Vahid Qazi
Mətbəxdəki sobanın dəmir tutacağında bərq vuran gün işığı gözümə qəfil düşdü. Şüa telləri mətbəxlə günkeçirməz pərdəsini çəkib filmə baxdığım qaranlıq otağın arasındakı dəhlizi yarıb qapının barmaq eni boyda açıq yerindən ox kimi gəldi.
İynəgözü şüalıq canıyla otaq boyda qaranlığı nura boyamaq istədi.
***
Azərbaycanlı müsəlman qafamız və qəlbimizlə mövqeyi olmayan adamı sevmərik, beləsinə şübhə edərik, inanmarıq. Adamın, xüsusən də o adam kişi xeylağıdırsa, gərək mütləq mövqeyi ola.
“Mövqeyini bildir!” tələbi dövlət idarələrində, siyasi partiyalarda, ictimai qurumlarda, qəzet redaksiyalarında, yaradıcı birliklərdə, hətta sosial şəbəkələrdə belə ən yaxşı işləyən yazılmamış qanundur. Hamı hamıdan bir mövqe tutmağı tələb edir. Əslində burda pis bir şey yoxdu, bir “əmması” olmasaydı.
“Mövqeyini bildir!” tələbi içdən gələn vicdan səsi olanda adama müstəqil qərar çıxarmaq azadlığı verir.
Amma bəzən bu tələb səni seçim qarşısında qoyan rəhbər, lider, nazir, sədr, rəis, direktor, redaktor və başqalarının hökmünə də çevrilir. Bax, onda hər kəs – könüllü, ya könülsüz bir “mövqe səngəri” seçməyə məcbur qalır.
Beləcə, saysız çəpərlər çəkilir, divarlar hörülür, barrikadalar qurulur – beyinlərə kin, nifrət yeridilir, qəlblərə şübhələr əkilir.
Bax, belə ağrılı məqamlarda ayrı-ayrı “mövqesiz” fərdlər, barışdırıcı missiyalı adamlar cəmiyyətin ozon qatına çevrilir. Bir vaxtlar yazdığım “Ozon adamlar” yazısında “ozon adamlar kimdi” sualına cavab var, girib bloqumda oxumaq olar, bir də təkrar yazmayım.
…Aydın Məmmədovu bugünkü gənclik tanımaz yəqin. Haqqında danışan yox, yazan yox, hardan tanısın! Azadlıq mücadiləsi aparılan təlatümlü illərdə siyasi dilimizə “konsensus” kəlməsini gətirən, “orta müxalifət” ideyası irəli sürən bu şəxsi o dövrdə nə müxalifət liderləri sevirdi, nə də hökumət nümayəndələri. Eyni zamanda demək olar ki, həm müxalifət sevirdi, həm də hakimiyyət.
Çünki “mövqesiz” idi, yəni mövcud mövqelərdən birini seçmirdi, öz seçimi, öz mövqeyi vardı – barışdırıcı mövqe!
Azərbaycanın düşmənləri üçün o vaxt ən təhlükəli adam nə müxalifət liderləriydi, nə hökumət rəhbərləri. Təhlükəli adam iki fərqli düşünənləri, az qala düşmən olanları ortaq fikrə gətirib barışdırmağa intellekti, məntiqi, dili və dilçəyi olan Aydın Məmmədov kimi zəka sahibləri idi.
Bakıya təzə gəldiyim illərdə “Azneft çayxanası”nda söhbətlərini dinləyib onun ağlına, məntiqinə valeh olmuşdum. Millət vəkili kimi SSRİ-nin dağılmasına səs versə də müstəqillik aktına imza ata bilmədi, yolu yarıda qaldı, oktyabrın 18-nə – indi Dövlət Müstəqilliyi Günü kimi qeyd elədiyimiz günə 6 ay qalmış müəmmalı qəzada öldü, ya da öldürüldü.
