İbrahimxəlil
Azərbaycan Yazıçılar Birliyinin 80 illiyində – yazıçıların XII qurultayında gördüyüm Yevgeni Reynin “Şifrovka” (“Шифровка”) adlı cəmi 16 misralıq şeiri var. Həmin şeiri dəfələrlə oxuduqdan sonra vaqifanəlikdə ancaq şairlərin şifrlərlə, venzel-monoqramlarla, Koelyonun “Kimyagər” romanı misallı, namələrlə-məktublarla, əlbəttə, “gizlin yazı”lı namələrlə yaşaya bildiyi və hələ lap uzun müddət yaşaya biləcəyi mənə bir daha ayan oldu. Bakıdan agah qayıdıb düzilqarlı Əyriqar yoluna çıxdım. Əyriqarın bizim dağların bir düzilqarlısı olmağı öz yavuz-yalqız yerində. Yol-ərkan təvazökarlıqdan uzaq düşməsin: Əyriqar həm də Mirzə Qələmin və mənim ədəbi ərazimizdir…
Bakıda mənə bərk yer eləyən hətta bəzi yazıçılar və şairlər üçün də “sistem”in deyil, adların önəm daşıması idi. Yəni nə karvanın, nə qatarın, nə də gəminin vəziyyəti onları qətiyyən maraqlandırmırdı. Onlar ancaq sarvanı, bələdçini və gəmiçini dəyişdirmək istəyirdilər.
Mən qurultaya nə seçkilər üçün, nə də bir qədər arazbarı da olsa, alqışlar (məsələn, Borçalıda adına alma ağacı əkilən, ədəbiyyata namuslu münasibəti ilə seçilən və onda yaşam mücadiləsi verən Vaqif Səmədoğlunu alqışlamaq), ya da tutaşma təpkilər üçün getməmişdim. “Mirzə Qələmin son yarpağı”nda da ötəri toxunduğum kimi, vegetativ-damar distoniyasından əziyyət çəkən Mirzə Qələmin sözünü yerə salmayıb bir növ onun yerinə getmişdim; bu bir. İkincisi, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın bu dəvəti vurulan bir tel, bir şifroqram, bir gizlin yazı-namə, bir “şifrovka” bilib getmişdim Bakıya. Amma sən demə ədəbiyyatı da adi sistemə qoşmaq, bədii həyatı dəbli həyətə çevirmək istəyənlər hələ də çox imiş. Sən Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın bunların – bu şifr-şifroqram müəlliflərinin həsrəti ilə yaşayırsan, unudulmaz İvo Andriç misallı, bu “şifrovka” müəlliflərinin hər birinin təhkiyəsinin canındakı ruhlarını – sıxıntıların da sızdığı ruhlarını – öz arazbarı ruhunda daşıyırsan, bunların bəzilərinin faciəvi fikrində isə ancaq və ancaq Natəvan klubunu yerlə-yeksan eləmək dolaşır… Bir soruşan olmadı ki, qardaş, Sınıq körpünün o üzündə nə var-nə yox, heç olmasa, Əyriqar yerindədirmi?
Onlara Əyriqarda affirmasiyalarla necə yaşadığımızdan söz açmaq istəyirdim; açığı, çox istəyirdim. Qurultayda Gürcüstandan dəvət almış yazarlara söz verilməmək öz “yastıqəlsəməli” yerində. Hələ bu azmış kimi, imzaları üçün arada-sırada sinov getdiyim üç nəfər qələm sahibi isə elə üz göstərdi ki, Mirzə Qələm demiş, hissi idrakım rasional idrakıma qarışdı.
…Yevgeni Reynin “Şifrovka”sına qayıdıram. Bu bilistinad bənd də həmin şifrləmə şeirdəndir:
…а я отвечу вам
фонариком на Морзе.
Летите к берегам
мерцайте на морозе…
Arada-sırada sözlə deyə bilmədiyimizi sazla necə deyiriksə, eynən həmin oxşar minvalla, Sınıq körpünün sıxıntılar dolu bəri üzündə gərək hərdən-birdən Morze əlifbasında, hərdən-birdən şifrlərlə, hərdən-birdən nabəgah namələrlə, hərdən-birdən fənərin sayrışan işığı ilə danışasan; təkcə danışmaq arazbarı azdır, gərək həm də yazasan… Həm də gərək kimsə can Azərbaycan tərəfdən Sınıq körpüyə öz sehrli və şəfalı əlləri ilə sığal çəkə və qeybdən gələn gözəl səstək səs eşidilə:
– Təki siz Sınıq körpünün bəri üzündə sayrışın, titrək də olsa, təki siz işıq saçın, təki sizin işarəli işartınız olsun! Axı burası ədəbiyyatdır! Ədəbiyyatdır (varlıq), amma ədəmiyyət (yoxluq) deyil. Axı bu, doğrudan da kərəmkaranə könül məsələsidir! Yazıçı dostum, “qiyamçı” qardaşım Əlabbas demiş, “…bu gün bizdə ən kasıb kişinin dəstərxanına bənzəyən ədəbiyyat süfrəsinin qırağını qırx beş il əvvəldən tanıdıqlarımın bircəciyi də tərk etməyib”. Bu təsəlliyab tənhalığı tərk eləməkmi olar? Bəs şifrlər? bəs şifraçanlar? bəs zöhrəcəbin zəriflik? Axı başqa cür öz ömrünün, öz həyatının müəllifi necə ola bilərsən? Necə Özün ola bilərsən?..
Qayıdıb Mirzə Qələmə şikayət “ərizə”mi göstərəntək:
– Səndən heç gözləməzdim, – dedi, – elə bilirsən sən incidiyin qələm qardaşların bizdən yaxşı gündədirlər?.. Elə bilirsən Bakı boyda paytaxtda o qədər yazıçı basırığında yaşamaq asandır? Oralarda təki namələri, şifrləri, dəstərxanları yerində olsun!..
P.S. Mən sizə affirmasiyalardan (lat. affirmatio) danışmaq istəyirdim. Sınıq körpünün bəri üzündə Mirzə Qələmə də, mənə də çox kömək olan, özünəinam hissini möhkəmləndirən, psixoemosional fonu yaxşılaşdıran affirmasiyalardan… Özün üçün günü sabahdan ola biləcəkləri indiki zamanda baş verənlər kimi təsdiqləmək, təsdiqləyib altına möhürbənd də qoya bilən affirmasiyalardan… Və affirmasiyaların təkrarlanması zamanı (məsələn: mən yaxşıyam, hər şey öz qaydasındadır, sabah bundan da yaxşı olacaq və sairə) duyğular aləmində zərrə qədər şəkk-şübhəyə, ziddiyyətə yer olmamalıdır. Ona görə də köməkçi nitq hissəsi olaraq “guya” modal sözündən istifadəyə ehtiyac duymadım… Diri və duru qalın!..
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium)