhər tezdən balkona çıxanda baxdım həyətə mağar tökürlər. Dedim, yenə kimə nooldu, görən? Düşüb gördüm “Eban”ın mağarıdır…
Elbrusu deyirdi – üçcə gün əvvəl Nadir dayının yas mağarında qabaq-qənşər oturduğumuz Elbrusu. Cavanca oğlan…
***
Yeni Yasamalda, “Eban”ın yas mağarında mən heç kimi zarafat eləyən görmədim. Zarafatdan keçmişdi…
***
Avaxıl beynimizdən çıxmırdı, xeyirdə də, şərdə də söhbət ömrə-günə yazdığımız o səfərdəniydi. Havalar qızdıqca lap beynimizin qurdu tərpənirdi. İslam da ki, hər vaxt hazırdır:
– Qaqa, bir maşın məndə, indi oranın ayrı ləzzəti var. “Masıx” da evi qurtarıb…
***
Hələ yerin içindəydim telefon zəng çalanda. Divardakı saata baxdım: səhər doqquzun yarısıydı. Əl telefonun ekranında da “Yefi”. Elxana uşaqlıqda qoyduğumuz ləqəbdir. Yeni Yasamaldakı hüzr yerlərini mənə sinif yoldaşımız İlyas (Milli Qəhrəman Ramiz Qəmbərovun qardaşı İlyas, qardaşımız İlyas!) xəbər verərdi, indi bu işi Elxanla İslamın boynuna qoymuşam – İlyas öləndən sonra. Amma bu səhərin səhər vaxtı mən özümü inandırmaq istədim ki, Elxan başqa işə görə zəng vurur. Yaşıl düyməni qorxa-qorxa basdım. Elxan elə bil quyunun dibindən danışır:
– Qaqa, loxəbər olmasın… “Doxtur” rəhmətə gedib, “Masıx”…
Bizim Avaxıl səfərimizdən üç ay bir gün keçirdi…
***
Məsarif təzə yurdunda, tikib qurtardığı evdə rahatlanmamış qəfil canını tapşırmışdı. Qardaşları onu Avaxıl camaatının əlindən birtəhər alıb gətirmişdilər, deyirmişlər ki, hara aparırsınız, o bizim balamızdır, qoy kənddə dəfn eləyək…
O nə şuşalıdır ki, düşdüyü yurdun balası olmaya, qaqa!..
***
Bizə niyyət düşmür də, düşmür! İslamın ad günündən sonra Avaxıl deyib durmuşduq, İlyasın müsibəti dərs olmamışdı bizə. Onda da (2004-cü ildə) elə oturub niyyət eləyirdik ki, bir şəhərdən qırağa çıxaq, öldük Bakıda. Axırda bir qərara gəlmişdik: sentyabrın 5-i İsmayıllı tərəfə gedirik. İlyasın “Ford”unda.
Sentyabrın 5-də biz… Xırdalan qəbiristanlığına gedəsi olmuşduq – İlyası dəfn eləməyə.
Yazıq Məsarif də niyyət eləmişdi: “Gün o gün olsun Şuşada tikək, qaqa!”
***
Niyyət eləməmək də olmur axı! Yayda da, qışda da gözümüz ekranda Şuşada havanın nətəər keçdiyini axtarır.
– Ə, 24 dərəcədən yuxarı qalxmır e, Şuşada hava – Elxan yayda elə hey ürəyimizi üzür.
***
Qardaş yarasından təzə-təzə toxtamış kimi görünən İslam da o gün deyir:
– Qaqa, elə bil ki, qardaşın evi ordadır, nə vaxt ürəyiniz istəsə…
27 fevral 2006