Ondan sonra cəmiyyətdə min-min yeni hasarlar hörüldü, çəpərlər çəkildi. Və bunları sökməyə, cəmiyyətə konsensusa meyilli ideyalar gətirmək istəyən bütün cəhdlərə hücumlar oldu, sıradan çıxarıldı. Qəribəlik də ondadır ki, onlara atəş bütün “səngərlər”dən açıldı.
Belə uğursuz ictimai cəhdlərin sonuncusu “Ziyalılar forumu” oldu. Bir qrup aydın düşünər vicdanın səsiylə ortaya yeni missiya ilə çıxmaq, müstəqil vətəndaş mövqeyi sərgiləmək istədi. Susduruldu!
Bu günlərdə məhkəməsi başlayan Rauf Mirqədirov sıradan jurnalist deyil. O, Qarabağ müharibəsi üzrə müstəqil vətəndaş mövqeyi olan ən ciddi ekspertlərdəndir. Hər özündən deyən erməni siyasətçisi onunla döşləşə bilmirdi. Raufun ədalətli sülh axtarışları yaradıcılıq və fəaliyyətinin əsas hissəsidir. Məgər BMT, ATƏT, başqa Avropa institutları, ölkə prezidentləri də neçə illərdi sülh yollarını tapmaq üçün çabalar vermirmi?
Bu cür təşəbbüslər hər iki ölkədə qınanır, pislənir, təqib olunur. Müharibə ocaqlarını körükləyən yalançı vətənpərvərlərin qəhrəman sayıldığı regionda sülh axtarmaq təhlükəlidir. Sülh istəməklə barış yollarını axtaranları həbs edib susdurmaq bir araya sığmır! Raufun ittiham edildiyi maddəyə gəldikdə isə, məncə, buna kimsə inanmaz, onu tanıyanlar isə heç inanmaz.
Onun həbsi sülh axtarışlarında vətəndaş təşəbbüslərinə köklü zərbə oldu.
Başqa bir “susdurulma” nümunəsindən deyim. Sədrinin həbsiylə gücü, azından, yarıbayarı zəifləyən REAL hərəkatından.
İllər öncəsi siyasət “kiri-pasına” bulaşmayan bir qrup intellektualın cəmiyyətdə yerini bərkitmiş “mövqe səngərləri”nə girmədən REAL adlı hərəkatda birləşib öz iradəsini ortaya qoyduğunu görəndə sevinmişdim. Əvvəl-əvvəl onları orta mövqe tutub konsensus amalı ilə bir xeyli siyasi kəsimi öz alternativ ideyaları ətrafına toplaya biləcəklərinə inanmışdım.
Bu inam ölkənin məhz belə bir qüvvəyə ehtiyacı olduğuna əminlikdən doğmuşdu. Həm də yeni nəsil ictimai fikirdə rəğbət bəslənən kəslər olduqlarından belə ümidlənmişdim. Aralarında Azər Mehtiyev, Rövşən Ağayev kimi dostum olanlar da var, İlqar Məmmədov, Altay Göyüşov, Erkin Qədirli, Natiq Cəfərli kimi çoxdan tanıdıqlarım da.
Onları rasional düşüncə, konsensusa meyillilik, məntiqli arqumentləşdirmə bacarığı, Qərbsayağı siyasi mədəniyyət, aqressiyadan uzaq mülayim tərz fərqləndirirdi.
Amma onlar da gedilmiş yola çıxdılar – “Respublikaçı Alternativ”in “Müsavat” ideyasının eyni mənalı başqa adı olduğunu demirəm, həm də ənənəvi siyasi partiyaların fəaliyyət və mübarizə metodunu təkrarladıqlarını deyirəm.
Qısacası, yeni və fərqli qüvvə olmaq şanslarını qaçırdılar. Siyasi partiyaya çevrilsələr də, intellektuallar klubu olaraq qaldılar.
