“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar
Hikmət Sabiroğlu
Qarabağ məndən ötrü daha çox adamlardan ibarətdir, dağ-dərə, çay-bulaq nə qədər əziz olsa da. Onlar da unudulmazdır – nəinki Aşağı Daşaltı, Qayçı göl, Uzun göl, Müsrüf gölü, Qotur bulaq, Şor bulaq, Xəlfəli çayı, Cıdır düzü, Salehin çayxanası, Qobu Xəlilin oğlu “Çompu”nun çayxanası, həyətimizdəki yasəmən, armud ağacı… heç xoruzumuzun pipiyi də yaddan çıxmayıb. Amma torpaq hər şeydən öncə adamlarıyla vətəndir.
***
Adamlar, adamlar, adamlar. Nə qədərdir onlar – hər biri Qarabağın, Şuşanın zərrəsi adamlar.
Babam dərzi Əyyubun elnən bir adı vardı. 19-cu əsrin sonlarında doğulmuşdu. Nə qədər qan-qada gördüyünü ağlım kəsəndə bildim – iki erməni-müsəlman qırğını, rus işğalı, 37-ci il, 41-45 müharibəsi… Bu cür bəlalardan keçə-keçə babam üzündə necə də nur, urvat saxlaya bilmişdi. Qat-qat asan sınaqlar zamanında, üzündən zəhrimar tökülən adamların zamanında buna heyran qalıram.
Müharibə vaxtı bütün gecəni cəbhə üçün əlcək, corab, kürk toxuyarmış. Dərzi maşınına (taleyin işinə bax, alman istehsalı olan “Zinger” maşını!) sehrli alət kimi baxardım – sovetin faşistlərə qalib gəlməyində babamın da əməyi olmuşdu.
Cəbhə öz yerində, o ağır illərdə balalarını çörəyə möhtac qoymamışdı, kimsəyə qəddini əyməmişdi. Dünyanın düzələn vaxtında isə tək oğlu, atam Sabir gen-bol cavanlıq eləyib ona çox əziyyət vermişdi – dilə gəlməmişdi. Hər ağrını içində çəkib dərdi çöhrəsinə yaxın buraxmamış, kimsəyə səsini ucaltmamışdı.
6 yaşıma bu nurlu-bərəkətli kişinin əlindən tutub çatdım. Mənə “semiçka” halvası alar, “Paqorod”da (şəhərarası avtobusa belə deyərdik) gəzdirərdi. Aşağı məhlə uşağı Familin qışda arabamı əlimdən alıb qaçdığı yadımda qalıb. O arabanı babamla bir gedib aldıq. Sonra aralıqdakı dikə qalxıb arabaya oturdu, sürüşə-sürüşə gəlib düz yanımda dayandı.
Bir yol bağçanın pəncərəsindən arxamca xalamın gəldiyini görəndə keçirdiyim hisslər də yadımdadır. Babam onda xəstə yatırdı. Pəncərədən baxanda arxamca anamın yox, xalamın gəldiyini görəndə uşaq ürəyimə damdı ki, babam ölüb.
Dərzi Əyyub Qarabağ adamıydı.
***
Atamı babamın ölümündən 19 il sonra itirdim. Tək Şuşada yox, tək Qarabağda da yox, Azərbaycanın çox yerində onu Kəllə Sabir kimi tanıyırdılar – həm ağlına-savadına görə, həm də cavanlıqda vurub-tutan olduğuna görə.
Tələbə vaxtı Beşmərtəbənin yanındakı dərzixanaya girməyim yadıma gəlir. Atama kepka sifariş eləməyə getmişdim. Papaqçıyla söhbətin qısa olacağını düşünürdüm – ölçüsünü, parçasını, vaxtını deyib çıxacaqdım. Amma dərzi söhbəti uzatdı:
– Nə təhər adamdır, cavandır, yaşlıdır?
– Altmışa yaxın yaşı var, bir ağsaqqalvari kepka…
– İndiyəcən papaq tikmişəm ona?
– Nə bilim vallah, rayonda olan adamdır, Şuşada.
– Şuşadan?
– Sabir. Bəlkə cavanlıqda sizə kepka tikdirmiş olar.
– Hansı Sabir?.. Ə, birdən Kəllə Sabir olar ey?!
– Hə… Oğluyam.
Bayaqdan bəri iynə-sapla əlləşə-əlləşə Şəki ləhcəsinin şirin yerinə salan dərzi əlindəki hər şeyi stolun üstünə atıb üstümə yeridi, boynumu qucaqladı və yan otaqdakı dərziyə tərəf:
– Ə, Kəllə Sabirin oğlu gəlib – dedi.
Əvvəllər də bir yerdə tanışlıq verəndə belə isti münasibət görmüşdüm. Amma bu iki dərzi mənə lap başqa planetdən gələn adam kimi baxırdılar. Şəkili heç özünə yer tapa bilmirdi:
– Ə, mən ölüm, sən də dədən kimisən?
Nəyə işarə elədiyini başa düşürəm:
– Yox, əşi, mən fağıram…
– Vay, vay, ə, Sabir dərzixananın qabağında dayananda bir adam bura üzükə bilmirdi… Yox, ə, mən Sabirə elə-belə kepka tikə bilmərəm. Maa vaxt ver.
Bir həftə, bəlkə də on gün sonra sifarişin dalınca gedəndə anadan əmdiyim burnumdan gəldi. Yox, kepkaya söz ola bilməzdi, amma kişi pul götürmək istəmirdi, süpürləşə-süpürləşə, bir zülmnən axır pulu stolun üstünə atıb qaçdım.
