Oqtay Qorçu
Hikmət Sabiroğludan yazmaq mənə də qismət oldu…
“Hərə bir şeyin dəlisidir, mən də adam dəlisiyəm…” – bu kəlmələri yazan adam Hikmət Sabiroğludur, artırmadan-əskiltmədən. Hikmət abinin bir ömür yükündən ağır gələn xatirələri, bir kişinin tarixini dolduracaq qədər, onu unudulmaz edən dostları var. Hikmətə dəyər verənlərin, onu istəyənlərin sayı yəqin ki, ona həsəd aparan, əlində Hikmətin qələmini tutmaq istəyənlərin sayından çox olmaz. Hər halda bu mənim şəxsi qənaətimdir. Gördüyümü, eşitdiyimi deyirəm.
Hikmət Sabiroğlunun əla yaddaşı var. Hikmətin bu gözəl, bir az da incik yaddaşının hər addımında, hər enişində, yoxuşunda VƏTƏN və VƏTƏNDAŞ var. Hikmət Sabiroğlunu, bu qarabağlı balasını, ağayana şuşalını əsl azərbaycanlı edən də elə budur. Hikmətin yaddaşından keçib dolanmaq, bir cığır tanımaq mənə də nəsib olub. Demək olar, hər gün özümü bu adama xatırladıram. Vay o adamın halına ki, abimin yaddaşından qopub düşə… Allah göstərməsin!.. Hələ ki, mən öz həddimdəyəm və bizim Hikmət hər dəfə mənim ad günümü birinci təbrik edən kimi könlüm açılır, sevinirəm və Yaradana şükür edirəm ki, Hikmət Sabiroğlu kimi bir adam məni unutmur.
Az qalıram səsim gəldikcə çığırım: “Abi, sənin 50 yaşın var?!”
Və dua edirəm: “Allah bu balaca qardaşına indən sonra 50 il də ömür versin ki, mən hər gün səni eşidim, səndən öyrənim, Hikmət Sabiroğlu. Amin!”
Dəfələrlə şahidi olmuşam. Təsadüfən çöldə-bayırda, xeyirdə-şərdə yoldaşlıq elədiyim, həmsöhbət olduğum şuşalıların yanında Hikmətdən söz salıb deyəndə ki, mən “Kəllə” Sabirin oğlu Hikmətin balaca dostuyam, rəhmətlik Sabir müəllimin adını eşidən kimi az qala dik atılıblar yerlərindən. Hamısı, söz açan hər kəs rəhmət oxuyur o kişiyə. Hikmətin atasından söz açanda ağızdolusu danışırlar. Tanıyanlar, eşidənlər danışır. Deyirlər Sabir müəllim kişi qeyrətli oğul idi. Tanıyanlar deyir Hikmətin, Nazimin atası sıradan bir müəllim deyildi, o həm də Şuşanın tanınmış, fəxr edilən bir ziyalısı idi, üstəlik də cavanlığından böyüklük eləmək düşmüşdü boynuna. Sabir müəllimi camaat həm də sözünün yerini bilməyənin, ona-buna çəmkirənlərin qənimi kimi tanıyıb. Sabir kişinin qorxusundan, zəhmindən onunla üz-üzə gələndə ermənilər Şuşanın ortasında ayaq üstə ölürmüşlər az qala. Sabir müəllimin qorxusundan qarı düşmənin böyükləri, yaşlıları da ancaq onlar üçün göstərilən məkanda oturub-durarmış. Yoxsa ki, Üzeyir bəyin nəfəsi dəyən yaşıllığa, parklara həddi nə idi erməni girib şax otursun… Şuşalılar deyir Sabir elə həmin gün canını alardı həmən erməninin. Hikmət belə bir ailədə böyüyüb, tərbiyə alıb.
Abimin gözəl adı var. Və Hikmətin adının özünəməxsus tarixçəsi də var. Sabir müəllimlə uzun illər dostluq edən Hikmət adlı bir tanınmış kişi olub (o kişiyə də Allah rəhmət eləsin) və oğul atası olanda Sabir müəllim qərara gəlib ki, onun oğlunu da Hikmət çağırmalıdılar. İki məşhur adamın dostluğunun tarixçəsindən üzü bəri gələn bu tale sahibi – adı ölkə boyu tanınan Hikmət Sabiroğlu da tanına-tanına bu günə beləcə gəlib çatıb.
Hikməti tərifləmək də çox çətindir, xeyli qəşəng, ürəyə yatan söz tapmaq olar, amma çəkinirəm, bir də ki, atalar məsəli var, elə yaxşı deyiblər: “Görünən dağa nə bələdçi!” Hikmət Sabiroğlu Azərbaycanın tanınmış ən böyük (ədalətli, vicdanlı kimi də oxumaq olar), bənzərsiz, az-az tapılan dəyərli jurnalistlərindən, yazarlarından biridir. Hikmətin yazdıqlarını heç kim yaza bilməz, onun üçün gərək Hikmətin gördüklərini, taleyini cisminə, ruhuna, düşüncənə sığışdırasan, bu isə mümkünsüz. Buna görə də Hikmət təkdir.
“Abi” deyə çağırdığım Hikmət Sabiroğlunun 50 yaşı tamam olur…
Hikmət əlindən gələni edir, Hikmət böyüklük edir, Hikmət yazmağı öyrədir və Hikmət mənim yazdıqlarımı oxuyub məni sevindirir həmişə. Hikməti dinləməkdən, Hikmətə nəsə danışmaqdan böyük zövq ola bilməz. Hikmətin ağrı-acısı adamın ürəyinə, gözünə çöküb yük salmır ürəyə. Hikmətin dərdi də sevinci kimi işıqlıdır. Hikmət sanki danışdıqlarını axar suya söyləyir ki, qada-bala gətirməsin kiməsə.
Mənim ona verdiyim dəyər, onu necə çox istədiyimi dilə gətirmək hamının bildiyini söyləməyə bənzəyir. Hər kəs, siyasətçi də, iqtisadçı da, sənətçi də, alim də, yazıçı, şair, jurnalist də, tanış polisdən, haqq-salamı kəsməyən sürücülərədək hamı.. Hamı Hikmət Sabiroğlunun necə bir kişi olduğunu yaxşı bilir. Kişinin oğlu başdan-ayağa…
Bu bizim Hikmət Sabiroğludur. Mənim güvəndiyim adam.