İmkan darlığı, mühit yoxluğu, ağır şərtlər səbəbindən şanslıların da yarı yolda qalması başa düşüləndir – nə qədər yolda qalan, yaxud hələ də yolda olan yolçuluqlarımız var. Amma fikrimcə, səbəb tək bu deyil.
Siyasət muncuq dənələrini incə davranışla sapa düzürmüş kimi dağda çobanı, bağda bağbanı, rayonda rayon, şəhərdə şəhər adamını, tələbəni, işçini, pensiyaçını öz ideyası arxasınca apara bilmək sənətidir. Siyasət fərqli kütlələrlə qarşılıqlı ünsiyyət qurmaq elmidir. Siyasətin canı kütləviliyindədir.
Siyasətçinin materiyası xalqdır, o, xalqın dilini bilməli, onun anladığı dildə danışmalıdır.
Snobist intellektualları xatırladan bəzi siyasilərin geniş xalq kütləsində uğur qazanması mümkünsüzdür, belələrinin yaratdığı uzaqbaşı siyasi dərnək, klub olar.
İndi “realçılar”ı seçkiyə getməkdə qınayırlar. Qınayanlardan deyiləm, qoy deyim, yüzüncü deməyim olsun – boykot təşkil eləmək, seçki kampaniyası aparmaqdan çətindir. Boykot seçki günü evdə oturmaq deyil. Seçkidə iştirak etsən, ən azından saxtakarlıqları sübut edəcək dəlillərin olacaq.
Amma bəzən nəticəsi öncədən bəlli olan seçkiyə sərf edilən enerjiyə adamın heyfi gəlir. Fikirləşirsən, bəlkə REAL namizədləri seçki kampaniyasına bu qədər vaxt və əmək sərf edincə, Altay Göyüşovun mərhum atası, tarixçi-arxeoloq Rəşid Göyüşovun, məsələn, “Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair” məqaləsini bir neçə dilə çevirib yaysaydılar daha real iş görmüş olardılar?! Qarabağı geri ala bilməməyimiz bir yana, onun tarixən bizim olduğunu belə dünyaya düz-əməlli sübut edə bilmirik.
Yazını yazdığım saatlarda müxalif sosial medianın aparıcı mövzularından biri də REAL-ın həbsdə olan sədri İlqar Məmmədovun türmədə ağır şərtlər altında döyülmə xəbəri oldu. Bu xəbər kimlər üçünsə hər gün oxuduğumuz onlarla işgəncə olayından biridir.
Amma vətənin gələcəyindən narahat adamlar üçün bu, sıradan xəbər deyil, həyəcan siqnalıdır. Hadisədən sarsılıb “Feysbuk” səhifəsində “Мне стало страшно за детей и внуков. За себя не страшно, все-таки 78 лет. А вам не страшно, дорогие жители страны?” sözlərini yazan Rəhman Bədəlov kimi.
Elədi, İlqar Məmmədovları türmədə döydürüb sındırmaq istəyən dövlətin gələcəyi qorxunc görünər!
***
Gün işığı biqəfil qaranlıq otağıma düşən vaxtı dekabristlərdən bəhs edən “Məftunedici xoşbəxtliyin ulduzu” adlı köhnə sovet filminə baxırdım. Sibirə sürgün edilən knyaz Volkonski qayınatasına bunları deyirdi: “Tək ümidimiz xələflərin haqqımızda deyəcəkləri xoş sözlərdi. Amma əgər fəaliyyətim ailə səadətim yolunda əngəldisə, əlimi ürəyimə basıb xoşbəxtliyimdən əl çəkərəm, nəinki əqidə və vəzifəmdən”.
Deyirlər, gün işığını basdırmaq mümkün deyil! Bu, həqiqətdir! O da həqiqətdir ki, bütün aydınlıqlar bir qığılcımdan, bir közərtidən, bir şüadan doğur.
Təki qaranlıqlar işıqladan ziyalarımız olsun!
Mirzə Fətəlidən nurlanan yolumuz mənzilə yetsin! Yolçuluğumuz yarıda qalmasın!