***
Atamın möhkəm cavanlığının olduğunu mən qonum-qonşudan eşitmişdim, özü belə şeyləri dilə gətirməzdi. Biz gözümüzü açıb onu sayılıb-seçilən dil-ədəbiyyat müəllimi görmüşdük. Amma hərdən özü də ucundan-qulağından danışardı. O da yeri gələndə. İndi danışacağım əhvalatdakı kimi…
12-13 yaşım olardı. Atamın yaxın dostu şair Tofiq Bayram bizə gəlmişdi. Köhnə bir “Zaporojets”i vardı rəhmətliyin. Mən də maşın xəstəsi, bu “Zapı”nın içində saatlarla qurdalanmaqdan, rol fırlamaqdan, siqnal verməkdən doymazdım. Axırda mənim əlimdən aparıb yuxarı məhlədə, “JEK”in qabağında saxladı maşını. Evimiz üzü enişəydi, rəhmətlik ehtiyat eləyirdi ki, birdən mən qurdalayanda yellənər, xatası-zadı çıxar.
Amma maşın məni maqnit kimi çəkirdi. İki gün səbir eləyəndən sonra özümü verdim yuxarı məhləyə. Bir məftil tapıb nəfəslik tərəfdən girişdim ki, qapını açım. Qəfildən kimsə qolumdan tutdu:
– Nağayrırsan, ara, burda, düdük?
Bu məhlədə yaşayan erməni Borikiydi.
– Qolumu burax, qohumumuzun maşınıdır.
– Qohumunuzun maşınıdır? Bəs açarı hanı, məftil salırsan. Bəlkə elə sənsən ə, mənim maşınımı aparan?
Demə, iki gün qabaq Borikin “Qaz-21”ni elə buradaca yarıbmışlar, güman eləyirmiş ki, oğrunu tapıb.
Erməniyə sübut eləyə bilmədim ki, qohumumuzun maşınıdır. Hətta milisə aparmaq istəyirdi, axır dedi səni aparacam evinizə, sübut elə ki, qohumunuzun maşınıdır.
Borikin qolumu məngənə kimi sıxan barmaqları qapımıza çataçatda boşaldı:
– Səbirin oğlusan, ara?
Bayaqdan bu mənim qolumdan yapışmışdı, indi mən onu evimizə sarı sürüməyə çalışıram. Hirsimdən də ağlamaq tutub:
– Gəl də, köpöyoğlu, hara gedirsən?
Borik, atam yaşda bu adam ildırım sürətiylə üzüyuxarı götürüldü.
***
Borikin gözünü atam cavanlıqdıa qırıbmış. Çiskindən-dumandan göz-gözü görməyən bir gecə evə gəlirmiş. Erməni kilsəsi tərəfdə qəfildən bu Borik çıxıb qarşısına: “Öz-özümə dedim gecənin bir aləmində, it havasında bu yəqin kilsədən qumar üstündən durub. Özü kimi beş-altı şarlatanla ora dadandığını eşitmişdim. Gecənin bir aləmi, şəhərdə bayquş ulayır, tutdum bunun xirtdəyindən”.
Borik and-aman eləyir ki, qohumlarıgildən gəlir. Amma bir şapalaqdan sonra boynuna alıb: “Udan adama oxşayırdı. Son qəpiyinə qədər hər şeyi əlindən alıb dalına da bir təpik vurdum ki, bir də səni Allahın evində qumar oynayan görməyim”.
Allahın evində qumar oynayan Borik sonralar həmişə atama deyirmiş ki, həmin gecə sənin əlindən salamat qurtarmağım Allahdan oldu…
Kəllə Sabir Qarabağ adamıydı.
***
Tofiq Bayramın adını çəkdim. Atamla Bakıda bir oxumuşdular. Bizə çox gələrdi, yayda da, qışda da. Qarabağın, Şuşanın dəlisiydi, bakılıydı, amma elə Qarabağ adamıydı.
Bir yol Stepanakert teatrının yubileyinə gəlibmiş. Deyir, mənə də estona, gürcüyə, rusa söz verən kimi söz verdilər:
– Slovo predstavlyayetsya naşemu doroqomu qostyu iz Baku…
Tofiq Bayramın “Ya ne qost, a xozyayin etoy zemli” sözləriylə başlayan o çıxışı iclasda necə pərtlik yaradıbsa, yemək-içmək vaxtı ermənilər onu zəhərləyiblər: “Gecə mehmanxanada gördüm ölürəm. Tez həkim çağırdılar”.
Amma həkimdən qabaq Tofiq Bayramın alovlu çıxışından xəbər tutan dostu, ağdamlı bir vəzifə adamı özünü yetirir: “Yubileydə Ağdamın nümayəndələri də vardı, gedib danışıblarmış. Bu da erməni xislətinə bələd olduğundan gecəynən məni Stepanakertdən çıxarmağa tələsib. Düz vaxtında gəlib çatmışdı. Məni maşına basıb Ağdama qaçırtdı, qoymadı erməni həkim iynə vursun”.
Təəssüf ki, mən o ağdamlı vəzifə adamının kimliyini unutmuşam. Hər kimiymişsə, çox tədbirli adammış. Qarabağ adamıymış.
Tofiq Bayram da elə Qarabağ adamıydı.
21 fevral 2006