İsmayıl Rafiqoğlu
İlk smartfon ilk sevgiyə bənzəyir, əgər uğurlu model deyilsə, nəsə xoşagəlməz bir hiss yaşamalı olacaqsan. İllər ötdükcə daşa dəymiş ilk sevgi bir xoş xatirəyə çevrilir, işləməyən texnikanın fəsadları isə beyində silinməz iz buraxacaq.
Elə mənim də ilk smartfonum Bakcell mobil operatorunun Azərbaycan bazarına təqdim etdiyi İLK modeli oldu. Zahirən smartfon yaxşı təsir bağışlayırdı, göstəriciləri də pis deyildi, bircə məhz bu operatorun şəbəkəsində işləyirdi. Bakcell-in sifarişi ilə Çinin Huawei şirkətində hazırlanıb. Belə praktika başqa ölkələrdə də var. Məsələn, yalnız bir mobil operatorda işləyən ucuz ayfonlar da satılır, Rusiya operatoru Bilayn da Huawei-in “Bilayn Smart” smartfonunu bazara təqdim edib. Sonralar Bilayn bu smartfonun bir neçə modifikasiyasını da hazırladıb. Özü də cəmi 10-25 dollara satılır.
Bizim bazarda İLK smartfonu 79 manata, yəni devalvasiyadan öncə 100 dollara, hazırda isə manatla eyni qiymətə və ya 75 dollara satılır.
Elə ilk gündən problemlə üzləşdim. Telefon öz-özünə sönürdü. Biz də dözümlü xalqıq, canımız ağrımasa, ölümcül olmasaq, dözürük, həkimə getmərik. Gərək telefon tam qırıla, onda təmirə aparaq. Bir dəfə aparat üçün qoruyucu plyonka almaq istədim, hara getdim, nəticə olmadı. Elə telefonu görüb üzünü turşudan satıcılarla üzləşirdim. Biri plyonka tapacağına söz verdi, harasa getdi, tapıb gətirdi, üzlədi, 3 manatını aldı.
Yayın sonu smartfon tam söndü. Telefonu götürüb Bakcell-in “Neftçiər” metro stansiyası ərazisindəki servis mərkəzinə getdim. Soruşdum, nə edim? Dedilər bilmirik, apar ustaya. Dedim bəlkə bir xidmət mərkəzi var, yenə bilmədilər. Başqa şöbədən bir əməkdaş dedi, get MTS servis-ə, Neft Akademiyasının yaxınlığındadır, kimdən soruşsan, biləcək.
Dedikləri yerə getdim. Bakcell loqotipli dükanların birindən soruşdum, dedilər MTS servis başqa yerə köçüb. Get “İçərişəhər” metrosuna, orada kimdən soruşsan, deyəcək. Mərkəzə getdim, kimdən soruşdumsa, bilinmədi. Düşündüm, bəlkə elə adi telefon ustası baş çıxarar?
Bir telefon ustasına yaxınlaşdım, dedi dərd eləmə, düzəldərəm, axşam zəng vur, gəl apar. Axşam zəng etdim, dedi bir qədər gözləyəsən gərək. Bir həftə gözlədim, usta smartfonu düzəltməyə çalışdı, düzəldə bilmədi. Telefonu alıb, Fontanlar bağındakı Bakcell mərkəzinə girdim. Orada MTS servis-in yerini dəqiqləşdirdim. Bu xidmət mərkəzini çətinliklə də olsa tapıb, telefonu təmirə verdim.
Çox gözlədim, cavab verən olmadı. Qəbzdə göstərilən nömrəyə elə hey zəng edirdim, o da daim məşğuldur. Nəhayət, üç həftə sonra sms gəldi, təmirə görə 24 manat ödəməlisən. Düşündüm, zəng eləmək mənasızdır, getdim mərkəzə, dedim razıyam, təmir edin. Bir-iki gün sonra yenə zəng gəldi, soruşdular bu məbləği ödəyəcəksiniz? Dedim, əlbəttə, sizin ofisdə olmuşam, demişəm ödəyəcəm. Bir həftə sonra zəng etdilər, gəl apar telefonu.
Mərkəzə gedib pulu ödədim, smartfonu götürdüm. Elə həmin axşam smartfon yenə söndü. Qapağını açıb görürəm başqa IMEI kod yazılıb. Düşündüm bəlkə dəyişik düşüb. Yenə telefonu təmirə apardım. Soruşdum mənim telefonumdur? Dedilər hə, sadəcə əsas plata dəyişib deyə başqa IMEI kod görünür. Bəs niyə sönüb? Əşi, avara telefondur, narahat olmayın, lazım gəlsə, bir də platanı dəyişərik, telefonu saxlayın. Yeni qəbz də verdilər.
Telefon hələ də təmirdədir. Nə onlar zəng edir, nə də mən. Səssizlikdir. Azərbaycanda nə qədər yararsız telefon satıldığını bilmək üçün gərək telefon təmir edən mərkəzin qəbul otağında oturasan. Ora o qədər “super” telefon gətirirlər, sözlə demək olmur. Bircə telefon ustası mənzərəni dəqiq bilir.
Mənim İLK smartfonum zay çıxdı, elə mobil operatorun da vecinə deyil, çünki bu operatorun heç servis mərkəzində də qırılan telefonla nə etmək lazım olduğunu əməlli-başlı izah edən yoxdur.
Ola bilər, hələ təmirdən salamat çıxsın. Fransız yazıçısı Jorj Bernanos demişkən, ən böyük ümid ümidsizlik üzərində qələbədir.